“MİLLƏT ACINDAN QIRILIRSA, YASA GEDİB GÖRƏK, KİM ACINDAN ÖLÜB?” – SİYAVUŞ NOVRUZOV – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov “Qafqazinfo”ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

– YAP-ın qurucularından olan, “91”lərin nümayəndəsi Əli Nağıyevin partiyadaşları haqqında söylədiyi fikirlərə diqqət çəkmək istəyirəm. Hansı ki, YAP-çı deputatlar da bunu təhqir hesab edirlər. Sizcə, Əli Nağıyev niyə incikdir?

– Hər bir şəxsin müsahibə vermək hüququ var. Ola bilər ki, kimdənsə incikliyi var. Ancaq bütün sözlərinin axırı da, əvvəli də odur ki, Azərbaycan prezidentini dəstəkləyir. Prezidentdən başqa digərini Azərbaycanda yaxın on illiklər ərzində görmür. O cümlədən, o ifadəni işlətmədiyini də qeyd edib.

– Əli Nağıyev həmçinin açıqlamalarında bildirir ki, ölkə rəhbərliyinin ətrafında rüşvətxor məmurlar toplaşıb. Sizcə, o kimləri nəzərdə tutur?

– Bu məsələni konkret onun özündən soruşa bilərsiniz. Özü kimləri nəzərdə tutubsa, onu deyə bilər. Mən deyərəm bu adam, o deyər ki, başqasını nəzərdə tutubmuş.

– Deməli, hansısa məmurdan incikliyi var…

– Partiyadan nə incikliyi ola bilər ki? 730 mindən yuxarı partiya üzvü var. Hər bir partiya üzvü üçün bizim qapımız açıqdır. Partiyadan xaric olan bir neçə nəfər var. Hətta onların da Nəzarət Təftiş Komissiyasına müraciət etmək hüququ var. Yerdə qalan “91-lər” partiyanın Qızıl Fondudur. Partiyanın yaradıcılarına diqqət var. Elə bir tədbirimiz yoxdur ki, onlar o tədbirdə iştirak etməsin, ən yuxarı başda onlara yer verilməsin. Partiya prezidentin partiyasıdır. O da Azərbaycan Respublikasının prezidentidir.

– Bildirilir ki, onlar “Sağ qalan 91-lər” adlı təşkilat yaratmaq istəyirlər…

– Elə şey yoxdur. Məsələn, “91-lər”in biri Əli Əhmədov, YAP-ın icra katibidir, biri Eldar İbrahimovdur, Milli Məclisin deputatıdır. Məndən soruşun, mən bir-bir bunların hamısını sadalayım. Sudeyf İmamverdiyev prezident təqaüdçüsü, akademikdir. Tibb Universitetində kafedra müdiri kimi fəaliyyət göstərir. Ağabəy Əsgərov Azərbaycan Nəşriyyatının direktorudur. Vüqar Rəhimzadə “İki sahil” qəzetinin baş redaktorudur. Zeynəb Xanlarova deputatdır. “91” lərdəndir, hazırda da deputatdır. Hacıbala Abutalıbov, Mixail Zabelin, Rafiq Məmmədhəsənov, Ömər Eldarov. Bunlar heç bir bloka qoşulmayan insanlardır. 91 nəfərin 43-ü dünyasını dəyişib. 7 nəfəri müxtəlif səbəblərə görə partiyadan ayrılıb. 41 nəfəri isə hazırda bu və ya digər sahələrdə fəaliyyətdə olan insanlardır. Ümumilikdə isə, “91-lər”dən 31 nəfər müstəqil Azərbaycan Respublikasının deputatı olublar. Qalanları isə bu və ya digər şəkildə müxtəlif postlarda çalışıblar. İçlərində nazirlər, merlər, universitet rektorları olub. Onların bir çoxu partiyanın 25 illik yubileyində orden, medallarla, prezident təqaüdü ilə təltif edildilər.

Partiyanın yaranma prosesində rayon təşkilatı yaradanlar var. Hamısı deyir ki, mən yaradıcıyam. Amma bu “91-lər” kimə müraciət etdi? Ümummilli lider Heydər Əliyevə müraciət etdilər ki, Azərbaycan sizin sözünüzü gözləyir. Azərbaycanı düşdüyü vəziyyətdən siz xilas edə bilərsiniz. Bir partiya yaradın, qanuni, seçki yolu ilə hakimiyyətə gəlin. Yəni, bu partiyanın yaradıcısı, qurucusu, ilhamvericisi ümummilli liderdir. Onun ətrafında hamımız yığışmışıq. Bu gün də cənab prezidentin ətrafında.

– Siz qeyd etdiniz ki, partiyanın sıralarından xaricedilmə halları olub. Əli Nağıyev bu kimi açıqlamalar verməkdə davam etsə, onun məsələsi Nəzarət Təftiş Komissiyasında müzakirə edilə bilərmi?

