Folklorşünasdan meyxana və meyxanaçılarla bağlı inanılmaz ittihamlar

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Tanınmış meyxanaçı Aydın Xırdalanlının ölümündən sonra yazar Kəramət Böyükçölün meyxana və meyxanaçılar haqda dedikləri geniş müzakirələrə səbəb olub. Əksəriyyət yazarın “Aydınla birlikdə Azərbaycanda adına sənət dedikləri o meyxana da ölüb getsin, rədd olsun, efirlər meyxanaya qadağa qoysun, meyxanaçılar nə qədər çox yox olarsa, xalqımız o qədər aydınlığa çıxacaq” sözlərini tənqid etsə də, bəziləri onunla razılaşdığını, meyxananın folklora aid olmadığını qeyd edib, narkomaniyanı təbliğ edən “küçə sənəti” adlandırıb.
Bəs meyxananı həqiqətən folklora aid etmək olarmı?
Qeyd edək ki, bir çox folklorşünaslar meyxananı şifahi sənət növü, folklora yaxın janr adlandırır. Məlum olduğu kimi, meyxana qafiyələri bədahət yaranır, bu səbəbdən şifahi ədəbiyyata aid edilsə də, eyni zamanda fərqlənir. Çünki meyxananın müəllifi olur. Meyxana demək üçün çevik təfəkkürə, sərrast zəkaya sahib, hazırcavab olmaq lazımdır.
Meyxananın hansı zamanda yarandığı haqda dəqiq məlumat yoxdur. Sovet dövründə bu janr qadağan edilsə də toy və digər məclislərdə deyilir, təbliğ olunurdu. Artıq müstəqillik dövründə meyxana yenidən və yeni formada ortalığa çıxmağa başladı. Məsələn, əgər əvvəllər meyxana yalnız çırtma vurmaqla, ya da nağaranın müşayiəti ilə deyilirdisə, artıq müasir meyxanada bir neçə alətlər istifadə olunur. Bəzən onu rusların “çastuşkasına” və yaxud repə bənzədib, çox primitiv və cılız formaya salırlar. Ən pisi isə meyxanaçılar əksər hallarda deyişərkən söyüş və təhqiredici ifadələrdən istifadə edir, ucuz sevgidən bəhs edirlər. Bu isə cəmiyyətdə qıcıqla qarşılanır. 

