Yumurtaları xarab çıxan “Astel” LTD: “Vətəndaş yalan deyir“ – ŞİKAYƏT

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Vətəndaş yalan deyir, elə bir şey mümkün deyil”
Teref.az-ın məlumatına görə, Azadinform-a müraciət edən şəxs bildirib ki, bir həftə əvvəl Nəsimi rayonu, Mirmahmud Kazımovski küçəsində yerləşən “OBA” marketdən yumurta alıb. 

Alıcı yumurtanı səhər qaynatdıqdan sonra günortaya doğru artıq fotoda olduğu kimi iyrənc rüşeym halı aldığını iddia edir: “Rüşeym kimi bir şeydi, tərpətmədim, elə iki yerə böldüyüm kimi də evdə qalıb. Bu problem yəqin ki, yemlə bağlıdır. Çünki yumurtanın dükanda saxlanma şəraiti ilə bağlı heç bir problem olmayıb. Ora da təzə gətirmişdilər. Demək olar ki, bu yumurtalar hər gün satılır. Aldıqlarımdan hələ bir neçəsi evdə soyuducuda qalıb. Həmişə bu yumurtanın Məhəmmədi kəndinin yerləşən Astel LTD MMC-nin məhsulu olduğunu deyirlər. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də zəng edib məlumat verdim və şəkilləri onlara da göndərdim. Tələb etdim ki, Agentliyin mütəxəssisləri məhsulu götürsünlər, əlaqə saxlayıb götürəcəklərinə söz verdilər. Lazım gəlsə evdəkiləri də verəcəm”. 

Məsələ ilə bağlı “OBA” marketlər şəbəkəsinin mövqeyini öyrəndik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev Azadinform-a bildirdi ki, təmsil etdiyi şəbəkə Azərbaycanın ilk hard-discount marketlər şəbəkəsidir: “Məqsədimiz müştərilərə daima keyfiyyətli məhsulları daha münasib qiymətə təqdim etməkdir. Satışa çıxarılan məhsullarımız istehlakçıya təqdim olunmazdan əvvəl mütəmadi olaraq müvafiq laboratoriyalarda testlərdən və analizlərdən keçir. Keyfiyyətindən əmin olduğumuz məhsulların marketlərimizdə satışına icazə verilir. Kənd təsərrüfatı və bu kateqoriyaya aid olan məhsulların satışını həyata keçirmək üçün isə həmin istehsalçılardan müvafiq gigiyenik və baytarlıq sertifikatlarını, eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən sertifikatları tələb edirik. Məhəmmədidə Astel LTD MMC tərəfindən istehsal olunmuş yumurtaların da satışa çıxması üçün lazımi sertifikatlar tələb edilib və müvafiq sertifikatlar sahibkar tərəfindən təqdim edildikdən sonra məhsul satışa çıxarılıb. Əlavə olaraq qeyd edək ki, kənd təsərrüfatı məhsulları satışa çıxarılan zaman davamlı olaraq gigiyenik və baytarlıq sertifikatı tələb edilir. Yaranan xoşagəlməz hal ilə bağlı artıq “Astel” LTD MMC-yə məlumat verilib, məsələnin araşdırılması barədə xəbərdarlıq edilib”. 

“Astel” LTD MMC-nin nümayəndəsi Rafael Əsgərov isə sözügedən faktı Azadinform-a inkar edib: “Quşçuluq fabriki olaraq marketlərə müqavilə əsasında yumurta veririk. Bizim yumurtalar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin gündəlik laborator analizdən keçir və ona uyğun cavab verirlər. Digər tərəfdən yumurtalarımıza kimsə evdə nəsə qataraq bizə qarşı şantaj edə bilər. Belə şeylər zaman-zaman olub. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva Azadinform-a bildirib ki, vətəndaş tərəfindən Çağrı Mərkəzinə daxil olan müraciət araşdırma mərhələsindədir və yaxın günlərdə nəticələr barədə məlumat veriləcək. 

Sonda qeyd edək ki, “Astel” LTD MMC-nin nümayəndəsi Rafael Əsgərov mövqeyini öyrənmək üçün ona müraciət edən Azadinform əməkdaşını da şikayətçiyə qoşularaq onları şantaj etməkdə ittiham edib: “Siz də həmin adamla birləşib bizi şantaj edirsiniz. Jurnalistlərin hamısı şantajla məşğuldur.” 

Xatırladaq ki, hələ 2016-cı ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı “Astel LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlakçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunub. Müvafiq materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və toplanmış materiallar əsasında 12 yanvar 2016-cı il tarixdə fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanılmışdı.

Related Articles

+994 50 295 94 79
top