– Azərbaycanda fikir və söz azadlığı var. Hər kəs öz sözünü və fikrini deməkdə azaddır. Əli Nağıyev də səfir işlədiyinə görə “Diplomatik xidmət haqqında” qanuna uyğun olaraq o müddətdə partiya fəaliyyəti dayanır. Qalan bütün qlobal tədbirlərimizə Əli Nağıyev dəvət olunub.

– Ölkədə söz və fikir azadlığından bəhs etdiniz. Ancaq müxalifət deyir ki, bizə bu azadlıqdan istifadə etməyə imkan verilmir. Mitinq keçirmək müraciətlərimiz qəbul olunmur. Bununla bağlı nə deyə bilərsiniz?

– Mitinq keçirmək üçün icazə verilir. Burada iki məsələ öz əksini tapmalıdır. Bilirsiniz ki, burada partiya üzvündən tutmuş sədrə kimi onlar Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyinin qorunması Azərbaycan dövlətinin və hüquq-mühafizə orqanlarının işidir. Təhlükəsizlik qaydalarına riayət edəcəklərini qabaqcadan bildirirlərsə, istənilən vətəndaş sərbəst toplaşmaq azadlığından istifadə edə bilər. Digərlərinin hüquqları pozulanda hüquqlar məhdudlaşır, yaxud da təhlükəsizlik məsələləri həll olunmayanda. Məsələn, hüquq-mühafizə orqanlarına məlumat gəlir ki, ciddi provakasiya ediləcək və məsuliyyəti Azərbaycan dövlətinin üzərinə atacaqlar. Ona görə də konkret əsaslarla mitinq komitəsinin üzvlərinə həmin sənədləri təqdim edirlər. Öhdəlik götürürlər ki, sərbəst toplaşmaq azadlığı barədə tələbləri pozmayacaqlar. Ancaq başlayandan axıra kimi o tələbləri pozurlar. Özü də qəsdən pozurlar ki, polis müdaxilə etsin. Yalandan bəyanat verirlər ki, 60 nəfər hardasa saxlanılıb. Onların nümayəndələri mitinqə gəlmək istəmir. Soruşanda deyirlər ki, polis qoymadı mitinqə gələk.

– Ümumiyyətlə qeyd olunur ki, müxalifətin siyasi aktivləşməsi niyə iqtidarı narahat etməlidir? Axı güclü müxalifət, həm də güclü iqtidar deməkdir…

– Qətiyyən iqtidarı narahat etmir. Söhbət ondan gedir ki, məsələ ədalətli şəkildə ortaya qoyulmalıdır. Deyirlər ki, Azərbaycanda hər şey qaradır. Millət acından qırılır. Durun, gedək görək ki, hansı yas yerində, kim acından qırılıb?! Bunu adi vətəndaş da görür ki, belə deyil. Təbii ki, problem var. Problemi görürük, onu aradan qaldırmaq üçün addımlar atılır. Elə rəqəmlər sadalayırlar ki, Azərbaycandan bu qədər pul çıxarıldı. Bu pul nədə çıxarıldı? Bir dəfə Ərdoğana 3 milyard mənimsəmə söhbətini dedilər. Dedi ki, 3 milyard pul 7 kamaz deməkdir. Bu 7 kamaz mənim evimə nə vaxt girib-çıxdı? İndi bizdə hara aparılıb, necə çıxıb, hansı yolla gedib. Onda gərək gecə-gündüz təyyarələrlə pul daşınsın. Bilirsiniz, belə yalan, mənbəyi olmayan məlumatlar ermənilərin beş manat pul verib öyrətdiyi adamlar tərəfindən yayılır. Kim hansı rəqəmi istəyirsə deyir. Azərbaycanda xalq-iqtidar birliyi var. Gənclər vətənpərvərdir. Aprel döyüşləri də göstərdi ki, insanlar daha da yüksək vətənpərvərliyə malikdir. Bütün universistetdən tələbələr hərbi komissarlığa üz tutub döyüşmək istədiklərini bildirdilər. Yaşından asılı olmayaraq bunu hər kəs dedi. Və yaxud deyirlər ki, iqtidar Qarabağ məsələsini həll etmək istəmir. Hansı iqtidar Qarabağ məsələsini həll etmək istəmir?! Azərbaycanda olmuş ən pis hökumətlər də – Vəzirov da, Mütəllimov da, Xalq Cəbhəsi də bu problemi həll etmək istəyirdilər ki, tarixdə qalsınlar. Hansı dövlət rəhbərliyi bunu həll etmək istəməz?! Cənab prezident gecə -gündüz o ölkə yoxdur ki, orada görüşlər keçirməsin. Rəhmətlik ulu öndər xəritəni götürüb ölkələrin canına düşmüşdü. O vaxt Azərbaycanı tanımırdılar. Hara gedirdisə, ümummilli lider özüylə xəritə aparırdı. Cənab prezident Avropa Şurasında, ATƏT-də, NATO-da, BMT-də ən yüksək tribunalardan Ermənistanın işğalçı, onun siyasi rəhbərliyinin cinayətkar olması barədə açıqlamalar verib. Bunlar bir dəfə də olsun bunun adını çəkməyiblər. Çünki pulu onlardan alırlar. Ayrı-ayrı təşkilatlar yaradırlar. Təşkilat ya QHT olur, ya da siyasi təşkilat. Bər-bəzəkli ad qoymaqla deyil, tərkib eynidir. Sizin xalqın adından danışmağa nə ixtiyarınız var? Azərbaycanda nə qədər problem yaranıbsa onu siz yaratmısınız. İndi güclə təmizlənib.

