“Günay Bank”ın aktivlərindəki “müəmmalı əmlak” 3 ilə satılmalıdır: Hesabat

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

2018-ci ilin əvvəlində bankın rəhbər şəxslərindən birinin deposit hesabından külli miqdarda pulu çəkməsi ilə gündəmə gələn “Günay Bank”ın fəaliyyətinə bu informasiyalar təsirsiz ötüşmədi. Bakın gösətricilərinin əksəriyyətində 2017-ci ilə nisbətən azalma müşahidə olunur.

Aktivləri azalıb

“BI” xəbər verir ki, “Balans hesabatı”na görə, 2018-ci ilin son rübünə “Günay Bank”ın aktivləri 191 milyon 201 min manat olub, bu isə illik müqayisədə 0,5% azdır. Aktivlərin strukturunda diqqətçəkən məqamlar çoxdur. Bunlardan biri odur ki, bank müştərilərə 123 milyon 172 min manat həcmində kredit verib və kreditlər üzrə 22 milyon manat həcmində ehtiyat yaradıb. Müqayisə aparsaq, 2017-ci ilə nisbətdə 2018-ci ildə Bankın kredit portfeli 7,8% böyüyüb.

Bank vəsaitlərinin 6 milyon 735 min manatını Mərkəzi Bankdakı müxbir hesabında, 1 milyon 641 min manatını xarici bankda, 11 milyon 365 min manatını isə nağd şəkildə saxlayır. Bankın aktivlərinin 13 milyon 559 min manatı daşınmaz əmlak kimi – binalardır.

25 milyon 500 min manatlıq əmlak necə peyda olub?

Aktivlərin strukturunda diqqət çəkən isə 25 milyon 500 min manat dəyərində olan binalardır. Bakın hesabatında qeyd edilir ki, bu əmlaklar bank işində istifadə olunmur və bank tərəfindən vaxtı keçmiş ödəmələrə görə götürülən daşınmaz əmlakdır. Başqa sözlə, bankdan kredit götürülüb və onu qaytarmayan şəxsin qoyduğu girov – bu halda daşınmaz əmlak bank tərəfindən alınıb. Qeyd edək ki, bankın 2018-ci ilin yanvar-fevral-mart aylarını əhatə edən hesabatında belə bir aktiv maddəsi öz əksini tapmayıb. Xatırlayırsınızsa, “Günaybank”ın sabiq sədr müavini Emin Zeynalovun bankdan 100 milyon manat həcmində pul mənimsədiyi bildirilmişdi. Bundan sonra isə Zeynalovlara məxsus şirkət və binaların satışa çıxarılması xəbəri yayılmışdı. Məhz ikinci rübün nəticələrindən başlayaraq Günaybank-ın aktivlər bölməsində bank işində istifadə olunmur və bank tərəfindən vaxtı keçmiş ödəmələrə görə götürülən daşınmaz əmlak peyda olmağa başladı. 2018-ci il iyulun 1-nə olan göstəricilərə görə, burada olan əmlakın dəyəri 13 milyon 500 min manatdır, 2018-ci ilin sonuna isə bu rəqəm 25 milyon manata yüksəlib.

Həmin əmlaklar 3 il ərzində satılmalıdır

Əlavə olaraq, qeyd edək ki, ümumiyyətlə kreditlər adətən daşınmaz əmlak girov götürülür. Götürülən pul vətəndaş tərəfindən geri ödənmirsə, bu vaxt bank məhkəməyə müraciət edir. Məhkəmədə ödəmə daşınmaz əmlaka yönəldilir. Həmin əmlak hərracda satışa çıxarılır və bu zaman bankın özü də ala bilər və bu halda onun balansına keçir.

Bank həmin kredit məbləğini kredit portfelindən- aktivlərdən silir, onun dəyərində aldığı əmlakı balansa götürür. Bank işində istifadə olunmayan əsas vəsait ona görə adlanır ki, həmin əmlakı bank öz işi üçün istifadə etmir, sadəcə olaraq kreditin qarşılığında götürüb və onu 3 il ərzində sataraq realizə edərək, kredit qalığını bağlamalıdır. 3 il ərzində sata bilmirsə, Mərkəzi Banka müraciət etməli, əsaslandırılmış qaydada və əlavə 1 il ərzində möhlət götürür. 3 il ərzində həm də həmin binalara amortizasiya hesablanır. Ümumiyyətlə bankın aktivlərində öz fəaliyyətində istifadə olunmayan əmlakın dəyərinin şişməsi, əslində bankın kredit portfelinin problemli vəziyyətdə olduğunu göstərir.

Depozit portfeli kiçilib

2018-ci ilin hesabat dövründə “Günay Bank”ın öhdəlikləri 1,6% azalaraq 129 milyon 857 min manata düşüb. Bunun 70 milyon 461 min manatı müştərilərin depozitləridir. Depozitlər arasında fiziki şəxslərin müddətli depozitlərinin həcmi 49 milyon manat təşkil edir. Bankda hüquqi şəxslərin müddətli depozitləri cəmi 5 min manatdır. Ümumilikdə ötən il Bankın depozit portfeli 18,1% kiçilib.

Maliyyə qurumu Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyini isə 1,6% azaldaraq 6 milyon manata endirib. İl ərzində “Günay Bank”ın balans kapitalı 1,8% artıb və 61 milyon 344 min manat olub.

Mənfəəti 3 dəfə düşdü

Valyuta mübadiləsi əməliyyatlarında daha aktiv iştirak edən ikinci bank kimi “Günay Bank”ın 2018-cin sonundakı mənfəət açıqlaması 2017-ci ilə nisbətən 68,5% azdır. Bankın 31.12.2018-ci il tarixli hesabatına görə, bankın mənfəəti 1 milyon 29 min manat olub. “Günay Bank”ın gəlirləri 18 milyon 96 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 888 min manat, qeyri-faiz gəlirləri 9 milyon 208 min manat, xərcləri 11 milyon 31 min manat, o cümlədən faiz xərcləri 4 milyon 25 min manat, qeyri-faiz xərcləri 7 milyon 285 min manat olub. Bank 5 milyon 498 min manatı xüsusi ehtiyatlara ayırıb, mənfəətdən vergisi də ödəməyib.

Related Articles

+994 50 295 94 79
top