RAFAEL CƏBRAYILOV QURTULA BİLƏCƏKMİ? – GƏLİŞMƏ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Deputat mandatına xitam verilən Rəfael Cəbrayılov parlamentdən istefa verməklə canını qurtara bilməyəcək. Çünki onun törətdiyi əməllər məsuliyyət yaradır, onun bu davranışlarına iqtidar tərəfindən də sərt reaksiya verilib. Belə görünür ki, Cəbrayılov növbəti mərhələdə məsuliyyətə cəlb olunacaq.

Artıq Mərkəzi Seçki Komissiyası Milli Məclisin müraciətinə baxıb və onun üzərindəki deputatlıq toxunulmazlığını ləğv edib. Bununla da sabiq deputatı gözləyən həbs təhlükəsi artıb.

R.Cəbrayılovla bağlı bir sıra maraqlı faktlar da üzə çıxıb.

Musavat.com qaynarinfo.az-a istinadən məlumat verir ki, onun şəxsi avtomobilinin nömrəsi “009″ olub. Bəziləri bu nömrəni ona qalmaqallı şəkildə ləğv edilmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun hədiyyə etdiyini deyirdi. Eks-deputat isə bunu yalanlayıb. Həmin avtomobil nömrəsini o, 2008-ci ildə alıb. Bu nömrə Binəqədi rayonundan III və IV çağırış Milli Məclisə mandat əldə etdiyi seçki dairəsininin və deputat mandatının nömrəsi olub.

Hazırda aldığı külli miqdarda borcu qaytarmadığı üçün bir neçə nəfər ondan şikayətçidir və sabiq deputat məhkəməyə verilib. Çoxları onun deputat mandatından imtinasının heç nəyi həll etmədiyini, yəni təhlükələrin üzərindən sovuşmadığını düşünür. Borcları qaytaracağı təqdirdə həbs təhlükəsindən qurtula biləcəyini deyənlər də var.

Hüquqşünas Əlövsət Allahverdiyev konstitusiyamızdan sitat gətirdi: “Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə əsasən, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər.

Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız baş prokurorun təqdimatına əsasən parlamentin qərarı ilə xitam verilə bilər. Bu, ”Deputatların hüquqi statusu haqqında” Azərbaycan Respublikasının Qanununda da göstərilib. Göründüyü kimi, bu toxunulmazlıq deputatlara səlahiyyəti müddətində verilir. Səlahiyyət müddəti bitəndən və ya mandatdan məhrum olunandan sonra bu toxunulmazlıq ona şamil olunmur. Əgər o, hər hansı formada qanunazidd fəaliyyətlə məşğul olarsa və ya cinayət əməli törədərsə, normal qaydada məsuliyyətə cəlb olunacaq. Söhbət Rəfael Cəbrayılovun məsuliyyət məsələsindən gedirsə öncə onun əməlində cinayət tərkibinin olub-olmaması aydınlaşdırılmalı və sonra məsuliyyət məsələsi müəyyən olunmalıdır. Bu da hüquq-mühafizə və məhkəmə orqanlarının işidir”. //musavat.com//

Related Articles

+994 50 295 94 79
top