PAŞİNYANI ABŞ SƏFƏRİNDƏ YENƏ FİASKO GÖZLƏYİR – İKİ SƏBƏB

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Erməni baş nazir yenə Trampa yaxın düşməyə çalışacaq, amma…; zaman İrəvanın xeyrinə işləmir
Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə ABŞ-a yollanacaq. Formal olaraq məqsəd BMT Baş Məclisinin növbəti illik sessiyasında iştirak olsa da, əsas hədəf başqadır.

Ermənistan rəhbəri həm yüksək tribunadan istifadə edib növbəti dəfə ölkəsinin işğalçılıq siyasətinə haqq qazandırmağa, Azərbaycanı haqsız çıxarmağa çalışacaq, bir daha dünyaya yalan və iftira püskürəcək, həm də şəkk-şübhəsiz, okeanın o tayında pul-para dilənəcək, inqilabdan sonra Ermənistanın guya xarici yatırımlar üçün qat-qat təhlükəsiz və əlverişli ölkə olması haqda nağıllar danışacaq. Paralel surətdə onun öz yerini ABŞ rəhbərliyi yanında xoş etməyə, gözdən düşmüş imicini qaldırmağa, prezident Donald Trampla heç olmasa, ayaqüstü şəkil çəkdirməyə çalışacağı da şübhə doğurmur.

Lakin bu kimi hədəflərin reallaşması yolunda əsas əngəl – sələfləri kimi Paşinyanın da ayağından ağır daş kimi asılan Qarabağ konflikti və bundan doğan digər sərt reallıq – Rusiyadan forpost-vassal asılılığıdır. Qarabağ problemi çözülməmiş qaldıqca sələfləri kimi, o da nə daxilidə, nə də xarici siyasətdə uğur qazana bilməyəcək. Demək, köklü iqtisadi islahatlar da mümkün olmayacaq – baxmayaraq ki, son vaxtlar erməni baş nazir bu gerçəklikləri görməzlikdən gəlməyə səy edir.

*****

“Bizim konfliktimiz var və o hələ də həll edilməyib. Əgər biz strateji düşüncəyə sahib xalqıqsa, bu məsələləri qısa zamanda, bir neçə gün ərzində həll edə bilmərik. Dağlıq Qarabağ məsələsinin həlli üçün ölkənin potensialının konsolidasiyasına ehtiyac var. İlk növbədə Ermənistan ictimaiyyəti və iqtisadiyyatı rəqabət qabiliyyətli olan daimi inkişaf yoluna çıxmalıdır. Gərək bütün ciddiliyimizlə iqtisadi inkişafımızı təmin edək. Qarabağ məsələsi yalnız ayrıca götürülən hərbi və diplomatik yollarla həll edilə bilməz”.

Bu sözləri az öncə Paşinyan Fransada ermənicə çıxan “Nouvelle d’Armenie” jurnalına müsahibəsində demişdi. Əslinə qalsa, bu, Qarabağ savaşında Ermənistanın qalib olmadığının rəsmi İrəvan tərəfindən növbəti etirafıdır. Yoxsa o, “Qarabağ məsələsi yalnızca hərbi və diplomatik yollarla həll edilə bilməz” deməzdi. Bu, əslində cəmiyyətə incə bir mesajdır ki, Ermənistan Qarabağ müharibəsinin qalibi deyil.

İkinci yandan, Paşinyan artıq dərk etməmiş olmaz ki, onun arzuladığı iqtisadi yüksəliş məhz Qarabağ ixtilafının ədalətli həllindən, ayrı sözlə, Azərbaycan və Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılmasından, blokada vəziyyətinin götürülməsindən sonra mümkündür. Əgər Ermənistanın hazırkı rəhbəri bunun kənarında öz xalqına xoşbəxtlik və rifah axtarırsa, yəni işğal faktı qala-qala Ermənistanın çiçəklənəcəyinə ümid edirsə, yumşaq desək, yanılır. Eyni zamanda, öz bədbəxt xalqını aldadır, blef edir və erməni toplumunun iztirablarının ömrünü uzadır…

*****

Paşinyanın xarici siyasətlə bağlı ziddiyyətli ritorikası həm də Qərbin, öncəliklə ABŞ-ın rəğbətini almağa yönəlib. Bu xüsusda onun Birləşmiş Ştatlara nəzərdə tutulan budəfəki səfərinə işğalçı ölkədə böyük ümid bəslənilir. Lakin ABŞ-ın ikitərəfli əlaqələrin inkişafı üçün rəsmi İrəvan qarşısında iki dəyişməz şərti var – Rusiyanın siyasi-hərbi orbitindən tədricən uzaqlaşmaq və Qarabağ məsələsində konstruktiv mövqe tutmaq.

