Bakıda Fukusima kimi “qəza” – yaponlar Abutalıbova demişdilər ki…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Yapon mütəxəssislər niyə Badamdar yoluna çarə tapa bilmədilər? Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən həftə əraziyə baxış keçirib və…
Artıq bir ilə yaxındır ki, sürüşmə nəticəsində Badamdar yolu bağlanıb . Belə ki, ötən ilin oktyabr ayında qeyd etdiyimiz ərazidə qəfildən sürüşmə hadisəsi baş verdi. Həmin hadisə nəticəsində torpaq layı sürüşərək, avtomobil yolunun bir hissəsini tutdu. Bu prosesdən sonra yolda hərəkət məhdudlaşdırıldı, ərazidə yaşayanların köçürüləcəyi xəbəri yayıldı.

İşin maraqlı tərəfi isə budur ki, sürüşməyə yaponlar da çarə qıla bilmədilər. Yada salaq ki, ötən il baş verən qeyd etdiyimiz hadisədən sonra Bakıya yaponiyalı mütəxəssislər dəvət edildi.

Mütəxəssislər ərazidə quyular qazıb, geoloji işlər aparmağa başladılar. Həmin hadisə üzrə görəvləndirilən baş nazirin müavini Hacıbala Abutalıbov demişdi ki, ərazidə yaponiyalı mütəxəssislər çalışır: “Ərazi geniş şəkildə öyrəniləndən sonra hər hansı bir nəticəyə gəlmək olar. Biz ilkin olaraq belə qənaətə gəldik ki, bütün quyuların suları mütləq analiz edilsin. Bunun üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, ”Azərsu” ASC-yə göstəriş vermişik. Analizlər sabaha qədər hazır olacaq və yapon mütəxəssislərə təqdim olunacaq”.

Badamdar yolu baÄlanıb . ile ilgili görsel sonucu

Baş nazirin müavini qeyd etmişdi ki, həmin ərazidə olan 11 evin səkkizinin divarındakı çatlar böyüyüb: “Yapon mütəxəssisin sözlərindən belə çıxır ki, sürüşmə zonasında olan 11 ev mütləq sökülməlidir. Əks halda, vəziyyət təhlükəli olaraq qalacaq”. Amma aradan az qala 1 il keçib. Bəs problemin həlli 2011-ci ildə Yaponiyada baş verən sunamidə zədələn Fukusima AES kimi uzandı?

Ərazidə yaşayan sakinlər “Yeni Müsavat”a bildiriblər ki, sürüşmə nəticəsində yolun bağlanması onları çətin vəziyyətə salıb. Sakinlərin sözlərinə görə, vaxtilə ərazidən keçən minik avtomobilləri və eləcə də marşrut xəttinin yolu məcburən dəyişdirilib. Əvvəllər bu yoldan istifadə edənlər indi yolun bağlı olması səbəbindən “Azneft” dairəsini fırlanmalı olurlar. Bu isə günün pik saatlarında yolda tıxaclara səbəb olur. Eyni zamanda Bayıl istiqamətində yaşayanlar da əlavə yol getməli, əziyyət çəkməli olurlar.

Yolun bağlı qalması üçün ciddi səbəb var?

Hələ hadisə baş verən ərəfədə “Yeni Müsavat”a açıqlama verən tikinti üzrə mütəxəssis Əzim Məsimov bildirmişdi ki, indiki şəraitdə yapon mütəxəssislərin edə biləcəkləri heç nə yoxdur: “Badamdarda kanalizasiya çəkmək mümkün idi. Çünki hazırkı texnikamız buna imkan verir. Ancaq ötən il ərzində müvafiq qurumlar bu işlə məşğul olmaq bir yana, heç bu istiqamətdə xırda addım belə atmadılar. Abutalıbov dedi ki, biz Yaponiyadan mütəxəssis çağırmışıq. Bu məsələnin özü çox acınacaqlıdır. Necə olur ki, sən öz kanalizasiyana görə Yaponiyadan mütəxəssis çağırırsan və ən azı 1 milyon dollar pul xərcləyəcəksən. Bu işləri nə üçün özümüz etmirik? Hazırda Badamdar ərazisinə xeyli miqdarda su çöküb. Həmin ərazi kökündən sürüşür. Bu, şəhər üçün böyük fəlakətdir. Lakin müvafiq qurumların rəhbərləri bunun qarşısını ala bilmirlər. Nəticədə dövlət və vətəndaş mövcud vəziyyətdən xeyli əziyyət çəkir. Mən bu cür halların baş verəcəyini hələ ötən il demişəm. Bu 1 il ərzində zəng edib soruşmayıblar ki, sürüşmənin qarşısını almaq üçün hansı işləri görək. Yəni nə bilirlər, nə də öyrənmək istəyirlər…”

Aradan 1 il də keçdi, lakin vəziyyətin dəyişən yönü yoxdur…

“Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov bildirib ki, qeyd edilən əraziyə ötən həftə baxış keçiriblər: “Ümumi baxış keçirdik. Müşahidə etdik ki, yuxarı hissəyə çoxsaylı dəmir qırıqları töküblər. Yüngül yük maşınının keçə biləcəyi qədər də yuxarı hissədən cığır açmışdılar. Vəziyyət elə olduğu kimi qalıb. Təhlükə hazırda yoxdur. Ancaq yamacda nə hamarlama işləri aparılıb, nə də başqa bir iş görülməyib. Əgər yağışlar intensivləşərsə, ərazidə yenidən gərginlik yarana bilər. Təxminən 3 ay bundan öncə sakinlər oradakı yolun açılması ilə bağlı bizə məktub ünvanlamışdılar. Həmin məktuba cavab verdim ki, ağır tonnajlı maşınların hərəkəti istisna olmaqla, digərləri noyabr ayının 1-nə qədər yoldan istifadə edə bilərlər. Qeyd etmişdim ki, sonrakı mərhələdə müşahidələr aparıb, tövsiyələr verərik. Söhbət ondan gedir ki, yağışlar başlayandan sonra ərazidə yenidən sürüşmə baş verə bilər. Ona görə də qeyd etmişdik ki, sonrakı mərhələdə baxış keçirib, tövsiyələr verərik”.

Sürüşmə zonasında məskunlaşan əhali bu məsələdə hazırkı baş nazirin müavini Hacıbala Abutalıbovu günahkar bilirlər. Qeyd edirlər ki, məhz onun Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri olduğu dövrdə ərazidə torpaqlar satıldı, kanalizasiya xətləri çəkilmədi. Hacıbala Abutalıbov isə bildirmişdi ki, sürüşməyə səbəb qanunsuz tikililərdir.

Yolun bağlı qalmasına görə Avtomobil Yolları Dövlət Agentliyini günahlandıranlar da var. Bu barədə “Yeni Müsavat”a danışan qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, yoldakı vəziyyət onların nəzarətində deyil: “Həmin yolun açılıb-açılmayacağı Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabinetinin qərarından asılıdır. Ona görə də yolun nə zaman açılacağı ilə bağlı fikir bildirə bilmərik”.

Qeyd edək ki, sürüşmə baş verən ərazinin yuxarı hissəsində yerləşən tikililərin əksəriyyəti böyük villalardır. Aşağı hissədə isə iaşə və digər bu kimi obyektlər yerləşir.

Related Articles

+994 50 295 94 79
top