Hüseynqulu Bağırovun Bakıdakı otelləri və digər əməlləri

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov barədə yeni faktlar aşkarlanıb.
Yenilik.az “virtualaz.org”a istinadən xəbər verir ki, nazirin ailə üzvlərinin adına olan və Avropa ölkələrini, Türkiyəni əhatə edən çoxşaxəli biznes şəbəkəsi barədə dərc edilən, sənədlərə, təkzibolunmaz dəlillərə əsaslanan araşdırmalardan sonra onun qohumu olan keçmiş həkim Abbas Zeynalov müraciət edib.
O, keçmiş nazirin əməlləri barədə sensasion faktları açıqlayıb.
Abbas Zeynalov özünün dediyi kimi Hüseynqulu Bağırovun illərdir ona yaşatdığı stress ucbatından onkoloji xəstəliyə düçar olub. Hazırda ölümlə mübarizə aparır və deyir ki, həkimlərin rəyinə görə ömrünün sonuna bəlkə də aylar qalıb. Amansız xəstəlik ona qalib gəlmək üzrədir.
Beləliklə, A.Zeynalov deyir ki, o Hüseynqulu Bağırovun ögey xalası oğludur və keçmiş naziri hələ uşaqlıqdan yaxşı tanıyır. “Onun adı əslində Sonqulu idi, sonralar dəyişib Hüseynqulu yazdırdı”-Zeynalov deyir.
A.Zeynalov bildirir ki, əvvəllər həkim işləyib, sonradan isə “hamı kimi” o da qərara alıb ki, biznesə başlasın. Və Hüseynqulu Bağırovun ekologiya və təbii sərvətlər naziri təyin olunmasından az sonra, təxminən 2000-ci illərin ortalarında Bakıda onun təklifi ilə otel tikintisinə başlayır.

A.Zeynalovun danışdıqlarından: “Bakı Dövlət Sirkindən bir az aşağıda, “Təzə bazar”ın yaxınlığında çoxillik ağaclardan ibarət park var idi. Orada çayxana fəaliyyət göstərirdi, əsasən “Qorotdel”İn (Bakı Baş Polis İdarəsi) əməkdaşları yığışırdı
Bir gün Sonqulu dedi ki, gəl şərik olaq, bu parkın yerində otel tikdirək. Mən təəcübləndim, dedim bəs ağaclar necə olacaq? Dedi sənlik deyil, onu mən həll edəcəm.
Ona inandım, dedim nazir adamdır, yəqin boşuna söz deməz. Doğrudan da bir gecənin içində parkdakı 80-dən artıq çoxillik ağacı kəsdirdi, yox elədi. Başladım “Central Park” adlı otelin tikintisinə.
Çayxananın sahibi ilə hallalaşıb pulunu verdim, yaxınlıqda yaşayan sakinlərdən narazılıq edənlər vardı. Onları da razı saldım. Haradasa 5 mərtəbəyə qədər tikmişdim ki,
Sonqulu məni çağırdı. Dedi nüfuzlu adam var, bu layihədən xoşu gəlib. Ona görə də sən çəkil, işləri təhvil ver. Etiraz etmədim, dedim olsun, amma çəkdiyim xərci gərək ödəyəsən. Dedi narahat olma, nə qədər xərc çəkmisənsə ödəniləcək”.
Keçmiş nazirin qohumu deyir ki, otel tikintisini müqavilə əsasında H.Bağırovun göndərdiyi başqa şirkətə təhvil verib. Amma aradan xeyli keçsə də çəkdiyi xərc (təxminən 500 min dollara yaxın) ödənilməyib.
Nazir hər dəfə bir bəhanə gətirib, pulların ödəniləcəyini deyib. Nəhayət otel tikintisi tamamlanıb və günlərin birində Zeynalov obyektin yanından keçəndə H.Bağırovun oğlu Lətifi orada görüb.
“Dedim Lətif, bala, burda nə edirsən? Dedi atam bu oteli mənə verib, bura bizimdir. Heyrətə gəldim, axı Sonqulu mənə o vaxt tamam başqa şey demişdi.
Zəng vurdum ki, Sonqulu, bu nə məsələdir, oteli özünə tikdirmisənsə bəs mənim pulumu niyə ödəmirsən? Kobud cavab verdi, hədələdi ki, başına oyun açdıraram, nə pul, nə filan…”-Zeynalov deyir.

