Bakı dönərxanalarında biabırçılıq… – 7 NƏFƏRİN ZƏHƏRLƏNMƏSİ DƏ VƏZİYYƏTİ DƏYİŞMƏYİB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bakının ictimai iaşə obyektlərində, o cümlədən dönərxanalarda rüsvayçı vəziyyətin hökm sürdüyünü təsdiqləyən daha bir fakt ötən həftə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən “Köz dönər” kafesində qeydə alındı. Kafedə dönər yeyən 7 tələbənin zəhərlənməsindən sonra yoxlama aparıldı, bəlli oldu ki, dönərlər antisanitariya şəraitində, istifadə müddəti bitmiş ərzaqlardan hazırlanırmış. Hərçənd ki, illərdir zirzəmini xatırladan köşklərdə, siçovulların gəzdiyi balaca otaqlarda çirkab içində at-eşşək, yaxud leş ətindən dönər hazırlanır, Qida Təhlükəsizliyi Agentliyinin durumu yaxşılığa doğru dəyişəcəyi ehtimalları da boşa çıxır.

Virtualaz.org-un əməkdaşları paytaxtın bir çox yerlərində fəaliyyət göstərən obyektlərə baş çəkib, dönərin hazırlanmasında istifadə edilən ətin, toyuğun mənşəyini, obyektlərdəki vəziyyəti öyrənməyə çalışıblar. Məlum olub ki, baş verəcək biləcək təhlükələrə görə heç kim məsuliyyət daşımır.

“Kimi məcbur edirik…”

Metronun “Memar Əcəmi” stansiyasının çıxışında 10-a yaxın dönərxana var, bundan əlavə, kafelərdə, şirniyyat evlərində də dönər satılır, qiymət 1 manat 20 qəpik-2 manat arasında dəyişir.

1 manat 20 qəpiyə dönər, üstəlik ayran satan köşkə yaxınlaşırıq. Satıcı deyir ki, əti bazardan alırlar, deməli, keyfiyyətinə və təhlükəsizliyinə şübhə ola bilməz. Köşkdə ayrıca su kranı yoxdur, dönərə qatılan pomidor, xiyar, göyərtinin necə yuyulub-təmizləndiyini soruşuruq. Satıcı isə cavab vermək əvəzinə uzaqlaşmağımızı tələb edir: “Hamıya hesabat verməliyik? Kimi məcbur edirik ki, bizdən dönər alsın?”

Digər obyektdə də ətin bazardan alındığını deyirlər. Aralarından biri söyləyir ki, bir neçə saat əvvəl hansısa təşkilatdan gəlib baxıblar. Obyekt rəhbərinə deyiblər ki, nöqsan varsa aradan qaldırsınlar.

Mağazadan alınan ətin dönərini istəmirlər

“Halal dönər” kafesinə yaxınlaşırıq, satıcı mətbəxtə baxmağın qadağan olduğunu deyir və bunu kafenin şəxsi mülk olması ilə əlaqələndirir. Alıcı kimi ətin mənşəyini, kafedəki təmizliyi bilmək istəyimiz də işə yaramır, ətin bazardan alındığını söyləməklə kifayətlənirlər. Bu isə onu göstərir ki, ət qaydalara əsasən təyin olunmuş şirkətdən alınmır, baytar nəzarətindən keçib-keçmədiyi məlum deyil. Satıcılardan biri isə sirr açırmış kimi deyir ki, çoxları mağazadan alınan ətin dönərini almaq istəmir, amma bazarlara etibar edirlər: “Əksəriyyət dondurulmuş ət alır, yalandan bazardan aldığını söyləyir. Guya bilmirlər ki, 12 manata alınan ətin dönəri 1 manata satılmaz”,-satıcı növbəti müştərisini yola salır.

Onu da öyrənirik ki, ucuz dönər alveri pis getmir, hətta balaca köşklərin himayədarları var. Yoxlama gəlməzdən əvvəl qapılar bağlanılır, obyektin işləməməsi görüntüsü yaradılır.

Toyuq dönəri qadağandır, amma…

Əslində toyuq dönəri ölkədə qadağan olunsa da, dönərxanalarda rahatlıqla toyuq dönərinin satıldığının şahidi oluruq. “Əcəmi” metro stansiyasının yaxınlığında üzərində həm toyuq, həm də ət dönərinin qiyməti yazılan kiçik obyektdə yaxınlaşırıq. Əvvəlcə, içəridə heç kim gözə dəyməsə də, biz çatan kimi yaxınlıqdakı şəxs əlindəki siqaret kötüyünü sümürüb özünü köşkə atır. Heç əllərini yumaq da yadına düşmür, bıçağı əlinə götürüb bişmiş əti kəsməyə başlayır.

Divardan asılan kirlənmiş önlükdən və köşkün kənarında üst-üstə yığılmış çirkli əlcəklərdən aydın olur ki, dönər ustası nə vaxtsa təmiz görkəmdə müştərilərin qarşısına çıxıbmış. Amma görünür, sonradan ondan imtina edib.

Dönərin hazırlanma şəraiti, ətin mənşəyi və digər məsələlərlə maraqlanmaq cəhdimiz isə boşa çıxır. Usta ancaq onu deyir ki, toyuq dönərini ən ucuz broyler toyuqlarından hazırladıqlarına görə, qiyməti daha münasibdir. Buna görə də, bu dönərinin müştəriləri ət dönərindən daha çoxdur.

“Hamı toyuq dönəri alır, çünki ucuzdur, sərfəlidir. Əgər xəstəlik olsa, elə hamısında olacaq. Belə də ki, lap şəhərin mərkəzindəki restoranlarda da toyuq dönəri satırlar, hamının da xəbəri var. Heç kimə məcburi dönər satmırıq ki, kim istəmir, almasın…”, – dönərçi deyir.

Üzərində “Təmizliyə riayət edin!” yazılmış başqa bir dönərxanada da təxminən eyni mənzərənin şahidi oluruq. Gigiyena qaydalarına riayət olunmayan köşkdə iylənmiş mayonez bankaları, sınıq boşqab və çirkli qab-qacaq da gözə dəyir. İki nəfərin çətinliklə yerləşdiyi köşkdə nə su, nə də kanalizasiya xətti var. Satıcıdan ətin kiloqramı 11-12 manat olduğu halda, 1 manat 20 qəpiyə dönərin necə satıldığını soruşuruq, lakin sualımız sükutla cavablanır.

Xatırladaq ki, Bakı şəhərində 15 mindən artıq dönərxana olsa da, bunlardan çox az hissəsinin sertifikat aldığı bildirilir.

Related Articles

+994 50 295 94 79
top