Aztəminatlı ailələr üçün nəzərdə tutulan “Güzəştli evlər” kirayəyə verilir

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan güzəştli mənzil kirayəyə verilir.

Bizimyol.info xəbər verir ki, bu barədə elan əmlak alqı-satqısı saytlarının birində verilib.  Elanda qeyd olunub ki, MİDA-nın layihəsi olan Yasamal Yaşayış Kompleksində yeni tikilən 10 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı mənzil kirayəyə verilir.

Qanunvericiliyə əsasən MİDA-dan alınan mənzillər üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə məhdudiyyət nəzərdə tutulub.

Məsələ ilə bağlı 23 may 2019-cu il tarixdə MİDA-nın elektron ünvanına informasiya sorğusu göndərilib. Cavab gecikdiyi üçün Agentliyin mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxlanılıb. Qrumun mətbuat katibi Diana Dadaşova “cavab hazır olanda göndəriləcək” deyib.

Qeyd edək ki, “İnformasiya əldə etmək haqqında” qanunun 24-cü maddəsinə (İnformasiya sorğusunun icra müddəti) əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir.

Xatırladaq ki, MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə yeni elan verib. Elanda bildirilib ki, Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcəkdir.

Related Articles

+994 50 295 94 79
top