“SOVETSKİ”DƏ 10 AİLƏNİ BİR VƏRƏSƏ NECƏ TƏLƏYƏ SALIB – MÜDHİŞ SAXTAKARLIQ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Paytaxtın “Sovetski” adlanan məhəlləsində bir nəsil kompensasiya tələsinə salınıb. Bu işdə onları vərəsələrdən biri “ilişdirib” desək, yanılmarıq.

İndi Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi 14 ünvanının sakinləri və vərəsələri üzləşdikləri cəncəldən qurtula bilmirlər.

İşin leytmotivi belədir ki, həmin vərəsə əvvəlcə ərazini sakinlərdən xəbərsiz bir şirkətə satıb, sonra firmanın məhəllədəki evləri söküb tikinti aparmadığını görüb, bu dəfə ərazini başqa bir fiziki şəxsə – öz dostuna satıb.

Əvəzində varlanıb, camaat pis vəziyyətdə qalıb. Məsələdən xəbər tutan şirkət isə indi ərazini alan fiziki şəxsi məhkəməyə verməyə hazırlaşır.

Nəticədə vərəsələr “Sovetski”də köhnə, darısqal evlərdə yaşamağa məhkum olublar. Həqiqətən də bu mülklərin sökülməsinə, sahiblərinin daha işıqlı mənzillərə köçməsinə ehtiyac var…

Amma mərhum Musa Aydəmirovun nəvə-nəticələri ondan qalan halal mirasdan az qala məhrum olurlar. Sakinlər prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya üz tutaraq kömək istəyirlər.

Sitat: “Bu ünvan babamız Aydəmirov Musa Aydəmir oğlunun mülkü olub. Babamızın 1 qızı, 5 oğlu olub. Babamız nənəmiz Ümsəlmə Aydəmirova ilə bu ünvanda yaşayıblar, burda da vəfat ediblər.

Yəni sözümüzün canı odur ki, Bəşir Səfəroğlu küçəsi 14 ünvanında mülk o kişinindir, biz də vərəsələriyik. Onun adına 5.300 kvadratmetrlik torpaq və tikili evlər olub.

Bizə məlum olmayan səbəbdən torpaq sahəsi və evlərin 3.285 kvadratmetr sahəsi satılıb, hazırda biz vərəsələrə 456 kvadramter qalıb.

Təsəvvür edin ki, həyətdə 10 ailə yaşayır və sabah söküntü aparılsa, cəmi 456 kvadratlıq yer bu ailələr arasında bölünəcək, qəpik-quruş veriləcək, küçələrdə qalacağıq. Halbuki babamızın mülkünün ərazisi dediyimiz kimi, 5.300 kvadratmetrdir. Bu işi başımıza açan adam isə öz qohumumuz, 1982-ci il təvəllüdlü Aydəmirov Abbas Əliabbas oğludur.

Abbasla bir şirkət bizdən xəbərsiz öz aralarında 320 000 manat məbləğində müqavilə bağlayıblar. Sonra Abbas Aydəmirov şirkətdən 200 min manat və 2 avtomobil alıb”, – deyə sakinlər müraciətində qeyd edirlər.

Onların sözlərinə görə, A.Aydəmirova bu işdə dostu, özünü məmur sayan və vərəsələrin tanımadığı şəxs – Anar Dadaşov Sultan oğlu dəstək olub. Daha doğrusu, Abbas görüb ki, şirkət söküntü aparmır, xeyli müddət sonra yeri dostuna satıb.

“Bu adamlar birləşərək babamızın mülkünü satıblar. Ərazinin 3/2 hissəsini Anar Dadaşova satıb. Şirkət isə o vaxtdan bəri ortada yoxdur. Nə evləri söküblər, nə tikinti aparıblar. Və açıq şəkildə hüquqlarımız tapdanıb.

2016-cı ildən məhkəmələrdəyik. Yasamal Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyev vərəsələrin haqqını pozaraq, ikitərəfli qərar qəbul edib. Anar Dadaşov məhkəmədə babamızın mülkünə həbs qoyulduğu halda hakim Sərdar Mehrəliyevlə birləşərək həbs qərarını ləğv etdiriblər, Abbas Aydəmirovla notarial qaydada alqı-satqı ediblər.

Dövlət başçısının göstərişi var ki, “Sovetski”də köhnə tikililər sökülsün. Bizim ətrafımızdakı əksər ərazilərdə mülklər sökülüb, təkcə bizim ünvan qalıb. Tez-tez suyumuzu, işığımızı, qazımızı kəsirlər ki, ərazi sökülür. Amma heç bir söküntü yoxdur. Bu ünvanda 2 əsrin evləri var. Söküntü zonası olduğu üçün evlərimizi gəmiricilər, bit-birə basıb, uşaqlar həyətə çıxa bilmirlər.

Biz vərəsələr dəfələrlə firmanın qəbulunda olmuşuq. Deyiblər ki, sizi köçürməyə imkanımız yoxdur. İndi şirkət özü də Anar Dadaşovu məhkəməyə verəcək. Bizsə deyirik ki, firmanın imkanı yoxdursa, o halda Bakı Şəhər İcra Hakimiyyətindən aldıqları sərəncamı başqasına təhvil versinlər. Prezident dəfələrlə deyib ki, məmurlar insanları incitməməlidirlər. Lakin özünü məmur sayan Anar Dadaşovla qohumumuz birləşərək bizim haqqımızı pozurlar. Xahiş edirik ki, köməklik göstərəsiniz.

Hazırda ölkəmizdə çoxlu problemlər həll edilir, prezident vətəndaşlarla görüşür, insanların şikayətlərinə baxılır, məktublarına, müraciətlərinə reaksiya verilir. Biz “Sovetski” sakinləri də qarşılaşdığımız bu problemin həllini istəyirik”.

Sakinlər bildirirlər ki, onların xəbəri olmadan alqı-satqı edən qohumları A.Aydəmirovun bu addımı atması tam qanunsuzluqdur: “Ona vərəsələr tərəfindən alqı-satqı aparması üçün heç bir notarial qaydada sənəd verilməyib. Biz üzləşdiyimiz qanunsuzluq və haqsızlıq ucbatından, əgər söküntü başlasa, 10 ailə 456 kvadratlıq yerin kompensasiyasını almağa məcbur olacaq. Bu pulla 10 ailə hara yerləşə bilər? Biz məhkəmələrdən və ölkə rəhbərliyindən kömək gözləyirik, məsələ araşdırılsın”.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

“Yeni Müsavat”

Related Articles

+994 50 295 94 79
top