ProMete: Xoşqədəmlə Zaur heç kimə yardım etmir, efirdə şou göstərir – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Keçmiş “Host” qrupunun üzvü, repçi Pərviz İsaqovun (ProMete) Oxu.Az-a müsahibəsi:

– Mete ilə Pərvizin fərqi…

– Rəsmiyyət və səmimiyyət. Biri hadisələrə daha rəsmi, digəri daha səmimi yanaşır.

– “H.O.S.T”dan ayrılandan sonra Metenin həyatında nələr dəyişdi?

– “H.O.S.T”un fəaliyyətini dayandırması mənim evləndiyim ərəfəyə düşür. O ərəfədə fəaliyyətimi biznes yönündə inkişaf etdirməyə başladım. Beləcə, ailə və biznes məsələlərinə fokuslandım. O zaman köhnə mahnılardan ibarət bir albom yazdırdım. Elə bu albomdan sonra beş-altı ildir ki, fasilədəyəm. Lakin sinqllar buraxıram, keçən ildən hazırlamağa başladığım bir albom da var, onu bu il yekunlaşdırmağı planlaşdırıram.

– Albomların satılır?

– Bəli. Disk şəklində albomları az sayda buraxıram. Daha çox “itunes”, “spotify” kimi rəqəmsal proqramlar üçün albomlar hazırlayıram. Daimi gəlir var. Hər ay hansısa yeni hesabatlar gəlir. Baxıb görürəm ki, insanların marağı var. Amma bu gün nəinki Azərbaycanda, eləcə də, bütün dünyada keyfiyyət yox, davamlılıq önəmlidir kimi bir tendensiya var. Mütəmadi olaraq kontent buraxırsansa, deməli, dinləyicilər sənə maraq göstərir, izləyir. Hətta keyfiyyətsiz iş belə ortalığa çıxarsan, onların diqqətini yenə cəlb edəcəksən.

– “Itunes”dan nə qədər gəlir əldə edirsən?

– Bir mahnını bir nəfər yükləyəndə 1 dollar, albomdan isə 10 dollar qazanıram.

– Dedin ki, şəxsi biznesin var. Nə işlə məşğul olursan?

– Mən bir prodakşn sahibiyəm. Kino və reklam sahəsində işlərim var. Son zamanlar film “soundtrack”ləri üzərində işləyirəm. Amma ümumi götürəndə, video və audio sənayesinə girişmişəm. Hələ də bu istiqamətdə işlərimi davam etdirirəm, kifayət qədər uğurlu gedir.

– Azərbaycanda bu sahədən yetərincə pul qazanmaq olur?

– O qədər yaxşı pul qazanmaq olur ki, altı ildən sonra geri dönüb albom hazırlayıb, çıxara bilirsən (gülür).

– Niyə Azərbaycanda rep sanki rəhmətə gedib?

– Deməzdim. Hər dövrdə repin müəyyən dinləyici kütləsi olur ki, onların istədiyi rep məzmununu, kontentini yeni nəsil reperlər verir. Yeni çıxan bir sıra reperlər var ki, onların yetərincə böyük auditoriyası var.

“Rəhmətə gedib” məqamının birbaşa cavabı odur ki, sizin zamanınızın reperləri indi aktiv fəaliyyətdə deyillər. Sizin dinləmədiyiniz reperlər aktivdirlər. Dinlədiyiniz reperlərin aktivliyinin azalmasının səbəbi Azərbaycanda repin o qədər də gəlirli janr olmamasıdır. Rep pop kimi gəlirli sahə olsaydı, məsələn, bu sahənin ifaçıları toya getsəydi, o zaman bu janr digərlərindən daha öndə və populyar olardı. Nümunə olaraq, Ramil Nabran və Nadir Nağd Pulu göstərmək olar.

Repçilər özlərinə sığışdıra bilmirlər ki, onların ifaları altında kimsə restoranda oturub kabab yesin. Repçilərin əsas mövzusu sosialdır. Kim istəyər ki, restoranda oturub yeyib, içib dincələndə suyum, qazım gəlmir kimi sosial yönümlü problemlər eşitsin? İnsanlar restorana yemək yeməyə gedir, “Can canadır, can cana” kimi yüngül mahnı sədaları altında dincəlməyə üstünlük verir. Yedi, oynadı, tərlədi, getdi evə. Gimnastika.

QARAQANLA İNDİYƏ KİMİ DANIŞMIRIQ

– “H.O.S.T” qrupunda gözə daha çox Qaraqan görünürdü. Siz isə sanki onun kölgəsində qalmışdınız. 

– Bu, düz ifadə deyil. Ən aktiv üzvümüz – istər ideoloji, istər yazmaq və görünmək tərəfdən Qaraqan idi. Kölgəsində qalmaq fikrinə gəldikdə isə, qrupda olanda heç kəs heç kimin kölgəsində qalmır. Qrupda hər kəsin öz vəzifəsi olur. Danılmaz faktdır ki, hamımızdan öndə elə indi də Elxandır. Bizim indi də münasibətimiz və əlaqəmiz yoxdur. Səbəb isə şəxsi məsələlər, uzlaşlaşmamağımızdır.

– Rep həm də azadlığın təcəssümüdür. Mete özünü nə dərəcədə azad hiss edir?

– Mən yetərincə azadam. Bunu deməyim, çünki mənə filan şeyi deyəcəklər kimi düşüncəm yoxdur. İstədiyim şeyi istənilən mövzuda söyləməkdə azadam. Mən də, həyat yoldaşım da, uşağım da tam azad düşüncəliyik. Ailəmdə hamının sözü, fikri dinlənilir.

Related Articles

+994 50 295 94 79
top