Teatrın direktoru “Nəsimi ili” ilə bağlı fikirlərini bölüşdü

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Yenilik.az böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə başçısının Sərəncamına tanınmış rejissor, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin də münasibətini öyrənib.

“Hörmətli cənab Prezidentimizin 2019-cu ili “Nəsimi ili” elan etməsi haqqında tarixi qərarı Ulu Öndər Heydər Əliyevin xalqımız üçün gördüyü işlərin uğurlu davamı, milli mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir. Bu addım Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması, təbliği baxımından çox böyük töhfədir. Uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzində olan, milli-mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan Nəsimi irsi bundan sonra daha geniş şəkildə araşdırılacaq, xüsusilə, incəsənətin bir çox janrlarında Nəsimi mövzusunda yeni-yeni əsərlərin meydana gəlməsinə təkan verəcək.

Hələ ötən ilin oktyabr ayında VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın aparıcı simalarının Nəsimi yaradıcılığı ilə yaxından maraqlanmaları, onların Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunan Xalq artisti, bəstəkar Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” adlı balet-tamaşasını heyranlıqla izləmələri göstərdi ki, biz Nəsimini bütün dünyaya tanıtmalıyıq.

Düşünürəm ki, Prezidentin yeni Sərəncamı bütün yaradıcı kollektivlərin çiyinlərinə düşən məsuliyyəti daha da artıracaq – mədəniyyətimiz üçün əhəmiyyətli şəxsiyyət, qüdrətli söz ustası Nəsimi haqqında ilboyu keçiriləcək tədbirlərin gedişatında fəal iştirak etmək, yeni səhnə əsərləri hazırlamaq, yeni layihələri reallaşdırmaq və geniş auditoriyaya təqdim etmək ümdə vəzifəmiz olmalıdır”-deyə Ə.Lalayev bildirib.

Related Articles

+994 50 295 94 79
top