Sumqayıt Regional Vəkil Bürosunun inzibati binasının açılışı olub

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) ilk regional qurumu olan – Sumqayıt Regional Vəkil Bürosunun inzibati binasının açılışı olub.

VK-dan Yenilik.az-a verilən məlumata görə, regional büronun açılışı Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunan silsilə tədbirlərin davamı olaraq həyata keçirilməkdədir.

Qeyd edək ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi, 71 ünvanındakı doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən həmin inzibati bina Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası məqsədilə 19 sentyabr 2018-ci il tarixdə VK-nın əvəzsiz istifadəsinə verilib.

Vətəndaş məmnunluğunun, vətəndaşların və təşkilati-hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatların hüquqi yardıma sürətli çatımlılığın təmin edilməsi, habelə Sumqayıt Regional Vəkil Bürosunda normal iş şəratinin təşkil edilməsi məqsədilə inzibati binanın təmiri zəruri olduğundan ötən müddət ərzində həmin binanın təmiri həyata keçirilib.

İnzibati binanın təmiri ilə yanaşı, Sumqayıt Regional Vəkil Bürosunun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə həmin vəkil qurumu mebel, kompüter və digər zəruri avadanlıqlarla təmin edilib ki, bu işlərin görülməsi dövlət büdcəsinin Ehtiyat Fondundan bu məqsədlər üçün VK-na ayrılmış vəsait hesabına təmin edilib.

Təmir işlərinin bilavasitə dövlət vəsaiti hesabına aparıldığı nəzərə alınaraq bununla bağlı Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə tikinti-təmir sahəsini tənzimləyən digər hüquqi aktların tələblərinə uyğun olaraq inzibati bina üzrə görüləcək işlərin həcmi dəqiqləşdirilmiş və təmirlə əlaqədar ehtimal olunan qiymətlərin müəyyən edilməsi məqsədilə VK tərəfindən müvafiq qaydada Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət edilib.

Tikintidə Qiymətqoyma Mərkəzinin həmin obyekt üzrə təqdim etdiyi hesabatlara əsasən inzibati binanın təmir işlərinin ƏDV daxil 58.991,53 manat təşkil etdiyi bildirilməsinə baxmayaraq, dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə qənaətlə və daha da səmərəli şəkildə istifadəsinin təmin edilməsi məqsədilə işlərə ümumilikdə ƏDV daxil 30.444 manat vəsait xərclənib. Eyni zamanda təmir işləri çərçivəsində inzibati binanın infrastrukturunun təchiz edilməsi, habelə onun mebel və kompüter avadanlıqları ilə təmin edilməsi üçün ƏDV daxil 25.924 manat vəsait xərclənib.

Hazırda sahəsi 171,6 kv.m olan həmin inzibati binada konfrans zalı, konfidensial otaq, qəbul masası, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik iş otağı olmaqla, növbətçi vəkil masası, qonaq vəkil masası, mətbəx, sanitar qovşaqlar və digər şəraitlə təmin edilmiş, habelə gələcəkdə VK Tədris və Hüquqi Yardım Mərkəzi ilə əlaqəli şəkildə region vəkilləri üçün distant təlimlərin keçirilməsi məqsədilə telekonfrans sisteminin qurulması da nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan Repsublikanın 14 rayon və şəhərləri üzrə bütün vətəndaşlar, habelə təşkilati hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatlar Sumqayıt Regional Vəkil Bürosunun hüquqi yardım üzrə xidmətlərindən yararlanmaq imkanına malikdirlər.

Məlumatda qeyd olunub ki, bu gün Sumqayıt Regional Vəkil Bürosunun tənətənəli açılış mərasimi ilə bağlı VK rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoymuş, dahi liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra region vəkillərinin, Milli Məclis deputatlarının, yerli icra hakimiyyəti, habelə məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri və KİV nümayəndələrinin iştirakı ilə Sumqayıt Regional Vəkil Bürosunun inzibati binasının təntənəli açılışı keçirilib.

Related Articles

+994 50 295 94 79
top