– Prezident bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanla Avstriyada rəsmi görüş keçirdi. Bəzi ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağ problemi ilə bağlı qarşıdakı aylarda irəliləyiş ola bilər. Hər hansı döyüş əməliyyatları da başlaya bilər…

Cənab prezident həmişə deyib ki, biz məsələləri sülh yolu ilə həll etmək istəyirik. Əgər sülh yolu bitsə, tükənsə, təbii ki, hərb yolu ilə bu məsələləri həll edəcəyik. İndi artıq bunu on illərlə gözləmək fikrimiz yoxdur. Qısa, konkret bu məsələ həll olunmalıdır. Ermənistanın yeni rəhbərliyinin bu proseslərdən xəbəri yoxdur. Ona görə də gah döyüşləri uzadır, gah da müxtəlif bəhanələr ortaya atır. Gah Dağlıq Qarabağı tərəf kimi ortaya atır ki, söhbət uzansın. Bu da görüşləri çətinə salır. Bir neçə dövlətlə danışır, çünki müstəqil dövlət deyil. Görüşə gəlməmişdən qabaq prezident bir ölkəyə, Xarici işlər naziri başqa ölkəyə gedir. Müdafiə nazirinin də yeni əraziləri işğal etməklə bağlı sözləri pafoslu sözlərdir. Daxili ictimaiyyətə hesablanıb. Azərbaycanın aprel döyüşlərində cəmi iki bölməsi iştirak edib. Batalyon iştirak etməmişdi. Bu dəfə ciddi şəkildə addımlar atacağıq.

– Paşinyan Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirdi. Sosial şəbəkədə insanlar, müxalifətçilər yazırdılar ki, Azərbaycan bu hala mütləq müdaxilə etməli idi…

– Bunlar hamısı şoudur, təxribatdır. Azərbaycan müxalifəti ermənilərin fəaliyyəti ilə sinxron fəaliyyət göstərir. Həm Avropada oturub söyüş kampaniyası aparanlar, həm daxildəki müxalifət təxribat yaratmaq istəyirdilər ki, Azərbaycan hər hansı addım atsın. Bunlar burada qızışdırma mövqeyində durublar.

– 2020-ci ildə Azərbaycanda parlament seçkiləri baş tutacaq. Belə fikirlər var ki, bu dəfə parlamentin tərkibində ciddi dəyişikliklər olacaq.

– Parlament seçkili orqandır. Kimə səs verəcəklərsə, o insanlar da seçiləcək. Burada siyasi partiyaların rolu ondan ibarətdir ki, dairələrdə, yerlərdə işlər aparıb müəyyənləşdirməlidir ki, bu dairədən hansı xarakterli, dünyagörüşlü namizəd seçilə bilər. Elə bölgə var ki, orada yaşlı namizəd istəyirlər. Elə bölgələr də var ki, bəzisi qadın, bəzisi gənc namizəd istəyirlər. Seçkiyə 1 il qalmış dairələrdə, yerlərdə təhqiqatlar aparılır, bütün məsələlər öyrənilir.

– Parlamentin plenar iclasları olanda hər hansı qanun layihəsinin müzakirəsi ətrafında həmkarlarınız çox danışdığı halda, siz prosesə müdaxilə edib müzakirənin yekunlaşmasını təklif edirsiniz. Maraqlıdır ki, həmişə digər YAP-çılar yox, siz bununla bağlı çıxış edirsiniz və təklifiniz nəzərə alınır…

– Biz parlamentdə çoxluğu təmsil edirik. Partiyanın parlamentdə hazırda 67 nəfər təmsilçisi var. Mənim həm də partiya vəzifəm var. Həm İdarə Heyətinin üzvüyəm, həm də icra katibinin müaviniyəm. Partiya üzvləri də partiyanın qərarlarına tabedirlər. Buna görə də üzvlər bu məsələni nəzərə alırlar və deputatlar da buna hörmətlə yanaşırlar.

– Növbəti dəfə deputat olmaq istəyirsiz? Yorğunluq varmı?

– Deputatlıq böyük şərəfdir. Hər insana nəsib olmayan bir şərəfdir. Xalqın təmsilçiliyindən böyük ad ola bilməz. Bizdə belədir ki, kimin namizəd olmasını partiya müəyyənləşdirir.

Related Articles

+994 50 295 94 79
top