“EL TOPDAN” SUPERMARKETDƏ MƏNŞƏYİ MƏLUM OLMAYAN HİNDUŞKA ƏTİ SATILIR?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Müşfiqabad qəsəbəsində yerləşən bu supermarketdə çox keyfiyyətsiz, mənşəyi şübhə doğuran hinduşka, toyuq əti, kolbasa, sosiska endirim adı ilə əhaliyə sırınır

Bildiyimiz kimi, mənşəyi məlum olmayan ətin satışı barədə mütamadi olaraq, qəzet və saytlarda məlumat gedir. Düzdür, bu barədə Qida Təhlükəsizlik Agentliyi yaranandan sonra ciddi dönüş yaranıb. Mənşəyi məlum olmayan ətin satışı ilə məşğul olanların sayı xeyli azalıb. Ancaq ara-sıra yenə belə işbazların əməlləri barədə məlumatlar yayılır. 

Elə mən özüm də şəxsən belə halla qarşılaşmışam. Deməli, Bakının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin mərkəzində yerləşən El Topdan supermarketində keyfiyyəti şübhə doğuran hinduşka əti satılır. Doğranmış tikə halında satılan ətin satış qiyməti endirimlə 5.20 qəpikdir. Guya əvvəlki qiyməti 5.65 qəpik olub. İstər-istəməz maraq doğurur və cibə uyğun olduğu üçün almaq istəyirsən. Mən də belə etdim. Diri hinduşkanın qiymətinin 25-35 manat olduğunu düşünəndə fikirləşirsən ki, 10 manat 40 qəpiyə 2 kq. hinduşka əti əladır. Amma… kaş ki, bu əmma olmayaydı. 2 kq. həmin ətdən alıb evə gətirdim. Evdə məlum oldu ki, ətdən çox pis qoxu gəlir. Evin xanımı ilə qərara gəldik ki, bəlkə bu, hinduşka ətinin spesifik qoxusudur. Ancaq qaynadılanda ətrafa yayılan çox pis qoxu bizi əməlli-başlı qorxutdu və həmin əti tullamaqdan başqa çarəmiz qalmadı. Normal ətdən heç vaxt belə pis qoxu gəlmir. 

İstər-istəməz ətin mağazaya haradan gəlməsi ilə maraqlandım. Qəti söz deyə bilmədilər. Özü də dediyim kimi, bir çox mallar, o cümlədən hinduşka əti guya endirimlə satılır. Elə bəla da bundan başlayır. Digər bəla isə başqa ərzaqlara olan endirimlərlə bağlıdır. Belə ki, 0.5 kq. “Rosko” firmasının “zakaz” adlı kolbasasını alana, 0.5 kq. cız-bız sosiskaları hədiyyə edilirdi. Buna da aldanıb 0.5 kq. təklif olunan kolbasa aldım və elan olunduğu kimi, 0.5 kq. da cız-bız sosiskaları hədiyyə verildi. Evə gəlib dadına baxandan sonra bir daha aydın oldu ki, havayı ət siçan tələsində olur. Həmin kolbasa və sosiskanın keyfiyyətindən isə danışmağa dəyməz. Kolbasını yeyərkən nə onun dadı bilinir, nə də mənşəyi. Çünki çeynəyəndə elə bil ağzında kardon çeynəyirsən. Sosiska da keyfiyyətinə görə həmin kolbasadan geri qalmır. 

Gözdən-könüldən uzaq olduğuna görə hansısa işbaz Müşfiqabad qəsəbəsinin əhalisini avam görüblər. Ona görə də qaz vurub, qazan doldurmaq eşqinə düşüblər. Həm kolbasa və sosiska, həm də tikə halında olan hinduşka ətinin keyfiyyətsizliyi deməyə əsas verir ki, burada çox şübhəli məqamlar var. Yaxşı olar ki, Qida Təhlükəsizliyi Agentliyinin rəsmiləri Müşfiqabad qəsəbəsindəki El Topdan supermarketində satılan kolbasa, sosiska, hinduşka, hissələrlə satılan toyuq ətinin keyfiyyətini və mənşəyini yoxlasınlar. 

Mən inanıram ki, bu agentlik həmin mağazada çox ciddi qanunsuzluqlar aşkar edəcək. Bununla da əhalinin ölüm təhlükəsi ilə və müxtəlif xəstəliklərə yoluxma ilə üzbəüz qalmasına imkan verməyəcəklər.

Mövzunu diqqətdə saxlayacağıq.

“Tezadlar”

#“EL TOPDAN” SUPERMARKETDƏ MƏNŞƏYİ MƏLUM OLMAYAN HİNDUŞKA ƏTİ SATILIR?

#“EL TOPDAN” SUPERMARKETi

Related Articles

+994 50 295 94 79
top