Zaqatala Müalicə Diaqnostika Mərkəzində dərəbəylik… – dializ prosedurları necə aparılır?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanda bir çox sahələrdə olduğu kimi səhiyyə sisteminin də xeyli inkişaf etdiyi deyilir. Bunu yeni açılan tibb müəssisələri, müasir tələblərə cavab verən, ən son texnologiya və avadanlıqlarla təchiz olunmuş müasir klinikalarda olarkən əyani görmək o qədər də çətin deyil. Çünki son model tibbi avadanlıqlar adamın lap gözünə girir. Müasir tələblərə cavab verə bilən tibb müəssisələrinin təkcə paytaxtımızda deyil, rayon mərkəzlərində də yenidən qurularaq vətəndaşlarıın istifadəsinə verilməsini sevindirici hal hesab edənlər də az deyil. Məsələn Zaqatala rayonundakı Müalicə Diaqnostika Mərkəzinin açılışını buna misal göstərmək olar.

2008-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilmiş Zaqatala Müalicə Diaqnostika Mərkəzində 200 nəfərə yaxın tibb heyəti xidmət göstərir. 6 şöbəsi olan mərkəz Almaniyanın “Simens” firmasından alınmış ən müasir tibbi avadanlıqlarla ilə təchiz edilmişdir. Şüa-diaqnostika, cərrahiyyə,və reanimasiya şöbələri ilə yanaşı burada tək Zaqatala deyil, xroniki böyrək çatışmazlığından əziyyət çəkən ətraf rayon sakinlərinin də təcili kömək üçün Hemodializ şöbəsi də yaradılıb. Yəni Şəkidə, Qaxda, Balakəndə yaşayan kasıb rayon sakinləri paytaxt Bakıya uzaq yol qət edib, əlavə pul xərcləməsinlər deyə.

Bəs görəsən sözügedən tibb ocağı kasıb sakinlərin onlara olan ümidlərini doğrulda bilirmi? Baş həkim Nəriman Əfəndiyevin təbirincə,hə. Baş həkim deyir ki, burada elə şey ola bilməz. “Elə şey” deyəndə nəyi nəzərdə tutur, görəsən baş həkim? Amma Aktualinfo.org-a verilən məlumatlara görə orada hər şey olur, özü də baş həkimin rəhbərliyi ilə.

Məlumatlara görə mərkəzin şüa – diaqnostika şöbəsinin, rentgen otaqlarının qapıları müasir avadanlıqlar olduğuna görə adamlarla daim dolu olur. Otaqlarda USM həkimlərindən başqa bir nəfər də olur ki, onların vəzifələri bu otaqlara girən xəstələrin sayını yazmaqdan ibarətdir. Bununla da baş həkim gün ərzində neçə xəstənin USM və ya rentgen otağına girməsindən xəbər tutur və günlük pulu müəyyənləşdirir. Mərkəzin cərrahiyyə şöbəsində nələrin baş verdiyini heç yazmaq istəmirik. Bizim Məqsədimiz Zaqatala Müalicə Diaqnostika Mərkəzinin Hemodializ şöbəsinin fəaliyyətinə qısaca nəzər salmaqdır.

Məlumat üçün bir daha bildirmək istərdik ki, hemodializ diaqnozu xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlara qoyulur. Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarı ilə qəbul edilən və 2016-2020-ci illəri əhatə edən “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” nefroloji yardımın daha da təkmilləşdirilməsinə, yeni dializ mərkəzlərinin yaradılmasına, xroniki böyrək çatışmazlığı olan xəstələrin ömrünün uzadılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi-sosial reabilitasiyasına, hemodializ müalicəsi alan və böyrək köçürülmüş xəstələrin davamlı dərman təminatına yönəlib. Amma görəsən sözügedən tədbirlər Proqramına Zaqatala Müalicə Diaqnostika Mərkəzinin Hemodializ şöbəsində rəayət olunurmu? Hemodializ xəstəliyindən əziyyət çəkənlərin müayinəsi və müalicəsi hökumət tərəfindən pulsuz aparılır. Maliyyə Nazirliyinin saytında açıq-aşkar göstərilir ki, 2018-ci ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün nəzərdə tutulmuş 740,7 mln manatın 23 milyonu xroniki böyrə çatışmazlığı ( XBC) xəstəliyi ilə mübarizə tədbirlərinə ayrılıb.Bəs bu milyonlar hara gedir? Redaksiyamıza verilən məlumatlara görə Zaqatala Müalicə Diaqnostika Mərkəzinin Hemodializ şöbəsində xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslər həftədə üç dəfə keçməli olduqları hər dializ proseduruna ödənişsiz olduğu halda, pul xərcləməli olurlar. Onların sözlərinə görə, burada ilk dializ prosedurundan tutmuş sonrakı hər dializ proseduruna baş həkimin müəyyən etdiyi pul ödənilir. Hətta pul ödənilmədikdə qan iynələrini də vaxtlı-vaxtında vurmurlar. Kalsium ən ucuz dərmandır, onu belə verə bilmirlər. Camaat gedib ordan-burdan tapır, baş həkimin apteklərindən alıb, gətirir. Bəzi dializ xəstələrini isə Bakıya, özəl tibb mərkəzlərinə yönləndirib faiz alırlar.

Verilən məlumatlarda Zaqatala Müalicə Diaqnostika Mərkəzində Baş həkim Nəriman Əfəndiyevin təkcə bu yollarla pul qazanmadığı söylənilir. O, həmçinin dövlət büdcəsindən mərkəzin təmirinə, ərzaq məhsullarının alınmasına, dəftərxana ləvazımatlarının alınmasına ayrılmış vəsaitlərin müəyyən faizini tender yolu ilə özününküləşdirə bilir. Məlumatlarda belə deyilir. Söylənilənlərə əks tərəfin də münasibəti maraqlı olardı.
Aktualinfo.org

Teref.az

Related Articles

+994 50 295 94 79
top