Baktelekomun yeni fiber-optik xətt xidməti, yoxsa köhnə özbaşınalıq?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Zorakı internet çəkilişi sosial şəbəkələrin çökdürülməsinə hesablanmır ki?

Bu günlərdə mobil operatorların tamam unutdurduğu, yalnız internet xidməti amacı ilə yada düşən stasionar telefon rabitəsində yeni canlanma müşahidə olunur. Baktelekom köhnə xətləri yeni fiber-optik xətlərlə əvəzləməklə abonentlərə internetdən pulsuz yararlanmaq üçün modem də bağışlayır. İlk baxışdan bu yeni xidmətin telefon abonentlərinin xeyrinə olduğunu düşünmək olar. Lakin bu düşüncə aldadıcıdır. Necə deyərlər, Baktelekomun “avazı yaxşı gəlir, di gəl, oxuduğu Quran deyil”.

Ondan başlayaq ki, yeni xətlərin çəkilməsi və modem quraşdırılması zorakılıqla baş verir. Aydın olsun deyə, Baktelekomun rayon telefon -kommunikasiya qovşağının texniki işçilərinin yeni xətti abonentin mənzilinin qapısından içəri keçirib , modemi də elə qapının ağzında kətilin üstünə qoyub işlərini bitmiş saymalarını vurğulayaq. Kiminin evində kətil, elektrik uzadıcısı yoxdursa, nə telefonu işləyəcək, nə də, təbii ki , interneti. Bundan başqa, Baktelekomun təklif etdiyi internet xidməti, ümumiyyətlə, yerli-dibli işləmir. Şəhərin mərkəzindəki parklarda, dəmiryol vağzalında və digər yerlərdə quraşdırılan “free vayfay”, yəni pulsuz internet “fake” xidməti kimi “vayfay” işarəsi görünür, amma internet görünmür ki görünmür.

Görəsən, eldə deyildiyi kimi,gün ha yandan çıxıb, özgə çağlarda eyni telefon nömrəsinə görə Qarabağ əlilindən iki dəfə (??) çəkiliş haqqı, tarifin 4 misli qədər (8-10 manat) abunə haqqını inhisarçı mövqeyindən yararlanaraq zorla alan Baktelekom indi zorla pulsuz internet xidməti göstərəcək? Yeri gəlmişkən, 4 ildir Badamdardakı 2-ci massiv, 277 saylı evdə yaşayan Qarabağ əlili ailəsinə telefon xətti çəkilməsindən imtina edən Baktelekom əlildən 2 dirək, 400 metr kabel almağını tələb edir! (?) Özü də kabelləşmiş, ərazi planlaşdırılması həyata keçirilən yaşayış yerində! Guya telefon-internet yuvası dolub və yeni nömrə vermək üçün 400 metr aradan 2 dirək araçılığı ilə kabel çəkmək gərəkir. Haqlı sual doğur, hər bir abonent ayrıca 2 dirək, 400 metr kabel almalıdır ki, telefon -internet xidməti ilə təmin olunsun? Bəs telefon rabitəsi xidmətinin işi nədən ibarətdir? Əlil özünə telefon xətti çəkəcəksə, bəs Baktelekom, Aztelekom nəyə və kimə xidmət edir və nəyə gərəkdir? Biz hələ onu demirik ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun tələbinə görə, əlillərin telefon -kommunikasiya texnologiyaları ilə təminatı dövlətin boynuna düşür və əlillərin rabitə ilə təmin edilməsi mütləqdir, Baktelekomun indiki “xidmət dili” ilə desək, məcburidir. Onu da vurğulayaq ki, qonşu ölkələrdə -Rusiyada, Belarusda hətta meşələrdə pulsuz və yetərincə sürətli internet xidməti göstərilir, stasionar ev telefonlarından mobil operatorlara zənglər yaranışından ödənişsizdir. Bizdə isə ev nömrəsindən mobil nömrəsinə zəngin dəqiqəsi 30 qəpik olaraq dəyişməz qalıb və hələ üstəlik Qarabağ əlillərindən şəhərin mərkəzində internet-telefon xidməti göstərməyə ən azı 2 dirək, 4 stadion uzunluğunda kabel tələb edilir?! Daha bunun adı “xidmət” niyə olur? Maraqlıdır, Qarabağ əlilindən 2 dirək, 400 metr kabel tələb edən Baktelekom , nə əcəb, digər yerlərdə pulsuz internet xidmətinə girişib? Fikrimizcə, yeni xidmət növü sosial şəbəkələri nəzarətdə saxlamağa, istənilən an internetdən məhrum etməyə hesablanıb.

Başqa fikirdə olan varmı?


Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az

Related Articles

+994 50 295 94 79
top