BAŞÇI VƏTƏNDAŞLARININ ALDADILMASINA ŞƏRAİT YARADIR -FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dilimizdə əsl sözünün anlamı saf, xalis, qatqısız, təmiz və.s kimi məna kəsb edir. Odur ki, istər canlı, istərsə də cansız nə olursa olsun yaxşısına “ƏSİL” deyə tərif edirlər. “DoğruXeber.az” olaraq “ƏSİL” sözünün necə bir “BƏDƏSİL” yönlərini bu yazımızla sizlərə çatdırmaq qərarına gəldik. Sizlərə çatdırmaq istədiyimiz faktlar isə araşdırma zamanı əldə olunmuş istinadlara əsaslanaraq qələmə alınıb.

Özünü “Əsil” inşaat şirkətinin direktoru kimi təqdim edən Ramiz adlı şəxs (hərçənd buna şübhələrimiz var) Yeni Yasamal 2 ərazisində yerləşən 8 və 9 nömrəli yaşayış binalarında dövlət tərəfindən təmir-tikinti işləri aparılmasına dair sifariş qəbul edir. İşlərin gedişi zamanı özünü Ramizin müavini kimi təqdim edən Elşənlə dövlətin bu məqsədlə ayırdığı vəsaitə qane olmurlar. Tabeliklərində olan və şirkətdə mühəndis vəzifəsini icra etdiyi bildirilən Vəkil və bir neçə işçilər təmir etdikləri binaların sakinlərinə su xətlərini yeniləmək üçün vəsait toplamalı olduqlarını bildirirlər. Aşağısı 30 AZN-dən başlayaraq 100AZN-ə qədər əhalidən nəğd pul formasında tələb olunur və yığılır. Sakinlərin birindən 40 AZN tələb olunduqda ödəməkdən imtina edir. Şirkətin işçisi Asim adlı şəxs “xeyirxah”lıq edib, pul vermək istəməyən xanıma 20 manatla razılaşmağı təklif edib. Təklifləri rədd edən xanım sakin sabah açıldıqda mənzilinə gələn su sayğacının oğurlandığının şahidi olur. Cavabdeh təşkilat olan “Azərsu” ASC-nin səlahiyyətli nümayəndələrinə məlumat verən xanıma “Azərsu” ASC-dən onlara deyil,polisə müraciət etməli olduğu bildirilir.İdarə isə su sayğacının axtarışı barədə heç bir tədbir görmür. Nəticədə 20 manatın güdazına gedən sayğacın sahibəsi yayın istisində günlərlə susuz saxlanılır. Qadın sakin “Əsil” tikinti şirkətinin mühəndisi Vəkil bəyə əmlakının onun işçiləri tərəfindən oğurlandığını dönə-dönə söyləsə də o, eşitməməzlikdən gəlməyi üstün tutub. Gördükləri işin nəticəsi isə bərbad halda sakinlərə təhvil verilib. Bu söylədiklərimiz ”ƏSİL” tikinti-inşaat şirkətinə xas olan qara əməllərindən kiçicik bir arayış idi. Bəs binanın dövlət tərəfindən təmir bərpa planı hazırlanan zaman dövlət maraqlarını müdafiə etməyə borclu olan “Azərsu” o layihəyə cəlb olunmamışdı məgər? Dövlət əmlakı olan su borularının bərpa aparan şirkət tərəfindən kəsilib-doğranmasına səssiz qaldı. Şirkət öz əməlinə haqq qazandırmaq üçün su xətlərinin yararsız olduğunu, istismar müddətinin başa vurduğunu bəhanə gətirə bilər. Bəs sakinlərdən yığılan vəsaitin hansı təyinat üçün xərcləndiyinə hansı açıqlamanı verəcək? Dövlətin qanununa əsasən hər bir vətəndaşın istifadə etdiyi kammunal xidmətlərin daşıyıcıları vətəndaşın adına məxsus quraşdırılmış sayğaca qədər dövlətin balansındadır və onlara müdaxilə etmək dövlət əmlakına qəsd kimi qiymətləndirilir. Sıradan çıxan daşıyıcıların bərpası və ya yenisi ilə əvəzlənməsi dövlətin vəsaiti hesabına həyata keçirilir. Onda belə çıxır ki, təmir işləri aparılan binaların sakinlərindən yığılan pullar qara məqsədlərə xidmət edib və ya adı gedən aidiyyatı qurumların arasında bölüşdürülüb. O məsələləri araşdırmaq digər bir mövzu olduğu üçün gəlin mətləbdən yayınmayaq. 

