KEÇMİŞ NAZİRİN BAHALI BİZNESİ… – “…YAXŞI OLAR Kİ, DÖVLƏT MARAQLARI BİZNES MARAQLARINA QURBAN VERİLMƏSİN”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Son vaxtlar özəl məktəblərə marağın artması bir iş adamlarının da bu sahəyə marağını artırıb. Xüsusilə də keçmiş məmurların məktəb biznesinə yatırım etməsi ilə bağlı informasiyalar var. Belə ki, son məlumata görə, sabiq təhsil naziri Misir Mərdanov Yasamal rayonunda özəl orta məktəb açıb və qiymətlər heç də sıravi ailələr üçün əlçatan deyil. Bəs görəsən, ekspertlər özəl təhsil müəssisələrinin sayının artmasını necə qiymətləndirirlər? Bu işin başında duran şəxslərin məmurlar və ya sabiq məmurlar olması keyfiyyətə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı “Yeni Müsavat”ın sualını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda özəl məktəblərdə təhsil imkanları daha genişdir: “İlk növbədə qeyd edim ki, orta ümumtəhsil məktəblərimiz şagird hazırlığına, təlim tərbiyə, nəzarət kimi xüsusiyyətlərə görə Azərbaycandakı özəl orta məktəblərə uduzur. Yol hərəkəti təhlükəsizliyi baxımından da özəl məktəblər çox əlverişlidir. Çünki onlarda uzaq məsafədən gələn şagirdlər üçün xüsusi servis xidmət göstərir, bu da həm valideyinlərin işini asanlaşdırır, həm də təhlükəsizliyini təmin edir. Yəni bir çox xüsusiyyətlərinə görə ən yaxşı təhsil verən və ən yaxşı mühit olaraq, özəl məktəbləri bilirik. Oradakı təhsil səviyyəsi və müəllimlərin, xüsusilə direktor seçimindəki peşəkarlıq müsbət tendensiyadır”.

Ekspertin sözlərinə görə, müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir: “Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır. Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, Bakıda bu istəklərə cavab verən məktəblər o qədər də çox deyil. Özəl məktəbdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var. Bütün bu qeyd etdiyim xüsusiyyətlər valideynlərin son dövrlərdə özəl məktəblərə meylini artırıb ki, bu da maddi vəziyyəti yaxşı olan şəxslərin özəl məktəblərə imkanlı şəxslərin marağını artırıb”.

Kamran Əsədov vurğuladı ki, özəl məktəbin açılması dövlətin yükünü azaldır ki, bu yaxşı haldır: “Amma özəl məktəbləri məmurlar açmamalıdır. Bu, rəqabət mühitinə ciddi zərbə vurur. Əgər özəl təhsil biznesinə başlayan məmur təhsil sistemindən gəlibsə, bu yaxşı haldır. Ən azından o, təhsili bilir, çatışmazlıqları aradan qaldırmaqda maraqlı olacaq. Amma yaxşı olar ki, dövlət maraqları biznes maraqlarına qurban verilməsin”.

Ekspert təəssüflə qeyd etdi ki, bəzən özəl məktəb yaradanlar keyfiyyətli təhsil verməyi yox, daha çox gəlir götürməyi planlaşdırırlar: “Əgər o şəxslər məmur olan vaxtı keyfiyyətli təhsil xidməti göstərməyiblərsə, təhsil sahəsində uğurlu adam olmayıblarsa, onlar özəl məktəb mühitinə ancaq biznes marağı üçün gələcəklər. Bu gün ölkədə keyfiyyətli təhsil müəssisələrinə ciddi şəkildə ehtiyac var. Amma bu zaman əhalinin aztəminatlı kateqoriyasını da nəzərə almaq lazımdır. Təəssüflər olsun ki, özəl məktəblərin təhsil haqları çox yüksəkdir və reallığı əks etdirmir. Digər tərəfdən, özəl məktəbləri yaradanlar ancaq öz qohum-tanışlarını ora cəlb etməməlidir. Çünki bu zaman qeyri-peşəkar idaretmə müəssisənin fəaliyyətini təhlükəyə sala bilər. Məmurların təhsil biznesinə başlaması üçün onların, ümumiyyətlə, dövlət sektorundan uzaqlaşması daha yaxşı olardı. Çünki bu zaman onlar vəzifə səlahiyyətlərindən istifadə etməzdilər”.

Qeyd edək ki, hazırda ölkədə lisenziyalı fəaliyyət göstərən özəl məktəblərin sayı təxminən 30-a yaxındır. Ümumilikdə cəmi 3 minə yaxın şagird bu cür məktəblərdə təhsil alır. Əksər özəl orta təhsil müəssisələrində illik təhsil haqqı kifayət qədər bahadır, 5 min manatdan başlayıb 15 min manata və daha yüksək həddə qədər davam edir. Bu da orta statistik gəlirə malik olan əhalinin həmin təhsil ocaqlarından yararlanmasını mümkünsüz edir.

Related Articles

+994 50 295 94 79
top