Arif Alışanova qarşı “saxta boşanma” ittihamı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 4
    Shares

Vəkil “bununla məhkəməni aldada bilməyəcək” deyir; Azad İsazadə: “Saxta boşanma sovet dövründə daha geniş yayılmışdı”

AzTV-nin sədri vəzifəsindən azad olunan Arif Alışanovun ailə həyatında da problemlər yaşanmağa başlayıb. Mətbuatda məlumatlar gedib ki, A.Alışanovun xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb. Bildirilir ki, bu ayrılıq prosesi Alışanovun işdən çıxarılmasından bir qədər öncə baş tutub.

Mehriban Alışanova hazırda Hesablama Palatasının 5 auditorundan biridir. Onların bu evlilikdən 3 övladı var.

Qeyd edək ki, boşanmaya səbəb kimi maraqlı versiyalar səslənir. Məlumatlardan birində qeyd edilir ki, Arif Alışanovun həyatındakı xanımlar, içki məclislərindəki rəftarı onun ailəsində ciddi narazılıqların yaranmasına səbəb olub.

Keçmiş sədr həmçinin bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı kifayət qədər ciddi ittihamlar səslənmişdi.

Alışanovun keçmiş ortağı və sonradan şikayət edərək həbs etdirdiyi Şücaət Əkbərov Alışanovla bağlı sensasion faktlar açıqlamışdı. Maklerlik fəaliyyəti göstərən Ş.Əkbərov demişdi ki, Arif Alışanov Şamaxıya torpaq almağa gəzdiyi bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham etmişdi.

A.Alışanovun boşanması ilə bağlı xəbərlər yayılan gündən daha çox müzakirə olunan məsələ isə bunun saxta boşanma olmasıdır. Neyçün ki, dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda imkanlı şəxslər əmlaklarının müsadirə olunacağı ehtimalı olanda dərhal boşanma variantına əl atırlar. Bu halda əmlak həyat yoldaşının adına keçirilir və bu zaman onları sığortalamış olurlar. Məhkəmə eks-həyat yoldaşının adına keçirilmiş əmlaklara əl qoyulması ilə bağlı qərar verə bilmir.

Vəkildən aydınlaşdırma: “Saxta boşanma ilə məhkəməni aldatmaq olmur”

Amma adının çəkilməsini istəməyən vəkil “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, saxta boşanma bütün hallarda əmlak məsələsinə görə baş verir. Amma müsahibimizin sözlərinə görə, bəzən  hökmlərlə hətta müttəhimin qardaşının, əmisi oğlunun adına olan əmlakı da əlindən alırlar. Konkret eks ər-arvad məsələsinə gəlincə, birgə yaşayış dövründə əldə edilmiş əmlak ümumi sayılır. Kimin adına olmasından asılı olmayaraq, əmlak birgə yaşayış dövründə əldə edilibsə, bu, ümumidir: “Bəzi adamlar elə düşünürlər ki, bu addım onları sığortalayır. Amma əslində boşanmaqla məhkəmələri aldatmaq olmur”.

Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Belə aydın olur ki, Alışanov başına gələcəklərdən xeyli öncə xəbərdar imiş, hələ səd vəzifəsində olarkən boşanmağa qərar verib.

Azad İsazadə: “Saxta boşanma ilə real boşanmanın fərqini tutmaq mümkün deyil”

Psixoloq Azad İsazadə isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, saxta boşanmaların heç bir psixoloji aspekti yoxdur. Onun sözlərinə görə, cütlüklər bundan hansısa formada xeyir qazanmaq istəyirlər: “Saxta boşanmaqla real boşanmanı fərqini tutmaq mümkün deyil. Bu, onların seçimidir və belə qəbul edirlər. İstəyirlər, nikahda yaşayırlar, istəyirlər boşanıb birgə yaşayırlar. Saxta boşanma və nikahların hüquqi aspektləri daha çoxdur. Saxta nikahlar xaricdə vətəndaşlıq, viza almaq üçün daha çox həyata keçirilir. Bununla bağlı çoxlu sayda Amerika filmləri var. Ekspertlər bunu araşdırıblar. Məhkəmə ekspertizasında ekspertlər olsa bəlkə də bunu müəyyənləşdirə bilərlər”.

A.İsazadə eyni zamanda dedi ki, saxta boşanma daha çox sovet dövründə də var idi. Məsələn, mənzil almaq üçün ailə saxta formada boşanırdı, amma ər-arvad bir yerdə yaşayırdı: “İndi də bu hallar var. 12 min boşanmanın içində 2-4 min bəlkə daha çox saxta ayrılma ola bilər. Belə hallarla da rastlaşmışam ki, real boşanırlar və bir neçə ildən sonra barışıb bir yerdə yaşayırlar. Amma növbəti dəfə nikah bağlamırlar”.

Yunanlar və türklər saxta boşanma lideridir

Saxta boşanma dünya ölkələri arasında daha çox Yunanıstanda və Türkiyədə özünü göstərir. Məsələn, son illər Yunanıstanda boşanma halları 20 faiz artıb. Ölkədəki mühasiblər və vəkillər boşanmalar haqqında danışanda “saxta” və “vergi” ifadələrindən daha çox istifadə edirlər. Bu trendi illər öncə çox sayda uşaqları olan qaraçı cütlüklər başladıb. Onlar vergi ödəmədən dövlətdən böyük miqdarda sosial yardım alırdılar. İndi isə ildə təxminən 30 min avro gəliri olan orta sinif ailələrdə də eyni şeyi görə bilirik. Vergi boşanmaları trendə çevrilib. Yunanıstan qanunlarına görə, boşanmış, ya da boşanma tələbi irəli sürən cütlüklər yenidən sosial yardım tələbi edə bilər və 50 faiz daha az vergi ödəyirlər. Bundan başqa, banklar boşanmış cütlüklərin evlərinə və ya iş yerlərinə hacizə gəlmirlər. Bu şəxslərin elektrik, su və qaz xərclərindən böyük miqdarda endirim əldə etmək haqları da var. Yunanıstanda vergi qanunlarına edilən son dəyişikliklərə görə, aylıq gəlirləri 1000 avrodan çox olan cütlüklər isə sosial yardım müraciəti edə bilmirlər. “Times” nəşri bu səbəbdən ölkədə minlərlə ailənin gedərək artan qaz xərclərini ödəmədiklərini və soyuqda yaşadıqlarını yazıb.

Türkiyədə isə saxta boşanmalar bir səbəbə görə baş verir. Belə ki, insanlar ölmüş ata-analarının maaşlarını, təqaüdlərini almaq üçün saxta boşanma saxtakarlığı edirlər. Amma bunu ölkənin Sosial Güvənlik Komitəsi asanlıqla təsbit edir. Hər boşanan cütlük həssaslıqla araşdırırlır və saxtakarlığa yol verdikləri halda ciddi cəzaya məruz qalırlar.


“Yeni Müsavat”

Related Articles

+994 50 295 94 79
top