Ata, oğul və əmi: adam döyən deputatla yaxınları kimdir? -Bir millət vəkili dosyesi…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bir müddət əvvəl özü mühafizəçini döyməsi ilə gündəmə gəlmiş Lerikin deputatı İqbal Məmmədovun bu dəfə oğlu qoçuluq etmək istəyib. 

Cahan.info yazır ki,
 sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olan bu hadisə 31 dekabrda “Relax” istirahət mərkəzində baş verib. 

Deputat oğlu dava salıb. Bu barədə hadisə şahidləri AzToday.az-a məlumat veriblər. Onlar deyiblər ki, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb.

Deputatın oğlu “butulka” ilə iranlının birinin başına zərbə endirib, digərini isə möhkəmcə döyüb.Deputat açıqlamasında məlumatı təkzib edib.

O bildirib ki, bayram günlərində özü də “Relax”da olub və məlumat həqiqətəuyğun deyil: “Mən özüm də orada olmuşam, ailəvi bayramı rayonda qeyd etmişik. Oğlum heç kəslə dalaşmayıb və deyilənlər yalandır”.

”Relax” İ.Məmmədov tərəfindən idarə olunur. Yada salaq ki, deputat “Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olaraq orada mənzil aldığını və həmin mənzil üçün qapı gətirdiyini demişdi. 

Lakin binanın mühafizəçisi Ramazan Priyev deputata şirkətin icraçı direktoru Adil Hüseynovu gözləməyi məsləhət görmüşdü. Mühafizəçinin bu sözündən qəzəblənən deputat ona yaxınlaşaraq, sillə ilə üzünə bir neçə dəfə vurub və təhqir etmişdi.

Görünür ki, oğul da atasına çəkib. Millət vəkili övladının turistləri döyməsi iddiasını təkzib etsə də, “od olmayan yerdən tüstü çıxmaz” deyiblər. 

O baxımdan birdən-birə İ.Məmmədovun medianın gündəminə gəlməsi təsadüfə oxşamır. Üstəlik, “Relax” illərdir ki, millət vəkilinin nəzarətindədir. 

Bir neçə il əvvəl isə Lerikin Piran kənd sakini Elsevər İbrahimovbeton zavodunda döyüldüyünü bildirmişdi. E.İbrahimovun sözlərinə görə, bu müəssisələr Lerik rayonundan deputat seçilmiş İqbal Məmmədovun qardaşı Çingiz Məmmədova məxsusdur. Elsevər də bu müəssisələrin birində – betonzavodda sürücü işləyir. Onu döyən də deputatın qardaşı Çingiz Məmmədov olub. O, döyülməsinin səbəbini belə izah edir: 

“Saat 11 radalərində məni göndərdilər ”Relaks”a, yük göndərməyə. 

Saat 3-ə işləmiş qayıdıb gəldim, nahar da etməmişdim. Bir də gördüm ki, zavodun müdiri Çingiz məni yanına çağırır. Mən də gəldim. 

Gördüm bir nəfərlə söhbət edir, gəldim, qaldım onun yanında. 

Birdən mənə tərəf dönüb “Küçük, bu nə təhər duruşdu, qalmısan yanımda” deyərək, qəfildən bir sillə vurdu, sonra da boğazımdan tutub yıxdı yerə. Sonra ətrafdakılar bizi zorla ayırdı, mən də çıxıb getdim evə”.

O deyir ki, döyüldükdən sonra heç bir səbəb göstərilmədən işdən də qovulub. Elsevər döyülməsinin səbəbini bu günə qədər dəqiq bilmir. 

Göründüyü kimi, Məmmədovlar qoçuluqda, adam əzişdirməkdə, gücsüz, kimsəsiz insanları şil-küt eləməkdə mahirdilər. Onlar vəzifələrinə, pullarına güvənirlər. 

Amma unudurlar ki, bu ölkədə harınlıq edən məmurlar, onların övladları ən ağır şəkildə cəzalandırılıb. Prezident dəfələrlə onlardan özlərini yığışdırmağı tələb edib.

Bu xəbərdarlıqları qulaqardı edənlər isə həbsə göndərilib, vəzifədən azad edilib, karyerası bitirilib. Üstəlik, dövlət başçısı ölkədə turizmin inkişafının vacibliyi qeyd edir, buna şərait yaradır. 

Amma deputat oğlu iranlı turistlərə qarşı kobudluq etməklə Azərbaycanı gözdən salmağa çalışır. 

Məmurlar və övladları insanlara nümunə olmalıdırlar. Amma üç fakt göstərir ki, ata, oğul və əmi ayrı-ayrı dövrlərdə adam döyməklə ad çıxarmaqda həvəslidirlər.

Related Articles

+994 50 295 94 79
top