Azərbaycanda Mübariz Mənsimov haqqında məhkəmə qərarı – hər uşağa görə 5 min manat

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı işadamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov milliyyətcə gücrü olan keçmiş həyat yoldaşı Tamara Murusidze ilə uzun müddət məhkəmədə çəkişib. Bütün bu məhkəmə prosesləri Azərbaycanda olub.

Bizimyol.info xəbər verir ki, Bakının Nizami Rayon Məhkəməsinin 23 yanvar 2014-cü il tarixli qərarıyla M.Mənsimovla T.Murusidze arasında nikah pozulub. Bu nikah 2001-ci ildə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda qeydə alınmışdı. Onların birgə nikahdan 2002, 2004 və 2011-ci il təvəllüdlü üç övladı var. Məhkəmə onların analarının yanında qalmasına, M.Mənsimovun üzərinə isə uşaqların hər birinə görə ayda 5 min manat aliment ödəmək öhdəliyi qoyub. İşadamı bu məbləğə etiraz etməyib.

Məhkəməyə nikahın pozulması üçün M.Mənsimov müraciət edib.

T.Murusidze (birgə nikah dövründə o, həyat yoldaşının atasının adına uyğun olaraq, Qurbanoğlu soyadını götürüb) Nizami Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Göstərib ki, Nizami Rayon Məhkəməsi ərizəni düzgün icraata götürməyib, əslində, onu baxılmamış saxlamalıydı. Məhkəmə tərəflərin barışması üçün də cəhd göstərməyib.

Məhkəməyə İstanbulda gedən araşdırma barədə bir sənəd də təqdim olunub. O sənəddən aydın olur ki, 29 noyabr 2013-cü ildə T.Qurbanoğlu orada işadamına qarşı nikahın pozulması, ümumi birgə mülkiyyətin bölüşdürülməsi barədə iddia qaldırıb. Qadın Azərbaycandakı məhkəməyə etiraz edərək göstərib ki, eyni predmet üzrə artıq iş açılıbsa, ikinci ərizə baxılmamış saxlanmalıdır.

Əvvəlcə Bakı Apellyasiya Məhkəməsi onun şikayətini icraata götürməyib ki, şikayət vermək üçün müddəti ötürmüsən. Sonra bu məsələyə Ali Məhkəmə baxıb, müddətin ötürülmədiyi nəticəsinə gəlib. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi şikayətə baxsa da, qərarı dəyişməyib. Ali Məhkəmə də aşağı instansiyaların qərarını qüvvədə saxlayıb.

Bundan başqa, tərəflər arasında uşaqlarıa ünsiyyət üçün də məhkəmə çəkişməsi olub. Həmçinin Azərbaycanlı milyarderin keçmiş xanımı onun sevgilisini də məhkəməyə verib. Bu barədə Türkiyə mətbuatı da yazıb.

Yenilik.Az Türkiyə mediasına istinadən bildirir ki, M.Mənsimovun həyat yoldaşı Tamara Qurbanoğlu iş adamının sevgilisi Ülviyyə Qasımovanı məhkəməyə verib. Qasımovadan 1 milyon TL (48033.21 ABŞ dollar) təzminat tələb edən Tamara xanım qarşı tərəfin ona qarşı hər hansı addım atmamasını da qanunla qadağan etdirdi.

Bu barədə Türkiyənin haber7.com portalı yazmışdı. Xəbərdə bildirilirdi ki, Türkiyə vətəndaşı olan Mübariz Qurban oğlu Mənsimov ona qarşı boşanma iddiası qaldıran həyat yoldaşı ilə savaşa girib.

Xəbərdə deyilirdi: “Forbes” jurnalının dünyanın ən zənginləri siyahısında yer alan Mənsimov 13 il əvvəl ailə qurduğu Tamara Qurbanoğlu (əslində Mənsimovun xanımı Tamara Mənsimova ad-soyadını daşıyır-red) ilə dünya evinə girdi. 13, 9 və 2 yaşlarında 3 uşaqları olan cütlüyün xoşbəxtliyinə kölgə düşdü.

