Yeni ana olmuş qadınlara zəng edən kimlərdir? Şok iddialar

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bir neçə gün öncə doğum evlərində süni uşaq qidalarının körpələrə verilib verilməməsi ilə bağlı yazı hazırlamışdım. Yazıda müsahiblərimdən biri pediatrların əksəriyyətinin süni qida firmaları ilə gizli əlbir işlədiyini qeyd etmişdi.

Ona görə də, ilk əvvəl ana südünü təbliğ edən anasudu.az qadınlar şəbəkəsi tərəfindən hazırlanmış qrafika ilə tanış oldum. Cədvəldə süni qida tövsiyyə edən xəstəxanaların, pediatrların və süni uşaq qidalarının adları yer almışdı. Həmin cədvələ uyğun olaraq analar qrupundakı qadınlardan bir neçəsi ilə əlaqə saxladıq.

Gənc ana Xəyalə Səfərova :

“İlk övladıma süni qida verilib. Övladımı 7 nömrəli doğum evində dünyaya gətirmişəm. Pediatrın adı yadımda deyil. Süni qidanın vacib olduğunu dedilər. Səhv etmirəmsə, Hipp, Humana olmalı idi. Evdə süni qidadan istifadə edib etmədiyimizi zəng vurub soruşdular. Həkim demişdi ki, verməsəniz, belə xahiş edirəm deyin ki, ya Hipp, ya Humana verirsiniz”.

Daha sonra bu sualla bir başqa anaya – Hüsniyyə Cəfərovaya müraciət etdik:

“Mən Baku Medical Plaza xəstəxanasında olanda şərtlərimi əvvəlcədən qoymağıma baxmayaraq, birinci gecəni uşağı məcburən əlimdə aldılar və “süni qida verərik, yatar” dedilər. Mən palatada tək olmadığım üçün və xəstələrin ağlayan körpəyə görə şikayət edəcəyindən çəkindim. Uşağı tibb bacısına verməli oldum. Amma səhəri tibb bacısını şikayət etdim. Pediatr şikayətimdən sonra ehtiyyat etdi. Xəstəxanadan çıxanda resept verildi. Receptdə bağırsaq florası və köp dərmanı ilə yanaşı “Nutrilon” yazılmışdı. Sadəcə, hər şey hədiyyəli çantanın içinə qoyulmuşdu”.

Başqa bir ana ilə danışıram. Xəstəxanada soruşmadan “südün yoxdur” deyib, övladına istədikləri qarışıq verdiklərini deyən Səbinə Hüseynova pediatrların süni qida firmaları ilə əlaqəli işlədiyindən və ona gələn zənglərdən danışır:

“Firmanın zəng vurulması həqiqətdir. Şəxsən mənə düz 3-4 dəfə həkim zəng vurub tapşırıb ki, əgər zəng vursalar “süni qida verirəm” deyərsən. Mən buna etiraz edib deyəndə ki, “mən ana südü verirəm”, o zaman həkim “axı sənə “Nutrilon” süni qidasını yazmışam. Onlara ana südü maraqlı deyil, sən belə de”-dedi. Onların kim olduğunu həkimdən soruşanda cavab ala bilmədim”.

2013-cü ildə ana olan Aygün Rzayeva ilə söhbət edirəm:

“Övladım 6 nömrəli xəstəxanada dünyaya gəlib. Qidanın adı adi kağızda yazmışdı. Yəni resept deyildi. Xəstəxanda “Similak” verilirdi. Kağızda da o yazılmışdı.”

Oğlunu heç kimə etibar etmədiyini deyən, Leyla Əhmədova isə başqalarından fərqli olaraq doğum evində ona süni qida təklif edilmədiyini deyir:

“Mən “Semaşko”da doğuşdan sonra özüm gedib oğlumu götürdüm. Çünki, israr etməyimə baxmayaraq, uşağı mənə gətirmədilər. Süni qida veriləcəyindən ehtiyat etdiyim üçün belə davrandım. Ona görə məndən çəkinirdilər. Heç bir süni qida təklif edən olmadı. Amma palata yoldaşlarım haqqında deyə bilərəm ki, kimin uşağını pediatr müayinə edirdisə, o dəqiqə süni qida və müxtəlif dərmanları aldırırdı”.

