“Mehman Əliyev media azadlığından danışacaq ən sonuncu adamlardan biridir” – YAP-çı baş redaktor

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev mətbuata açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu ( KİVDF) sərt tənqid edib. O, medianın vəziyyətinin olduqca ağır olduğunu və KİVDF-nin apardığı siyasətin iflasa uğradığını bildirib. Bu səbəbdən, qurumun buraxılmalı olduğunu xüsusi vurğulayıb. 

Yenilik.az xəbər verir ki, M.Əliyevin tənqidi fikirlərinə KİVDF-nin münasibəti özünü çox gözlətməyib. Belə ki, KİVDF Müşahidə Şurasının üzvü, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev SİA-ya açıqlamasında qurum əleyhinə olan fikirlərə bu cür mövqe bildirib: 

“Bu gün Azərbaycan Respublikası regionun ən inkişaf edən ölkəsi kimi bir çox dünya ölkələri üçün nümunə olaraq göstərilməkdədir. Ölkəmizin nümunəliyi və model olaraq təqdim edilməsi sosial-iqtisadi, hərbi-humanitar aspektlə yanaşı respublikamızın siyasi-hüquqi inkişafı, reallaşdırılan islahatlar baxımından da xüsusi diqqətçəkəndir. Son 15 il ərzində ölkə iqtisadiyyatının 3 dəfədən çox artması, insanların sosial rifah halının yüksəlməsi, ölkəmizin kosmik kluba daxil olması, bütün ciddi hesabatlarda, beynəxalq təşkilatların məruzələrində öncül yerlərdə qərarlaşması bir daha Azərbaycanın inkişafı ilə qlobal müsbət imicin formalaşmasına əsas yaradıb.

Əlbəttə ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib və mühüm nailiyyətlər əldə edilib. Xüsusilə də nəzərə almaq lazımdır ki, ölkədə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına mühüm əhəmiyyət verilir və bu mənada Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2007-ci ildə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiq edilib, bu sahədə ixtisaslaşmış qurum kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. 2008-ci ildə fəaliyyətə başlayan Şura ictimai təşəbbüsləri dəstəkləyərək QHT-lərin minlərlə layihəsini maliyyələşdirib. Göründüyü kimi, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Məhz, bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanda 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları sərbəst fəaliyyət göstərir.

Azərbaycanda demokratik ictimai-siyasi təsisatlarla yanaşı, medianın inkişafı da dövlətin diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, bu istiqamətdə ardıcıl olaraq islahat xarakterli səmərəli tədbirlər həyata keçirilir və ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması bu sahədə hüquqi əsasları daha da gücləndirib, media təsisatının funksionallığının artmasına səbəb olub. Atılan addımların nəticəsidir ki, Hazırda ölkədə 5 mindən çox kütləvi informasiya vasitəsi, “az” domenində qeydiyyata alınmış internet saytlarının sayı isə 25-30 mini ötüb. 10 milyona yaxın əhalinin 80 faizi internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir.

Bütün bunlarla yanaşı maddi-texniki baxımdan güclənən hər bir media orqanı qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərir. Elə qəbul edilmiş “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” və başqa qanunlarla ölkədə media qurumlarının qanunlara müvafiq surətdə sərbəst şəkildə yaradılması və fəaliyyəti təsbit və təmin edilib. Eyni zamanda, Prezident İlham Əliyev ötən dövr ərzində KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı qərarlar qəbul edib. Məhz, medianın inkişafına xidmət edən əhəmiyyətli addımlardan biri də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasıdır.

Əsas məqsədi Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirmək olan KİVDF son 10 il ərzində jurnalistlərin peşəkarlığının artırılması, sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri xüsusi qeyd etmək olar.