Paşinyan hökuməti isə il yarımda bu yöndə barmağını barmağına vurmayıb, vurmaq istəmir, çünki Moskvadan çəkinir. Nəinki çəkinir, üstəgəl, Rusiya qarşısında daha sədaqətli görünmək üçün Suriyaya Kremlin istəyi ilə humanitar missiya göndərir – hansı ki, rəsmi Vaşinqtonun kəskin reaksiyasına səbəb olub.

Yeri gəlmişkən, bu günlərdə məlum oldu ki, Ağ Ev administrasiyası Ermənistan hakimiyyəti qarşısında hərbi kontingentin Suriyadan geri çəkilməsi haqda tələb qoyub. Məlumatda deyilirdi ki, ABŞ Ermənistanın Suriyaya hərbi kontingent göndərməsi ilə bağlı narazılığını bu ölkənin BMT-dəki səfiri Mqer Marqaryan vasitəsilə çatdırıb. Bildirilib ki, bu məsələ Ermənistan-ABŞ münasibətlərinə zərbə vurur.

*****

“Atlas” Araşdırmalar Mərkəzinin təhlilində isə bildirilir ki, Paşinyanın ABŞ-a səfərindəki məqsədlərdən biri Trampla görüşmək olsa da, onun bu istəyinin reallaşması çətindir. Sitat: “Ötən il də Paşinyan Trampla görüşməyə çalışdı, hətta bu məqsədlə əvvəlcə müşavirini Vaşinqtona yolladı, ardınca da ermənipərəst konqresmenlərin Ağ Evə məktub göndərilməsinə nail oldu. Ancaq bütün cəhdlər boşa çıxdı. Tramp Paşinyanla görüşmədi. Bu dəfə də Ağ Ev sahibinin belə bir istəyi yoxdur” (Bu yerdə qeyd edək ki, Tramp BMT Baş Assambleyasında Paşinyanla yox, İran prezidenti Ruhani ilə görüşmək istəyini dilə gətirib).

Təhlildə Paşiyanın BMT sessiyasında nə deyəcəyini təxmin etmək üçün ötənilki çıxışının əsas tezislərinə diqqət yetirməyin kifayət olduğu vurğulanıb: “Paşinyan Baş Məclisdəki ötənilki çıxışında demişdi ki, ”Azərbaycan danışıqları Dağlıq Qarabağla aparmalıdır, əks təqdirdə belə çıxır ki, Bakıya yalnız Qarabağın ərazisi lazımdır, əhalisi yox”. O daha sonra bildrimişdi ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz”. Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistanın xarici siyasətinin prioritetlərindən olduğunu deyərək, əlavə etmişdi ki, qondarma “dqr”ın statusu və təhlükəsizliyi Ermənistanın danışıqlar prosesindəki müstəsna prioriteti olacaq”.

Təhlildə daha sonra qeyd olunur ki, bu dəfə Paşinyanın BMT-dəki çıxışı daha radikal ola bilər: O ötənilki çıxışına Azərbaycana qarşı yeni ittihamlarına bunları da əlavə edə bilər: “Azərbaycan sülhdə maraqlı deyil”, “Azərbaycan münaqişəni hərbi yolla həllinə üstünlük verməklə bölgədə müharibə riskini artırır””.

*****

Azərbaycana qarşı belə təxribatçı ittihamlar sözsüz ki, Paşinyana ondan Qarabağ məsələsində konstruktivlik gözləyən ABŞ-ın, beynəlxalq birliyin gözündən pərdə asmağa və özünü təmizə çıxmağa hesablanıb. Guya münaqişənin uzanmasında əsas günahkar məhz Azərbaycandır. Ancaq işğalçı ilə işğala məruz qalanın günahı, məsuliyyəti eyni ola bilməz. Ən azından BMT TŞ-nin Dağlıq Qarabağa dair Azərbaycanın xeyrinə olan 4 qətnaməsi var. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və zaman işğalçının xeyrinə işləmir. Ermənistan rəhbərləri bu sərt reallıqlar fonunda dünyanın harasına gedir-getsinlər, açılmamış Qarabağ düyünü “Domokl qılıncı” kimi daim onların başı üzərində asılı olacaq. Demək, Paşinyanın budəfəki ABŞ səfəri də uğur yox, fiasko vəd edir…

“Yeni Müsavat”

Related Articles

+994 50 295 94 79
top