Qeyd etdiyimiz kimi bəhs etdiyimiz “Əsil” tikinti şirkəti Yasamal rayonu ərazisində sifariş aldığı üçün birbaşa Yasamal rayon İcra Hakimiyyətinin nəzarəti altında fəaliyyət göstərir. Lakin bu qədər sadaladığımız qeyri-qanuni işlərdə Yasamal rayon İcra Hakimiyyətinin öz sakinlərinə heç bir köməkliyi olmayıb. İcra Başçısı Əziz Əzizov yayın cırhacırında tozlu-torpaqlı tikinti obyektində bahalı geyimlərini tozlandırmaqdan ehtiyat etdiyi üçün sərin kabinetində müşahidəçi olmağı üstün tutub. Döşünə yatmayan hallar qulağına çatdıqda isə tikinti şirkətinin başbilənləri ilə elə öz kabinetində razılaşıb “yoluna qoyub”. Lakin əldə etdiyimiz məlumatlara əsasən başçı tez-tez Yeni Yasamal 2 ərazisində istifadəyə verilən parka səfərlər edir. Bir tərəfdən alqışlanılası haldır ki, dörd yaşlı uşağın oyuncaq silahından qorxuya düşüb uşağın valideynini həbs etdirən Goranboy rayon İcra Başçısından fərqli olaraq Əziz Əzizov cangüdənlərinin qoruması olmadan əhalinin içərisinə girir. Onlarla bir parkda gəzişir, istirahət edir. Digər tərəfdən isə niyə bəs Yasamal rayonu ərazisində bu qədər gözəl,yeni parklar olduğu halda yalnız Yeni Yasamal parkında gəzməyə üstünlük verir. Bəlkə özəl bir səbəbi var. Çox araşdırmadan sonra məlum oldu ki, başçının bu parka tez-tez getməsinə səbəb orada fəaliyyət göstərən obyektlərin ona məxsus olması imiş. Sahibi olduğu obyektlərin nəzarətini kimsəyə etibar etməyən Əziz Əzizov birbaşa özü nəzarət etməyi vacib hesab edir. Düşünürük ki, biznesinin qayğısına bu qədər həssaslıqla yanaşan Əziz Əzizov, ölkə rəhbərinin icra başçılarına rəhbərlik etdikləri rayonun əhalisinin qayğılarına ürəkdən yanmağı dönə-dönə tapşırmasına baxmayaraq, yenə də barmaqarası baxır. Əhalisinin problemlərini öz problemlərindən vacib hesab etməyə borclu olduğu təqdirdə Yasamal rayonunun əhalisinin qayğısına niyə qalmır? Halına niyə acımır? Əhalisinin bir qrup fırıldaqçı işbazlar tərəfindən incidilməsinə seirçi qalıb? Sualların cavabını tapmaq üçün baş sındırmağa gərək yoxdur. Cavab çox sadədir. Əziz Əzizovun əhalisinin maddi-rifah halını yaxşılaşdırmasında,sosial problemlərinin həllində şəxsi marağı yoxdur. Dövlətin marağında dayanan ən vacib siyasət isə xalqın gözəl rifahıdır. Bu həqiqəti son borcumuz olaraq, başçının yadına salmağı özümüzə borc bildik. 

“DoğruXeber.az”

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top