Banklar qanunu pozur, Maliyyə Bazarlarına Nəzarət Palatası hara baxır?- ekspert prezidentə müraciət etdi

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Cənab Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən 2017-2018-ci illər Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə sektorunda şəffaflığın artırılmasını təmin etməli, o cümlədən məlumatların effektiv şəkildə ictimaiyyətə çatdırılması mexanizmini müəyyən etməli idi. Lakin Palata nəinki bunu etməyib, hətta maliyyə təşkilatları tərəfindən şəffaflıq üzrə mövcud tələblərə riayət olunmasını da təmin etməyib”.

AFN xəbər verir ki, bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən bankların mütləq əksəriyyəti 11 iyun 2013-cü il tarixindən qüvvədə olan “Banklarda korporativ idarəetmə standartları”nın (“Standartlar”) “Məlumatların açıqlanması” adlı 14-cü bəndinə demək olar ki, riayət etmir. “Həmin bənddə açıqlanmalı olan məlumatlar konkret sadalanır və onların bankın saytında yerləşdirilməsi tələb olunur” – deyə ekspert qeyd edib.

Mövcud 30 bankın saytının monitorinqini həyata keçirdiyini deyən Ə.Həsənov bildirib ki, heç bir bank açıqlamalı olduğu məlumatları tam açıqlamır: “Yalnız 6 bank məlumatların azı 2/3 hissəsini açıqlayır. 13 bank məlumatların yarıdan çoxunu, 8 bank isə yarıdan azını (amma 1/3 hissədən çoxunu) açıqlayır. Nəhayət, 3 bank (Accessbank, Naxçıvanbank və AtaBank) ən yaxşı halda məlumatların 1/3 hissəsini açıqlayır. Bütün banklar üzrə açıqlanan məlumatların orta göstəricisi cəmi 59,2%-dir.
Açıqlanmalı olan məlumatlar Standartların müvafiq bəndlərinə uyğun olaraq 5 qrupa bölünüb:

1) Bank və onun fəaliyyəti barədə ümumi məlumat (Standartların 14.6-cı bəndi) – maksimal bal: 10 (ən çox açıqlanmalı olan məlumat bu qrupa daxildir). Açıqlanan məlumatların orta göstəricisi 48,6%-dir. Əsasən aşağıdakı məlumatlar açıqlanmır: idarəetmə orqanları və daxili komitələr, mükafatlandırma siyasətinin əsas prinsipləri, əlaqədar şəxslərlə bağlanmış əqdlərin ümumi məbləği və bu məbləğin bankın məcmu kapitalına olan nisbəti və dividend siyasəti.

2) İllik maliyyə hesabatları (Standartların 14.1-ci bəndi) – maksimal bal: 3 (yalnız son 3 il üzrə bir sənəddən ibarət olan məlumatdır). Açıqlamanın orta göstəricisi 91%-dir. Beləliklə, ən şəffaf qrup budur. Bu da başa düşüləndir: illik maliyyə hesabatı nəinki Standartlara, həmçinin bir sıra qanuna görə də hər bir halda mövcud olmalı və müvafiq dövlət qurumlarına da təqdim olunmalıdır.

3) Rüblük maliyyə hesabatları (Standartların 14.2-ci bəndi) – maksimal bal: 5. Açıqlamanın orta göstəricisi 82,6%-dir. Sözügedən hesabatlar hər bir halda Palataya da təqdim olunmalı olduğu üçün burada da şəffaflığın yüksək olması gözləniləndir.

4) Kapitalın strukturu və adekvatlığı barədə məlumat (Standartların 14.7-ci bəndi) – maksimal bal: 5. Açıqlamanın orta göstəricisi 82,6%-dir. Sözügedən məlumat rüblük hesabatın tərkib hissəsi olduğu üçün əvvəlki qrupla uyğunluq müşahidə olunur. Bununla belə, bir sıra bank leverec əmsallarını açıqlamır.

5) Risklərin idarə edilməsi barədə məlumat (Standartların 14.8-ci bəndi) – maksimal bal: 10 (birinci qrupdan sonra ən çox açıqlanmalı olan məlumat bu qrupa daxildir). Açıqlanan məlumatların orta göstəricisi 19,6%-dir. Beləliklə, ən qeyri-şəffaf qrup budur. Halbuki, investor və müştəriləri ilk növbədə məhz risklərin idarə edilməsi maraqlandırır. Bankların mütləq əksəriyyəti bu qrup üzrə yalnız ümumi sözlərlə kifayətlənərək konkret məlumatları açıqlamır. Əsasən aşağıdakı məlumatlar açıqlanmır: vaxtı keçmiş kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi, qeyri-standart kreditlərin cəmi və bu kreditlərin hər bir alt-kateqoriyası üzrə məbləği və kredit portfelində xüsusi çəkisi, kreditlər üzrə yaradılmış adi və məqsədli ehtiyatların məbləği və kredit portfelinə nisbəti, balansdankənar öhdəliklərin cəmi və növləri üzrə məbləği, kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin regionlar üzrə coğrafi bölgüsü, kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü, iri kredit borclarının məbləği və məcmu kapitala nisbəti, faiz riskinə həssaslıq üzrə təsnifat, sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı, fəaliyyətində istifadə edilən əsas xarici valyutalar və açıq valyuta mövqeyi üzrə prudensial normativlər göstərilməklə, bankın hər bir əsas valyuta üzrə ayrılıqda və məcmu açıq valyuta mövqeyi, hər bir valyuta üzrə aktivlərin və öhdəliklərin ödəniş müddətlərinin bölgüsü barədə məlumat.

Göründüyü kimi, banklar qeyri-şəffaf fəaliyyət göstərir. Palata da bu sahədə heç bir tədbir görmür. Palatanın açıq-aşkar monitorinq edilə bilən fəaliyyətinin səviyyəsi budursa, digər diskresion səlahiyyətlərinin icrası vəziyyətini heç təsəvvür etmək olmur. Bankların şəffaflıq reytinqi müştərilər və investorlar üçün nə deməkdir? Yaxşı bank özü haqda maksimal məlumat vermək istəyər. Heç olmasa qanunvericiliklə tələb olunan məlumatı açıqlayar. Gizlədirsə, deməli, özü haqdakı həqiqət mənfidir. Nəticəni isə hər kəs artıq özü rahat çıxara bilər…”

Ekspert məsələ ilə əlaqədar dövlət başçısına müraciət etdiyini də diqqətə çatdırıb.

Related Articles

+994 50 295 94 79
top