420 manatlıq təklif etdik, 1000 manatlıq iş istədi” — Nazirlik rəsmisindən narazı şəxslə bağlı AÇIQLAMA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bəzi sosial şəbəkələrdə yayılan videoçəkilişdə Gəncə şəhər sakini, hazırda Bakının Səbail rayonunda yaşayan Salahov Pərviz Şükür oğlunun onun işlə təminatına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən köməklik göstərilmədiyi barədə söylədikləri əsassızdır.


Yenilik.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib. 


O deyib: “Belə ki, son vaxtlarda P.Salahovun işlə təmin olunmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qəbul otağına etdiyi müraciətə uyğun olaraq nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ona bir sıra iş yerləri, o cümlədən “McDonalds” MMC şirkətində aylıq 320 manat və paytaxtdakı yanacaqdoldurma məntəqələrindən birində (iş rejimi iki gündən bir olmaqla) aylıq 420 manat əmək haqqı olan iş yerləri təklif edilib.


Lakin vətəndaş aylıq azı 800-1000 manat əmək haqqı olan iş yerində işləmək istədiyini bildirib və təklif olunan iş yerlərindən imtina edib.


Hazırda Dövlət Məşğulluq Xidmətinin vakansiya bazasında 800-1000 manat və daha yüksək əmək haqqı olan vakant iş yerləri olsa da, heç bir peşə və ixtisasa, konkret bir sahədə əmək təcrübəsinə malik olmayan P.Salahov həmin iş yerləri üzrə işəgötürənlərin tələblərinə cavab vermir.


30 iyul 2019-cu il tarixdə P.Salahov yenidən nazirliyin inzibati binasının qəbul otağına gələrək bu dəfə nazirlə görüşmək istədiyini bildirib. Ona ilk növbədə Dövlət Məşğulluq Xidmətinin rəisi və nazir müavini tərəfindən qəbul edilmək təklif edilib və o buna razı olsa da, qəbula gəlməyib.


Vətəndaşın guya nazirlə görüşməyin mümkün olmaması barədə qeyd etdikləri isə onun subyektiv fikridir. Təkcə bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən 450 vətəndaş fərdi qaydada qəbul edilib, nazir müavinləri və Aparat rəhbəri tərəfindən isə bu dövrdə 337 vətəndaşın qəbulu həyata keçirilib.


P.Salahovun başqa bir şəxslə, əvvəlcədən düşünülmüş şəkildə nazirliyin qəbul otağı qarşısına gələrək, burada onun ittihamedici videoyazısının təşkil edilməsi və yayılması, şübhəsiz ki, bu şəxsin işsizliyinin hansısa qrupun “maraq obyekti”nə düşdüyünü və bundan kimlərinsə öz məqsədləri üçün “istifadə etdiyini”, P.Salahovu narazı vətəndaş qismində “sosial şəbəkə qəhrəmanı”na çevirmək cəhdini açıq-aydın göstərir”.

Related Articles

+994 50 295 94 79
top