Deputatın klinikası ilə vəkil arasında – Qalmaqal

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Tanınmış vəkil İradə Cavadova “32 Gözəl” stomotoloji klinikasında qanunsuzluqla üzləşib. 
Bu barədə “Yeni Sabah”a Cavadovanın özü məlumat verib. 
Hüquqşünasın sözlərinə görə, sözügedən klinika ondan külli miqdarda pul alsa da, keyfiyyətli iş görməyib. 
Bundan başqa, ödənişlərlə bağlı heç bir qəbz verilməyib. 
“Bu klinikada yalnız rentgen müayinəsi üçün ödənilən məbləğə görə qəbz verilir. Diş qapaqlarının düzəldilməsi və müalicə üçün edilən ödənişlərə görə isə qəbz almaq mümkün deyil. 
Məsələnin digər tərəfinə gəlincə, məndən külli miqdarda pul alıb, keyfiyyətsiz iş görüblər. Bu klinikada dişlərimin düzəldilməsi 9 ay çəkib. Səbəbi isə keyfiyyətsiz görülən iş olub. Dəfələrlə diş qapaqlarını söküb yenidən düzəltdilər. Lakin nəticəsi olmadı. Təsəvvür edin ki, üzümün quruluşu belə dəyişmişdi. Mən məcbur olub başqa klinikaya üz tutdum”,
 – deyə İradə Cavadova bildirib.
Hüquqşünas daha sonra əlavə edib ki, klinikanın həkimləri pul qazanmaq naminə müxtəlif üsullara əl atır: “Mən, əslində, 6 diş qapağı düzəltdirmək istəyirdim. Lakin həkim mənə dedi ki, digər diş qapaqları da sökülməlidir. Çünki artıq yararsız vəziyyətə düşüb. Beləliklə, mənə 6 diş qapağının yerinə 22 diş qapağı düzəltdilər. Özü də hamısını əvvəldən sökdülər. 
Mən də artıq düzəltdirməyə məcbur idim və düz 12 min 400 manat pul aldılar. Sonradan mənə aydın oldu ki, həkim pul qazanmaq üçün sağlam diş qapaqlarımın yararsız olduğunu deyib”.

İradə Cavadovanın sözlərinə görə, pulunu geri almaq üçün 1 ildir danışıqlar aparır. “Bu klinikanın arxasında Milli Məclisin deputatı Adil Əliyev dayanır. Ona da müraciət etdim. Müraciətdən sonra klinikanın direktoru ilə görüşdüm. Eyni zamanda məktub yazaraq məndən alınan pullarla bağlı qəbz tələb etdim. 
Nəticədə pulun 5000 manatını qaytardılar. Yerdə qalan məbləğə gəlincə, həkim dedi ki, pulun hamısını cibimə qoymamışam, nə bilim faiz verirəm və s. Özləri də bilirlər ki, keyfiyyətsiz iş görüblər, məcbur olub dişlərimi ayrı klinikada düzəltdirmişəm, mənə əsəb, gərginlik yaşadıblar”. 
Hüquqşünas məsələ ilə bağlı hələ ki, məhkəməyə müraciət etməyib. 
“Hələ danışıqlar gedir. Həkim deyir ki, kimə istəyirsiz şikayət edin. Görünür, arxasında dayananlara güvənir. Lakin mən bu məsələdə sona qədər gedəcəm”
, – deyə İradə Cavadova vurğulayıb.
Yenisabah.az

mia.az

Related Articles

+994 50 295 94 79
top