Cütlüyün evlilik həyatı iş adamının Azərbaycanda sahibi olduğu jurnalın U.G. adlı redaktoru ilə yaşadığı iddia edilən əlaqə üzündən alt-üst oldu. Tamara Mənsimova boşanma davası açdı. Ərinin 6 milyard dollarlıq sərvətinin yarısını tələb etdi. Əri ilə nigahdan kənar münasibətlər yaşayan U.G. haqqında isə 1 milyon lirəlik təzminat iddiası qaldırdı. 3 milyard dollarlıq boşanma davası davam edərkən iş adamı ilginc bir həmlə etdi.

Mübariz Mənsimovun vəkili 2 polisin müşaiyəti ilə Tamara Qurbanoğlunun oturduğu Beşiktaşdakı lüks villaya getdi. Qarajda olan “Bentley” və “Audi” markalı 2 avtomobili alaraq evdən ayrıldı.

Bu hadisəni vəkilinə bildirən Tamara Mənsimova axtarış qərarı, prokuror əmri və ya məhkəmə qərarı olmadan belə addımın atılmasının qanunsuz olduğunu öyrəndi. Ərinin vəkili və 2 polis məmuru haqqında cinayət ittihamı ilə şikayət ərizəsi yazdı. Tamara xanım İstanbulun Etiler polis şöbəsinin O.S. və Y.T. adlı əməkdaşlarının cinayət işlədiklərini iddia etdi”

İstanbul 1-ci Ailə Məhkəməsində çıxarılan hökmə görə, Ülviyyə Qasımovanın Tamara Qurbanoğlu və ailəsini narahat etməsi qadağan edilib.

Qeyd olunur ki, Ülviyyə Qasımova Mübariz Mənsimovun sevgilisidir və əslində qoruma qərarı Mənsimova qarşı verilib.

Bu arada qeyd edək ki, Yenilik.Az tanınmış hüquqşünas Aslan İsmayılovun illər əvvəl Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova yazdığı və sosial şəbəkədə ictimailəşdirib sonradan sildiyi məktubundan bəzi qeydləri əldə edib. Qeyd edək ki, məktub məhkəmə sistemi ilə bağlı nöqsanlarla bağlı olsa da, daha da önəmlisi “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovla bağlı məqamlardır. İctimai marağa səbəb olan həmin hissəni qısa ixtisarla yayımlayırıq:

“Bu il 17 aprel 2014-cü il tarixdə qəbuluma gələn, Türkiyə və Azərbaycanda tanınmış iş adamı Mübariz Mənsimovun həyat yoldaşı, Tamara Mənsimova bildirmişdir ki, onun xəbəri olmadan Bakı şəhəri Nizami rayon məhkəməsində mülki işə baxılmış, 3 azyaşlı uşağı olmasına baxmayaraq qısa müddətdə nigahlarına xitam verilmiş və qüvvəyə minmiş qətnamə məlumat üçün Türkiyə məhkəməsinə göndərilmişdir. T. Mənsimovaya bu cür qanunsuzluğun ola biləcəyini zənn etmədiyimi bildirsəm də, elə həmin günü etibarnamə alaraq işimə başladım. Çox çətinliklə yalnız 24 aprel tarixdə mülki işin materialları ilə tanış ola bildim. İş materiallarında olan qanunsuzluqlar, uzun illər hakimlik, prokurorluq, vəkillik təcrübəsi olan şəxs kimi, məni də təəccübləndirdi.

Oradan görünürdü ki, iddia ərizəsi, tələb olunan sənədlər əlavə olunmaqla məhkəməyə 18 dekabr 2013-cü il tarixində daxil olmuş və elə həmin gün də təqdim olunmuş materiallar qanuna uyğun hesab edilərək icraata qəbul edilmişdir. 18 dekabr 2013-cü il tarixdə hakim İmran Burcayev tərəfindən yoxlanılmış və qanuni hesab olunmuş sənədlərə baxdıqda gördüklərimə inanmaq istəmirdim. Axı iddia ərizəsində qoşma kimi göstərilmiş sənədlərin hamısı ən azından 18 dekabr 2013-cü il tarixə qədər tərtib olunmalı, təsdiqlənməli idilər. Bu işdə isə bütün əlavələr 18 dekabr 2013-cü il tarixdən sonraya təsadüf edirdi.

