QAZAX SƏHIYYƏSINƏ DƏ “BIR QUŞ”…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

O halda düşüncələrimizdə yanıldığımızı hiss etdik və belə bir qənaətə gəldik ki, artıq bu rayonun səhiyyəsinin “dağlarına da qar yağıb” 

Respublikamızın əksər səhiyyə müəssisələrində yaşanan acınacaqlı durumun varlığı, bu gün tam əksəriyyətin ən “yaralı yeri”dir desək, heç də yanılmarıq. Hal-hazırda çoxsaylı problemlərin yaşandığı, hər cür özbaşınalığın, haqsızlığın, soyğunçuluğun və s. tüğyan etdiyi səhiyyə müəssisələrindən biri də, Qazax rayon səhiyyəsidir. Düzdür, neçə il idi ki, tam əksəriyyətin düşüncə tərzində, fərdi yanaşmasında bu rayon haqda fərqli yanaşma mövcud idi. Buna da əsas səbəb RİH-nin başçısı cənab Rəcəb Babaşovun hər kəsə, o cümlədən səhiyyə sahəsində çalışanlara da “barmaq silkələməsi” qeyd olunurdu. Həqiqət naminə etiraf edək ki, biz də bu yöndə məlumatlara malik idik və Qazax rayonunda yaşanan ab-havanın varlığı haqda, hətta bir çox çox yerlərdə müəyyən təbliğat da aparırdıq. Amma son günlər, ələlxüsus 12 fevral 2019-cu il tarixdə, saat təqribən 20-21 radələrində rayonun Uşaq Xəstəxanasında yaşanan biabırçılıqlar haqda məlumatları eşitdikcə, sanki dəhşətə gəldik. O halda düşüncələrimizdə yanıldığımızı hiss etdik və belə bir qənaətə gəldik ki, artıq bu rayonun səhiyyəsinin “dağlarına da qar yağıb”. Belə ki, dünən axşam saatlarında rayonun İkinci Şıxlı kənd sakini Orucov Zaur Məmməd oğlu 7-8 aylıq körpəsinin səhhətində əmələ gələn ciddi problemlərlə bağlı, onu adı çəkilən səhiyyə müəssisəsinə çatdırır. Həmin vaxt o, nəinki həkim səhlənkarlığının, hətta həkim soyğunçuluğunun ən eybəcər anları ilə də üz-üzə qalır. Yəni, Zaur Orucov övladını Qazax rayon Uşaq Xəstəxanasına çatdırsa da, azyaşlı körpəyə heç bir ilkin tibbi yardım göstərilmir. Xoşagəlməz hal o olur ki, xəstəxanada növbətçi olan İsmayıl həkim Zaur Orucova “Baş həkimin icazəsi olmadan biz hər hansı addımı ata bilmərik. Çünki, xəstəxanada uşağa ilkin yardım göstərmək üçün heç bir dərman, heç bir iynə yoxdur” deyir. O halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən həmin günə kimi dövlətin bu səhiyyə müəssisəsinə ayırdığı dərman preparatlarını kim(lər) “qeybə çəkirlər?”

Həmin saatlarda daha biabırçı halın varlığı isə, Zaur Orucovun heç bir dərmanın, iynənin tapılmaması səbəbindən, xəstəxana ilə üzbəüz fəaliyyət göstərən aptekə göndərilməsi olur. Çünki, axşam saatlarında xəstəxananın növbətçi həkimlərindən olan Ülkər xanım 7-8 aylıq körpənin ağır durumda olduğunu görür və teztələsik “resept” yazaraq, onu aptekə göndərir. Hətta, o, Zaur Orucova “Birdən çaşıb dərmanları başqa aptekdən alarsan ha” deməklə, bərk-bərk tapşırığını da verir. Belə bir halın varlığı onu söyləməyə əsas verir ki, deməli Qazax rayon Uşaq Xəstəxanasına dövlət tərəfindən verilən dərman pereparatları həmin aptekdə satışa çıxarılır ki, Ülkər xanım körpənin valideyninə belə bir mükəmməl tapşırığını verir. Əgər bu belə deyilsə, yəqin ki, o halda Üzeyir Vəliyevin rəhbərlik etdiyi bu səhiyyə müəssisəsində çalışan həkimlərdən hansısa biri, məhz belə bir riskli davranışa, belə bir riskli tapşırığa qol qoymazdı.

Bütün bunlar da onu göstərir ki, hal-hazırda Qazax rayon səhiyyəsində hər cür anarxiya, özbaşınalıq və qanunsuzluq halları tüğyan etməkdədir. Baş verənləri təhlil etməklə belə bir qənaətə gəlmək mümkündür ki, artıq bu rayonun səhiyyə müəssisələrinin “başbilənləri”, o cümlədən uşaq xəstəxanasının baş həkimi Üzeyir Vəliyev də, Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşovun “domokl qılıncı”ndan ya ehtiyat etmir, ya da ki, heç bir halda onu saya salmır. Əgər bu belə olmasayda, deməli ən azından həmin vaxt adı çəkilən səhiyyə ocağında 7-8 aylıq körpəyə ilikin tibbi yardım göstərmək üçün, hansısa dərman və s. tapılardı. Deməli, … Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.(deryaz.az)

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Deryaz.Az

Related Articles

+994 50 295 94 79
top