Lakin çox təəssüflər olsun ki, hər bir sahədə olduğu kimi media sektorundakı nailiyyətlərə və uğurlara kölgə salmaq istəyən anti-milli ünsürlər bu dəfə KİVDF-nin üzərinə hücumlar edir, siyasi sifariş əsasında azad və müstəqil medianın dəstəkçisi olan qurumun fəaliyyətini ləkələməyə çalışırlar. Amma o da heyrətləndiricidir ki, bu işdə öndə gedənlər özləri çirkli məqsədlər üçün ayrılmış qrantların mənimsənilməsi üzrə ixtisaslaşmış “qarayaxma maşınları”dır. Elə onlardan biri də bütün fəaliyyətini yalnız qrant mənimsəmək fəlsəfəsi üzərində quran, xüsusilə də, Azərbaycanda media sektorunun inkişafından narahatlıq keçirən təşkilatların, yaxud qüvvələrin sifarişlərini yerinə yetirən Mehman Əliyevdir. Bu həmin Mehman Əliyevdir ki, şəxsi maddi maraqlarına görə Azərbaycanda demokratikləşmə prosesinin, xüsusilə də media sektorunda həyata keçirilən məqsədyönlü işlərin səmərəli nəticələrini ləkələmək üçün yüzminlərlə dollar qrant almış, hətta Soros fomdunun 1 milyon dollar maliyyəsini mənimsəməkdə ad çıxarmış dələduz kimi tanınır. O, reallıqlara uyğun olmayan fikirlər səsləndirir, əldə edilmiş nailiyyətlərin üzərinə kölgə salmaq istəyir, hətta irəli gedərək KİVDF-nin buraxılmasını “arzulayır”.

Axı, hər kəsə bəllidir ki, son 10 il ərzində KİVDF Azərbaycanda medianın inkişafına çox güclü təsir göstərib. Hətta, media ekspertləri də vurğulayırlar ki, məhz KİVDF xəttilə mətbuatın inkişafına mühüm töhfələr verilib, medianın fəaliyyətində əsaslı dəyişikliklər meydana gəlib. Məhz, bu kontekstdən çıxış edərək demək olar ki, Mehman Əliyev kimilər yaxşı olar müxtəlif təşkilatlardan, xüsusilə də gizli məqsədlərin reallaşdırılması üçün Sorosdan aldığı qrantların hesabatını versin. Bu gün bu sahə ilə maraqlanan bir çox insan bilir ki, Mehman Əliyev Azərbaycanda Soros fondundan 1 milyon dollardan artıq qrant şəklində verilən pul almış 4 nəfərdən biridir.

Ümumiyyətlə, Mehman Əliyevin KİVDF-yə hücumu heç də təsadüfi xarakter daşımır. Çünki, Mehman Əliyev “Soros” fondunun Azərbaycan bölümünün idarə heyətinin rəhbəri təyin olunduqdan sonra ilk hücum etdiyi təsisatlardan biri Mətbuat Şurası olmuşdu. Əlbəttə, o zaman layiqli cavabını almış Mehman Əliyev bir müddət qınına çəkilsə də, görünür 10 illiyi qeyd olunan KİVDF-yə hücum sifarişi alıb. Amma indidən deyə bilərəm ki, Mehman Əliyevin bu xain hücumu da nəticəsiz qalacaq. Çünki, cəmiyyət qarşısında gözü kölgəli olan Mehman Əliyev hələ də ictimaiyyəti maraqlandıran suallara cavab verməkdən boyun qaçırır. Məsələn, vaxtilə şəhərin mərkəzindəki böyük ofisin, “Turan” agentliyində çalışan onlarla jurnalist və texniki heyətinin, özünün gündəlik lüks həyatının xərcini hansı mənbədən ödəyirdi? Əslində, heç söyləməsə də olar. Çünki hər kəs bu pulların mənbəyini yaxşı bilir və bu səbəbdən də Mehman Əliyev ölkəmizdə media azadlığından, mətbuatın inkişafından danışacaq ən sonuncu adamlardan biridir”.

Related Articles

+994 50 295 94 79
top