Meyxana ustası Namiq Mənaya görə meyxana dünyada analoqu olmayan janrdır: “Meyxana dünyada analoqu olmayan bir janrdır və bizdə daha təkminləşmiş formadadır. Rep kimi buna oxşar janrlar olsa da, amma bədihə janrında bədahətən demək tələb olunur. Meyxana əruz vəzninə və aşıq ədəbiyyatına yaxındır. Aşıq janrında qoşmalardır, bizdə isə bədihələrdir.
Meyxana şərab evi mənasındadır, odur ki, bu sənəti meyxana adlandırmaq onu mahiyyət etibarilə aşağılayırıq. Bu janr heç bir küçə folkloru deyil, şifahi xalq ədəbiyyatının bir qoludur. Sadəcə sovet dövründə milli-mənəvi dəyərlərimizə dəyən zərbələr bu janrdan da yan keçməyib. Çünki o vaxt bədihə deyənlər sosial və siyasi yönümlü mövzulara toxunurdu. Manaf Süleymanovun “Eştdiklərim, gördüklərim və oxuduqlarım” kitabında bədihə haqqında onun araşdırmaları öz əksini tapıb. Eyni zamanda “Onu bağışlamaq olarmı?” və “Bizim Cəbiş müəllim” kimi retro filmlərimizdə də bədihə janrına yer verilib. Həsən Seyidbəyli çəkdiyi “Bizim Cəbiş müəllim” filmində müharibə vaxtı Əliağa Vahidin bədihələrindən və qəzəllərindən əsgərləri ruhlandırmaq üçün çox gözəl istifadə edib. Meyxana ustası Ağasəlim Çildağ isə bu sənətin inkişafında göstərdiyi xidmətlərə görə vaxtı ilə “Şöhrət” Ordeni ilə təltif olunub.
Bədihə janrı haqqında dərin bilikləri olmayan adamların fikirlərini əhəmiyyətli hesab etmirəm. Bu baxımdan qeyri-peşəkar birinin cəmiyyətdə çaşqınlıq yaratmağa çalışmasının əleyhinəyəm. Kimsə bədihə haqqında fikir söyləyirsə və onu küçə sənəti adlandırırsa, tutarlı arqumentlər gətirməlidir və fikrini əsaslandırmalıdır”.
Eyar İslamoğlu: “Meyxana dinləyənlər avtoşlar, narkomaniyaya qurşananlardır, meyxanaçılar isə deyişmədə bir-birinin ailəsinə sataşırlar”
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan folklorşünas Eyar İslamoğlu isə meyxananın folklora aid edilməsinin doğru olmadığını bildirib: “Meyxananı deməzdim, amma bədahət söz sənəti folklor sayılır və onun keçmişi olub. Həmin bədahətən söz deyənlər bizim tariximizdən, ölkəmizdən danışıb. Bu bizim xalqımıza məxsusdur. Çox az sayda xalq var ki, bədahətən bir neçə bənddən ibarət qafiyə, öz fikrini deyə bilsin.
Lakin müasir meyxananı qəbul etmir və bəyənmirəm. Çünki müasir meyxanada daha çox söyüş, narkotik maddələr, avaraçılıq təbliğ olunur. Elə onları da dinləyənlər avara uşaqlar, avtoşlar, narkomaniyaya qurşananlardır. Yaxşı olardı ki, müasir meyxanaçılarımız keçmişdəki bədahətən deyilən söz sənətini davam etdirsinlər. Keçmişdə meyxana ustaları insanları düz yola çəkən meyxanalar deyirdi. İndiki meyxanalarda bu amilləri görmürük. Hətta görürük ki, toy məclislərində meyxanaçılar bir-birinin ailəsinə, yaxınlarına, namus sayıla biləcək obrazlara sataşırlar. Buna görə də müasir meyxananı qətiyyən bəyənmirəm.
Elə meyxanalar demək lazımdır ki, gənclərə örnək olsun və gənclər ondan nəsə götürə bilsin. Yoxsa ki, bu gün çırtma çalıb, söyüş söyməklə meyxana deyib bu sənəti yaşatmaq olmaz. Ona görə də bu gün ziyalılar müasir meyxananı qəbul edə bilmir.
Yaxşı olardı ki, meyxanaçılar müasir meyxananı qınayanlara irad tutanları qınamasın, öz sıralarından sonra gələnlərə sırf meyxana deməyi təbliğ etsinlər”.

Sabir Rüstəmxanlı: “Bu, Azərbaycan həyatının bir parçasıdır, onu bir kənara atmaq olmaz”
Xalq şairi Sabir Rüstəmxanlı isə müasir meyxananı qətiyyən dinləmədiyini və qəbul etmədiyini deyib: “Meyxana ümumiyyətlə yaradıcılığın bir növüdür, onu tam inkar etmək olmaz. Daha çox şəhər ətrafı, əruz şeiri ənənələrinin güclü olduğu yerlərdə formalaşıb. Təxminən aşıq poeziyasına bənzəyir. Aşıq poeziyasını nə qədər folklor saymaq olarsa, meyxananı da o qədər folklor saymaq olar. Çünki aşıq poeziyası qətiyyən folklor deyil, baxmayaraq ki, aşıq sənəti folklora daxildir. Çünki aşıq poeziyasında hər bir gəraylının, qoşmanın müəllifi var. Eləcə də meyxananın da öz müəllifi var. Yalnız sonradan müəllifi yaddan çıxır, folklorlaşır. Yəni 3-4 nəfər oturub söz deyişdirir və bunun folklora aidiyyəti yoxdur. Meyxananı tam da inkar etmək, kənara atmaq da olmaz. Çünki meyxanada günün çox vacib problemlərinə toxunulur, cəmiyyətin ağrılı məsələləri dilə gəlir. Doğrudur, dili qüsurlu olur, anında qafiyə xəttində bəzən ümumi ədəbiyyatımızda olmayan sözlər, ifadələr işlədilir. Amma hər halda onu da sevənləri var və getdikcə yayılır, inkişaf edir. Bu, Azərbaycan həyatının bir parçasıdır, onu bir kənara atmaq olmaz. Çox yaxşı olardı ki, meyxananı yalnız onu dərindən bilən, meyxana ustaları, savadlı şəxslər səsləndirsin, dilə gətirsin.
Mən isə qətiyyən meyxana ilə maraqlanımıram. Sadəcə televiziya ekranlarında qarşıma çıxanda baxıram. Yəni xüsusi bir maraq göstərmirəm”.
Musavat.com

Related Articles

+994 50 295 94 79
top