Türkan Qafarlı birinci övladını Respublika Xəstəxanasında dünyaya gətirib. Ancaq onu xəstəxanaya nifrət etdiyini deyir. Buna səbəb isə həm şəraiti görə, həm də doğuşda onu incitdiklərini bildirir:

“Orda süni qida cəhətdən məni çox incitdilər. O qədər stress yaşamışdım ki, orada 3 gün qalmaq belə çox idi. Tibb bacısı, uşaq həkimi tez-tez gəlib deyirdi ki, sən uşağı ac qoyursan. Hətta məndən xəbərsiz “Nutrilak” vermişdilər”.

3 ay öncə Məlik Aslanov adına 6 nömrəli şəhər xəsətəxanasında keysəriyyə ilə ana olmuş Kəmalə Məmmədli xəstəxanada “Nutrilak” verildiyini dedi:

“Uşağım da indiyə kimi bağırsaq mikrobundan əziyyət çəkir. Amma sahə həkimi və ordakı pediatr ana südünün faydalarından danışdı və əgər ana südü olmasa bu qarışıq davam etdir dedilər. Evə zəng olunub. Düzü, 3 dəfə zəng olunub. Heç birində də uzatmadan qısa kəsmişəm. Dedim ki, “axırıncı dəfədir zəng edirsiz. Bir də narahat etməyin”. Hazırda ana südü və 1dəfə “Nutrilak”verirəm . Guya ki müalicəvi xeyri var”.

Arzu Həsənova isə həkimin təkidinə baxmayaraq körpəsinə ana südü verdiyini deyir:

“Hər şey ananın özündən aslıdır. Ana gərək, uşağına qarşı son dərəcə məsuliyyətli olsun, israrla əmizdirmək istədiyini təkid etsin. Klinikada qalanda hər yarım saatdan bir uşaq palatasına zəng edib xatırladırdım ki, körpəmə smes qətiyyən verməsinlər. 2 oğlum var ikisini də ana südü ilə böyüdürəm. Südü olmayan qadın yoxdur, sadəcə, rahatlığa qaçan ana çoxdur”.

Övladının bir yaşını bu ay qeyd etməyə hazırlaşan Gülşən Heydərova:

“Sumqayitda “Real sağlamlıq” Tibb mərkəzində övladımı dünyaya gətirdim. “Frisolak” yazdılar. Xəstəxanadan ayrılandan sonra 1 ay ərzində pediatrlar gəlib uşağımı müayinə edirdilər. Axırıncı dəfə gələndə bir həkim həyəcanla dedi ki, “uşağa südün kifayət etmir. Ona “Frisolak” ver”. Halbuki, məndə süd kifayət qədər idi”.

Qardaşı oğlunun “Semaşko”nun doğum şöbəsində dünyaya gəldiyini deyən Nəzrin Hacıyeva, pediatrın uşağın çəkisinin çox olduğu üçün ana südü ilə doymayacağını və təcili olaraq “Nutilon” alınmalı oldunu deyib:

“Amma gəlinimiz ana südü verəcəyini israr edəndə, həkim: “uşaq ağlasa, bizə müraciət etmə” dedi”.

Sonuncu müsahibim isə Ceyran Əsgərova isə digər xəsətxanalardan fərqli olaraq ona ana südünün məsləhət görüldüyünü də dedi:

“Doğuş Astoriya Tibb Mərkəzində olub. Körpəmə heç vaxt süni qida verilməyib. Axırıncı gecədən başqa, ancaq yanımda olub. Onda da “Hipp” qidasını verdilər. Pediatr ancaq ana südünü yazdı, başqa süni qida yazmadı. Özü də dedi ki, UNICEF ancaq ana südünü məsləhət görür. Amma başqa analara körpələrinə süni qida verirdilər”.Femida.az

Related Articles

+994 50 295 94 79
top