Tanınmış jurnalistə YAP-da vəzifə verildi-DOSYE

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Tanınmış jurnalist, bütün siyasi fəaliyyəti dövründə əqidəli Əliyevçi kimi tanınan Rasim Vaqif oğlu Quliyev YAP-ın mərkəzi aparatında işlə təmin olunub. Bununla bağlı YAP-ın icraçı katibi Əli Əhmədov sərəncam imzalayıb. Bu barədə Yenilik.Az-a YAP-dakı mənbələrdən məlumat daxil olub.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. 1988-1993-cü illərdən başlayan Azərbaycan Milli Azadlıq Hərəkatı dövründə tələbə hərəkatının aktiv liderlərindən biri kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dəfələrlə millətçi adı ilə təqib, təzyiqlərə məruz qalıb və dəfələrlə siyasi mövqeyinə görə qısamüddətli həbs olunub.

1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 1999-cu il YAP-ın 1-ci qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib.

O dövrdə Heydər Əliyevin qatı tərafdarı kimi siyasi fəaliyyət göstərib, “yaş senzinin ləğvi” ilə bağlı mitinqlərdə aktiv iştirak edib. 1992-ci ilin 30 dekabrında həmin dövrün hakimiyyəti tərəfindən həbs edilib və ölkədə demokratiyanın, insan haqlarının, söz azadlığının bərqərar olunması tələbi ilə həbsxanada aclıq aksiyası keçirib. Aclıq aksiyası o dövrün mediasında – qəzetlərində, radiolarında geniş şəkildə beynəlxalq təşkilatlara çatdırılıb.

1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib və siyasi partiyaların Məşvərət Məclisində YAP-ı təmsil edib.

Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub. Məhz H.Əliyevin göstərişi ilə R.Quliyev gənc yaşlarında yüksək vəzifəyə təyinat alıb – 31 yaşlı Quliyev Bakı şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri təyin edilib. Buna qədər isə R.Quliyev “Səs” qəzetnin baş redaktor müavini və 30 saylı DSK-nın (Səbail) sədri olub. Bu vəzifələrdə etimadı lazımınca doğruldan R.Quliyev H.Əliyevin təşəbbüsü və göstərişi ilə gənc ikən yüksək vəzifəyə təyin edilib.
18 il şəhər təsərrüfatının rəhbərliyində qüsursuz işləyən R.Quliyev meriyanın aparat rəhbərinə qədər yüksəlib.

Related Articles

+994 50 295 94 79
top