Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

İmkanınız varsa, oxuyun…
Bu, həm də trol sürüsünə, aşağı səviyyəli zehniyyətə cavabdır…

Şəkildə gördüyünüz bu şəxs Abşeron rayonunun Yeni Saray qəsəbəsində evi yerlə-yeksan edilən Rəsul Hüseynovdur.
Sözün həqiqi mənasında, kasıb ailədirlər, həyat yoldaşı xəstədir, özünün də əlinin iki barmağını kəsiblər.
İstirahət günüm olmasına baxmayaraq, rahatlıq tapa bilmədim, getdim ailə ilə görüşdüm
Hansısa şəxs (Adını unutmuşam, video-görüntülərdə Rəsul bəy səsləndirib, sənədlərdə hamısı əksini tapıb) Rəsul bəyin torpağına qarşı iddia qaldırıb. Ki, bu torpaq mənimdir, 2007-ci ildə aldığı “kupça”nı göstərir.
Rəsul bəyin də vəkili Daşınmaz Əmlakın Dövlət Reyestrindən aldığı peyk görüntünü göstərir ki, sizin iddia etdiyiniz torpaq bu ərazidə deyil, bir qədər kənara düşür.
Rəsul bəy evi 1999-cu ildə inşa edib. Bəs 2007-ci il tarixə “Kupça”nı alan şəxs baxmır ki, bu ərazidə yaşayış evi var? Həm də 7-8 il sonra (2015-ci ildə) niyə iddia qaldırıb ki? Nəisə, bunlar işi məhkəmə müstəvisinə çıxarırlar.
Məhkəmənin də nə qərar çıxaracağını bilmək çətin deyil. Xüsusi vurğulayıram ki, ailə tamamilə kasıbdır…
Ev sahibinin dediyinə görə, hazırda işə Ali Məhkəmədə baxılır.
Davalar, qırğınlar, rüşvətvermələr…
Qəfildən icra məmurları gəlir evi uçurmağa, Rəsul bəyin oğlunun toyuna 4 gün qalmış. Ev sahibi icraçılara deyib ki, gözləyin, toy edək, sonra danışarıq. 300 manat pul istəyiblər, kişi də verməyib, ona görə də evi darmadağın ediblər. İnanın, məsələnin dəhşətli tərəfi evin sökülməsinin toy ərəfəsinə düşməsidir. Dünyanı başlarına yıxıblar…
Rəsul bəy iddia edir ki, bu oyunu onun başına torpaq dəllalları açıb. İndi siz mənə deyin görüm torpaq dəllalları kimlə işləyir? Rayon icra hakimiyyətlərinə heçmi aidiyyatları yoxdur?
Rəsul bəy deyir ki, qonşusu hasarı iki daş qaldıranda icra hakimiyyətinin nümayəndələri gəlib pul istədilər, amma bu boyda evi uçurtdular icra nümayəndələri gəlmədilər.
Mən demirəm ki, icra başçısı əlinə “lapatka” alıb gəlib söküb və yaxud birbaşa söküntüyə göstəriş verib… Heç bir icra başçısı belə etmir, etməz də. Ən asan yol məhkəmədir. Əlbir olurlar, vətəndaşın evini viran qoyurlar… Bu, ilk belə hal deyil ki… Azərbaycanda yaşayırıq da, vəziyyəti bilmirik ki? Necə olub söküntüdən icra hakimiyyətinin xəbəri olmayıb? Səmimiyyətlərinə inanırsınız? 
Vətəndaş küçədə qalıb icra başçısı qəbul etmir. Amma ev tikəndə başının üstünü alır. Necə olur bu, hə? İcra başçısı deyilsən? Çağır ailəni problemlərini həll et, uşaqlar küçədə qalıb. Axı deyilənə görə dəhşətli dərəcədə humanistsiniz… Dövlət başçısının əsl nümayəndəsi belə etməlidir. Bu olar xidmət… “Get, sən də onun atının gözünü vur çıxart” prinsipi ilə hərəkət etməyin. Ağsaqqallıq edə bilmirsinizsə, çıxın gedin
Amma belə olmur, əvəzində nə olur? Mənə hücum edirlər…
İcranın sovet kafalı işçiləri trol sürüsünə göstəriş veriblər, onlar da “hurrey” deyib yazırlar. “Qara yaxırsan”, “Sevimli icra başçımızı gözün götürmür” tipli ifadələr ürək bulandırır… 
Cənablar, ritorikanızı dəyişin, dünya inkişaf edir ee, mədh zamanı geridə qaldı.
Məni qeyri-peşəkarlıqda ittiham edirlər, guya icra məmuru ilə icra nümayəndəsini qarışıq salıram. Yəni evi icra məmuru söküb, bunun da rayon icra hakimiyyətinə aidiyyatı yoxdur. O qaranlıq keçmişi olanlar bilməlidirlər ki, gülməli görünürsünüz, yaxşısı budur, siz mədhiyyə yazmaqla məşğul olun, qara-qura işlərinizi həll edin… Sizinlə yox ee, sizin başçınızla debata hazıram, görək kimdir savadsız…
Jurnalist Hacı Zeynalovun elə həmin qəsəbədə evini zədələmişdiniz, traktor sütunu dartıb qırmışdı. Bəs necə oldu əl-ayağa düşdünüz, məsələni tez-bazar həll etdiniz, hə? Axı siz guya söküntü işinə baxırmısınız…
Deyilənə görə, indi də gedib Rəsul bəyi danışdırıb çəkiblər, guya bu məsələdən rayon icra hakimiyyətinin xəbəri yoxdur, icra başçısının humanist addımları vətəndaşı “dəhşət”ə gətirir – filan. Videoya baxmamışam, əgər doğrudan da belədirsə, vətəndaşı qorxutmağınız istisna deyil. Sizi yaxşı tanıyırıq. Olsun, lap elə desin, mən ondan inciyə bilmərəm, canı sağ olsun, kasıb, hüquqlarını bilməyən insandır. Mən icra başçısını yaxından tanımıram, tanımaq da istəmirəm, heç o da məni tanımır, belə olan halda hansı qərəzdən söhbət gedə bilər?
Nə olur, olsun təki evi bərpa edilsin. İndi bildiniz mən nə istəyirəm? Qoy mən qərəzli olum. Mənim davam şəxsi deyil ki? Siz mənlə nəyin davasını aparırsınız ki?
Təki mənim evim olaydı, söküləydi, görün başınıza nə oyun açırdım. Düşmüsünüz, kasıb ailənin üstünə, ayıb deyil? Bu, vicdan məsələsidir.
Bilirsiniz, Avropaya gedib söyüş söyənlər kimlərdir? Bax bu cür incidilən vətəndaşlar… Adamları ölkəyə nifrət edəcək səviyyəyə çatdırırlar. Rəsul bəy canlı yayımda özü də dedi ki, problemimi həll etməsələr, xarici ölkələrin birindən sığınacaq istəyəcək. Budur acı reallıq!
Təmsil etdiyiniz hakimiyyəti zərbə altında qoyursunuz…

QEYD: 
Yazı jurnalistin Feysbuk-dakı səhifəsindən götürülüb.

Mia.az

Related Articles

+994 50 295 94 79
top