“Bakıya dizicırıq şalvarda gələnlər indi sponsorluq edir” – Şeyx Əbdül

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Bu gün Azərbaycan tamaşaçısının bizdən yeni və yüksək səviyyəli milli kinofilmlər tələb etməkdə haqlıdır. Amma bir problem var: Müstəqil prodakşınlar, özəl studiyalar var ki, onların çəkdikləri serialların bizdən yeni filmlər gözləyən tamaşaçılara heç bir aidiyyəti yoxdur”. 


Bunu “Təzadlar”a müsahibəsində kinorejissor, ssenarist və aktyor, Şeyx Əbdül Mahmudbəyov deyib. O, bildirib ki,  indi bizim onlara təsir mexanizmimiz də yoxdur. Əlbəttə ki, burada söhbət onların qeyri-peşəkarlığından gedir: “Bunun da bütövlükdə məsuliyyəti “Bacanaqlar”a, “Baldız”lara pul verib sponsorluq edənlərin və o serialları yayımlayan televiziyalarımızın üzərinə düşür. 

Mən bu barədə dövlət qarşısında rəsmi şəkildə məsələ qaldırmışam ki, bununla məşğul olsunlar. Bəla burasındadır ki, dünən Bakıya dizicırıq şalvarda gələnlər bu gün cəmiyyəti korlayan seriallara sponsorluq edirlər. Onların hamısını yaxşı tanıyıram. Özü də həmin pullar xalqdan oğurlanmış pullardır. Məsələ ondadır ki, bu sponsorların heç biri müstəqil iş adamı, biznesmen deyil, hamısı kimlərinsə qoltuğunun altına sığınaraq xalqı, milləti soyub talayırlar. Yaxşı, əgər bunlar xalqdan çapıb taladıqları pulları Azərbaycanın tarixinə, elminə, sənətinə, mədəniyyətinə xərcləmək istəyirlərsə, o zaman peşəkarlarla işləsinlər. Dövlət televiziyamız, dövlət teatrımız, dövlət kinostudiyamız var, daha pulları niyə havaya sovururlar?! 

Onu da qeyd edim ki, yalnız bizdə dövlət kinoya pul ayırır, ikinci bir xarici dövlətdə belə bir hal yoxdur. Sağ olsun dövlət başçımız, görün kinomuzun, mədəniyyətimizin inkişafı üçün nələr etmir?! Yaxşı, onda soruşuram, bu sponsorların nə marağı var ki, səviyyəsiz, mənasız seriallara pul xərcləyirlər, əvəzində də camaat bizi qınayır? Hələ söydüklərini demirəm”… 

Ə. Mahmudbəyov bildirib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazası dağıdılıb: “Bu günlərdə kinostudiyamızın sexinə getmişdim. Həmin sexdə nəyin olub-olmadığını əzbər bilirəm, çünki 57 ildir bu kinostudiyada çalışıram, özü də kinoda ilk fəaliyyətə assistentlikdən başlamışam. Görürəm ki, kinostudiyanın sexində heç nə qalmayıb. Hamısını satıblar. Bunlar, cəhənnəmə, kinostudiyanın həyətini belə satıblar. Kimlərsə gəlib orada evlər tikdirib. Ona görə də bizim hər şeyi dövlət başçısından tələb etməyə haqqımız yoxdur. Bir vətəndaş kimi heç olmasa, üzərimizə düşən işi özümüz görək, niyə hər şeyi prezidentdən istəməliyik? İndi soruşuram, məgər kinostudiyanın həyətini prezident satıb? Adamın bir az da vicdanı olar”. (“Yeni Sabah”)

Related Articles

+994 50 295 94 79
top