“Silikon əməliyyatının səhəri komaya düşdüm” – Məşhur həkimdən daha bir şikayət

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Salyan rayon sakini Əfsanə Axundova məşhur plastik cərrah Vüqar Ələkbərovdan şikayətçidir. Ə. Axundova bununla bağlı “Qafqazinfo”ya müraciət edib.

O bildirib ki, bu il martın 19-da Həsən bəy Zərdabi küçəsində yerləşən “Avrasiya” Hospitalında V. Ələkbərov tərəfindən sinəyə silikon qoyulma və qarın gərilməsi əməliyyatı olub:

“Mən 60 kilo çəki itirdiyimə görə, bu əməliyyatı etdirməyə məcbur olmuşdum. Çünki mədəkiçiltmə əməliyyatı olduğum üçün sürətlə çəki itirmişdim və dərim sallanmışdı. Həkimə palatada əməliyyat üçün 6500 manat ödədim. Mənə çek vermədilər. Soruşanda da həkim dedi ki, guya bu əməliyyatı mənə ucuz edir, nüfuzunun aşağı düşməsini istəmir. Biz də razılaşdıq. Əməliyyatın səhəri günə komaya düşdüm. Həkimi axtaranda köməkçisi bizə dedi ki, əməliyyat günü axşam Türkiyəyə gedib. Mənim kimi digər xəstələri də bu vəziyyətdə qoyub getmişdi.  Mənə təzədən qan vuruldu,  bədən plazması edildi. Bunun üçün 200 manat ödəməli olduq. Xəstəxana yenə çek vermədi.

Əməliyyatdan sonra 6-7 ay müddətində sinəm və qarnım irin verdi. Məsələ ilə bağlı həkimə nə vaxt yazırdımsa, mənə laqeyd münasibət bildirdi, nömrəmi votsapda bloka atdı. Məlum oldu ki, sinəmdə yad cisim qoyub. Uzun mübahisələrimizdən sonra məni iyun ayında işlədiyi “Can” klinikasına dəvət etdi. Dedi ki, başı qarışıqdı, bu məsələni qaldırmayım. Qeyd elədi ki, başı açılandan sonra məni korreksiya edəcək. 

Həkimin atası Əli Ələkbərov məşhur neyrocərrahdır. O, hazırda Mərkəzi Klinikada çalışır. Mənə həkim dedi ki, oktyabr 1-də rəsmi işimdən 1 həftəlik icazə alım əməliyyata gəlim. Mən də rayonda tanınmış müəlliməm. İşimdən icazə aldım və gəldim. Yenidən 150 manat pul verib analiz vermişəm. Bu 7 ay müddətdə isə sinəmdən çirkin çıxarılması üçün 2000 manat əlavə xərcim çıxıb.O məni Dövlət Təhlükəsizlik Xidmətinin Badamdarda yerləşən hospitalında əməliyyat edəcəyini vurğuladı. O, həmin hospitalın həkimi deyil, sadəcə müqavilə ilə əməliyyatları orada edir. Səhər  saat 10-da əməliyyat olunmalı idim.

Axşam 4-ə kimi 203- cü palatada məni gözlətdi. Yenidən orada mənə rentgen çəkildi. Sonra saat 4-də məni “nasılka”yla halsız bir vəziyyətdə əməliyyat otağına qaldırdılar. Vüqar Ələkbərov gəlib baxıb dedi ki, əməliyyatda səhvə yol verib. Yenidən əməliyyat olunmalıyam, amma bu onu pulsuz edə bilməz. Dedi ki, hara şikayət etmək istəyirəmsə, edə bilərəm. Onun qəbuluna düşə bilmədiyimdən bunların hamısı mənə əməliyyat stolunda dedi. Personal hamısı mat qaldı. Hətta çıxanda həmin şəxslərə dedi ki, məni daha “nasılka”yla düşürtməsinlər. Bunun üçün personala pul ödəməli olur. Orada elə insult keçirdim. Özümə zorla gələ bilmişəm.  

V. Ələkbərovdan Səbail rayon Prokurorluğuna da şikayət etmişəm, Korrupsiya İdarəsinə də. Amma şikayətimi araşdıran yoxdur. Mənim kimi başqa xəstələr də var ki, onların üzünü, qarnını pis günə qoyub”.

“Qafqazinfo”  yazıda qeyd edilən ittihamlarla bağlı həkim Vüqar Ələkbərovla əlaqə saxlayıb. O bildirib ki, qeyd edilən məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və nəticəsi ictimaiyyətə bildiriləcək. Xanımın dedikləri isə şər-böhtandır”.

Qeyd edək ki, V. Ələkbərov bir neçə ay əvvəl də medianın gündəminə gəlmişdi. Belə ki, iyun ayında Dövlət Tibb Universitetinin müəllimi, pediatr Sədaqət Şahsuvarovanı liposaksiya əməliyyatı etmişdi. Xanım ginekoloq əməliyyatdan 4 gün sonra vəfat etmişdi. Ələkbərov hadisəylə bağlı onu ittiham edənlərə belə cavab vermişdi:

“Ölüm səbəbi qandakı hansısa infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik xroniki pnevmaniyası da var imiş. Əgər ən az 1 həftə-10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub”. 

Related Articles

+994 50 295 94 79
top