Necə ola bilər ki, 18 dekabrda qəbul olunmuş iddia ərizəsi üzrə 21 dekabr 2013-cü il tarixli dövlət rüsumunun ödənilməsi barədə bank qəbzi, 20 dekabr 2013-cü il tarixli MKİS Arayışı, 19 dekabr 2013-cü il tarixdə notariat qaydasında təsdiqlənmiş Nikah və Doğum Şəhadətnamələrinin surətləri təsdiq edilsin. İddia ərizəsini, guya 18 dekabrda məhkəməyə təqdim etmiş şəxsin etibarnaməsi isə sənədlər məhkəməyə təqdim edildikdən 6 gün sonra, 24 dekabr 2013-cü il tarixdə təsdiq edilmişdir.

Açıq görünürdü ki, 18 dekabrda məhkəməyə iddia ərizəsindən başqa heç bir sənəd təqdim edilməmiş, ancaq iddia ərizəsi əsasında, qanunsuz olaraq, mənə məlum olmayan maraqlar ucbatından, hakim tərəfindən tələsik iş icraata götürülmüş, qoşma kimi göstərilən sənədlər isə sonradan toplanmışdır. Mülki işə cavabdeh Tamara Mənsimovanı xəbərdar etmədən baxılmış, qəbul edilmiş qətnamə isə ona göndərilməmişdir.

Dövlət Sərhəd Xidmətindən aldığımız arayışdan isə görünürdü ki, Tamara Mənsimova son iki ildə, 17 aprel 2014-cü il tarixə qədər Azərbaycana gəlməmişdir.

Açıq saxtakarlıq faktları ilə bağlı 25.04.2014-cü il tarixdə saat 19:20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinin “qaynar xətt”inə yazılı surətdə müraciət etdim. Heç bir tədbir görülmədiyindən, verdiyim şikayətə baxılmadığından, təkrarən ətraflı şəkildə 08.05.2014-cü il tarixli Ərizə ilə Sizə müraciət etdim. Heç cavab da vermədiniz.

Çox çətinliklərlə təqdim etdiyim apellyasiya şikayətinə, göstərdiyimiz qanunsuzluqlara baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası cəmi bir gün ərzində baxdı və 10 oktyabr 2014-cü il tarixdə apellyasiya şikayətimizi təmin etmədən, Nizami Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı.

Bundan əlavə, məhkəmə kollegiyası Azərbaycan Respublikasının 22.10.2002-ci il tarixli 369-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” Müqavilənin tələblərini kobud şəkildə pozdu, çünki Mübariz Mənsimovun iddia ərizəsi Nizami rayon məhkəməsinə daxil olmamışdan xeyli əvvəl, Türkiyə məhkəmələrində məhz tərəflər arasında nikahın pozulması barədə işə baxılmasına başlanmışdır.

Fikrət müəllim, bu günə qədər də Tamara Mənsimovanı Azərbaycan məhkəmələrində baş verən özbaşnalıqları dünya mətbuatına çıxarmamasına, bizim məhkəmələrdə qanunun tələblərinə riayət olunacağına inandırmağa çalışıram, hərçənd ki, buna ümidim çox azdır. Göstərdiyim qanunsuzluqlar dünya mətbuatına çıxacağı təqdirdə dövlətin nüfuzuna vurulan zərərin cavabını kim verəcək? Axı bu sıradan bir iş deyil. Söhbət həm də birgə nigah dövründə qazanılmış milyardlarla ABŞ dolları dəyərində əmlakın bölünməsindən gedir. Sizə ünvanladığım məktublarda da bu halı xüsusi vurğulamışdım”.

#Azərbaycanda Mübariz Mənsimov haqqında məhkəmə qərarı – hər uşağa görə 5 min manat #Həyat yoldaşından Mübariz Mənsimova 3 milyard dollarlıq boşanma iddiası #Mübariz Məsimovun ailəsini dağıdan jurnalist xanım SƏSSİZ QALIR #Xanımı Mübariz Mənsimovun sevgilisini məhkəməyə verib #Mübariz Mənsimov #Rövnəq Abdullayev #Tamilla Qurbanoğlu #Tamilla Mənsimova #Ülviyyə Qasımova #Ulviyya Gasimova #Palmali #Mübariz Mənsimovun xəyanəti

Related Articles

+994 50 295 94 79
top