Keçmiş nazirin qohumu danışır ki, Hüseynqulu Bağırovdan dəfələrlə pullarını tələb etsə də nəticəsi olmayıb. Əvəzində isə nazir onun Quba rayonunda hələ sovet dövründən fəaliyyət göstərən “Orman” adlı mövsümi istirahət mərkəzini yerlə bir etdirib.
“Bir gecənin içində sökdülər, dedilər guya qanunsuz imiş. Hansı ki, obyektin hələ sovet hökumətinin dövründən qanuni icazəsi , bütün sənədləri var idi. Amma Hüseynqulu Bağırovun göstərişi ilə heç bir məhkəmə qərarı olmadan 2016-cı ildə sökdülər”-Zeynalov bildirir.
Bu da yetməyib, H.Bağırov öz qohumunun barəsində hansısa qurama ittihamla cinayət işi də açdırıb. Həmin cinayət işi üzrə Zeynalovu həbs etməsələr də xeyli get-gələ salıblar. Proses Bağırov nazir vəzifəsindən azad edilənə qədər davam edib.

“Azərbaycanda Sonqulu kimi korrupsioner, tamahkar və hiyləgər ikinci məmur tanımıram. Onun əməllərinin üzə çıxmasını illərdir gözləyirdim. Axırda haqq yerini tapdı.
Avropadakı, Türkiyədəki biznesi üzə çıxdı. Mən deyərdim ki, açıqladığınız bu faktlar hələ aysbergin görünən tərəfidir”-Zeynalov deyir.
O bildirir ki, Bağırovlar ailəsinin Avropadakı və Türkiyədəki çoxsaylı şirkətlərində payçı kimi adı keçən Liana Bağırova keçmiş nazirin arvadıdır. Və Hüseynqulu Bağırovun biznes imperiyasını idarə edən əsas fiqurdur.
Keçmiş nazirin bacısı, onun ailə biznes imperiyasına daxil olan Qərb Universitetinin vitse-prezidenti statusunu daşıyan Duriyyə Nuriyeva isə Zeynalovun dediyi kimi “adi, biznesdən-filandan başı çıxmayan” qadındır.
Sadəcə keçmiş nazirin korrupsiya sxemlərinə alət edilib. 

“Həmin “Central Park Baku” otelindən başqa İçərişəhərdəki “Old City İnn” oteli də Hüseynqulu Bağırovundur, oğlunun adına açdığı şirkət tərəfindən idarə olunur. Çoxsaylı başqa obyektləri, villaları da öz yerində.
Təkcə bir məlumatı deyim ki, Hüseynqulu “Şahdağ” dövlət qoruğu ərazisində malikanə tikdirmək üçün “Sədərək Yusifə” (“Sədərək” Ticarət Mərkəzinin sahibi) yeri 1 milyon manata satmışdı. Hansı ki, o əraziyə daxil olmaq belə qadağandır.
Qoy gedib araşdırsınlar ki, dövlət qoruğunun ərazisində malikanəni hansı əsasla, icazə ilə tikiblər”-Abbas Zeynalov deyir.
Zeynalov qohumunun əməlləri barədə çox danışdı və onun danışdıqlarının bir qismi ailə məlumatlarına aid edildiyindən dərc etmədik. Hərçənd bu məlumatların bir çoxunun arxasında cinayət izləri görünürdü…

Related Articles

+994 50 295 94 79
top