“DEDİLƏR, BU İŞLƏR ELƏ-BELƏ GÖRÜLMÜR” – AĞDAMDA NARAZILIQ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Aprel döyüşlərində evimə ciddi zərər dəydi. Ev tam yararsız vəziyyətə düşdü. Məndən 2000 manat aldılar ki, evimi təmir-bərpa eləsinlər. İki ildən çox vaxt keçib, pul da getdi, ev də bərpa olmadı. İndi deyirlər, sübut elə ki, pul vermisən, get, əlin hara qədər çatır, şikayət elə” .

DİA.AZ bildirir ki, bunu Ağdamın təmas xəttinə yaxın Çəmənli kəndində yaşayan Rəhbər Məmmədov deyir. Onun sözlərinə görə, məlum hadisələrdən 3 ildən çox vaxt keçsə də, çoxsaylı müraciətlərinə baxmayaraq, evi hələ də qəzalı vəziyyətdə qalıb.

Rəhbər Məmmədov iddia edir ki, təmir-bərpaya görə kəndin icra nümayəndəliyinə 2 min manat da verib: “O vaxt kənddəki evlərin təmir-bərpasına başlayanda dedim, mənim də evim mərmidən silkələnib, divarları aralanıb, şiferlərinə, divarlarına güllə dəyib. Dedi, bu işlər elə-belə görülmür, gətir 2 min manat ver, sənin də evini siyahıya alaq, yerində ev tikək. Mən də qohumlardan pul topladım, icra nümayəndəsinə verdim, sonra da arxasınca düşdüm ki, gəl, evi tik…”

Rəhbər Məmmədovun sözlərinə görə, iki ildən çoxdur Ağdam Rayon İcra Hakimiyyətinə gedib-gəlir, ancaq müsbət nəticəsi olmayıb: “Başçının birinci müavini deyir, evlər tikilib, proses bitib, get, hara istəyirsən şikayət elə. Pul vermisən, verməyəydin, tək adamsan, qoca kişisən, neynirsən təzə evi, get, başını saxla…”

Rəhbər Məmmədov iddia edir ki, aidiyyəti qurumların rəhbərləri aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşən evlər üçün ayrılmış vəsaitləri xərcləməkdə “simiclik” ediblər: “Kənddə çox ev yararsız hala düşüb. Ancaq o vaxt gəlib, baxış keçirib akt yazıblar ki, evin qəzalı vəziyyətə düşməsinin mərmiylə əlaqəsi yoxdur. Rəsmi belə yazıblar, şifahi isə deyirlər ki, “prezidentin pul ayırması elə-belə şeydir, əslində, pul-filan ayrılmayıb. Ayrılıbsa da, gəlib əlimizə çatmayıb ki, sizin evləri təmir-bərpa edək”.

Rəhbər Məmmədovun özünün bu işləri görməsi üçün vəsaiti yoxdur. Təqaüdçüdür, son artımdan sonra 200 manat civarında təqaüd alır. Qəzalı evin içərisində səksəkə içərisində yaşayır: “İki otaqdır, ikisinin də tavanı dağılıb, divarları aralanıb. Yayda çarpayını atıb həyətdə yatıram. Qışda yenə otağa yığışıram. Erməni evin böyrünə bir dənə də mərmi atsa, damın altında qalacam. Onsuz da cəbhə xəttində yaşamağın özü bir zülmdür. Üstəlik, məmurların bizi incitməsi vəziyyətimizi daha dözülməz edir”.

Çəmənli sakini mərmidən qəzalı vəziyyətə düşən evində bərpa işlərinin aparılmasını tələb edir.

Related Articles

+994 50 295 94 79
top