Trampın impiçmenti mümkün olacaqmı…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ Konqresinin Nümayəndələr Palatası oktyabrın 31-də prezident Donald Trampın impiçment prosesinin rəsmiləşdirilməsinə səs verib.

Səs vermədən dərhal sonra ABŞ prezidenti Donald Tramp twitter sosial şəbəkəsində yazdığı mesajın da bunu “Amerika tarixində ən böyük ifritə ovu” adlandırıb.

Respublikaçılar impiçment prosedurunu ədalətsiz adlandırır və prosesin hazırda Nümayəndə Palatasında azlıqdan olan partiyadan sualların verilməsi imkanını məhdudlaşdırdığını bildirir.

Amerikada növbəti prezident seçkilərinə çox vaxt qalmayıb. Bununla belə, prezidentlik müddətinin çoxunu geridə qoyan Trampa qarşı impiçment prosesinin reallaşması yüksək görünmür.

“2020-ci ildə keçiriləcək prezident seçkilərində qələbə qazanacağıma əminəm”. Bu sözləri ABŞ prezidenti Donald Tramp deyib: “Tamamilə əminəm. Sorğulara görə vəziyyət çox yaxşıdır. İnsanlar impiçment haqqında eşitmək istəmir. İmpiçment barədə danışmaq istəyən təkcə yalançı mətbuat və demokratlardır”.

İmpiçment prosesi çərçivəsində yaxın iki-üç həftə ərzində Konqresdə ictimai dinləmələr başlayacaq.

Bu barədə “Fox News”a müsahibəsində Konqresin aşağı palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü Cim Hayms məlumat verib.

“Çox güman ki, ictimai dinləmə iki-üç həftə ərzində başlayacaq. Dəqiq tarixi demək mümkün deyil, çünki ictimai dinləmələrə getməzdən əvvəl daha bir neçə şahiddən ifadələr almalıyıq”, – deyə konqresmen əlavə edib.

ABŞ Konqresinin Nümayəndələr Palatası daha əvvəl Demokratlar Partiyası tərəfindən başlanmış prezident Donald Trampın impiçment proseduru çərçivəsində ilk səsvermə keçirib.

Konqresin aşağı palatası Prezident Donald Trampın impiçmenti məsələsi üzrə demokratların başladığı təhqiqat prosedurunu rəsmi dəstəkləyən qətnaməni bəyənib. Bu təhqiqatlar Nümayəndələr Palatasının ümumilikdə altı komitəsində aparılır.

Qətnamənin lehinə 232, əleyhinə 196 qanunverici səs verib. Sənədin qəbulu üçün 218 nəfərin səs çoxluğu tələb olunurdu.

İmpiçment məsələsinin qaldırılmasına səbəb Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasındakı telefon danışığının mətninin yayılması olub.

Telefon danışığı iyul ayının 25-də baş tutub. Bundan sonra demokratlar bildiriblər ki, Tramp telefon danışığı zamanı Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat Partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib.

İmpiçmentdə ABŞ prezidenti də daxil olmaqla, qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərin vəzifədən uzaqlaşdırması tələb edilir.

Milli Məclisin üzvü, politoloq Aydın Mirzəzadənin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın mürəkkəb siyasi sistemi var. Onun fikrincə, məsələnin bitdiyini söyləmək olmaz.

Aydın Mirzəzadə: “Senat səs verməlidir, Ali Məhkəmə qərarını açıqlamalıdır, ardınca cəmiyyətdə rəy sorğusu keçirilməlidir”

Deputat hesab edir ki, bundan sonra Senat səs verməlidir, Ali Məhkəmə qərarını açıqlamalıdır: “Ardınca Trampa impiçmentlə bağlı cəmiyyətdə rəy sorğusu keçiriləcək. Cəmiyyətin mövqeyi ciddi faktor olacaq. Əgər impiçment əhali tərəfindən dəstəklənsə, proses davam edəcək”.

A.Mirzəzadə düşünür ki, cəmiyyətdən Trampa böyük dəstək gəlsə, impiçment təşəbbüskarları geri çəkilməli olacaqlar: “Tramp prezidentliyi dövründə ölkəsində iqtisadi problemlərə olduqca diqqət yetirdi. Onun üçün Amerikanın daxili siyasəti prioritet idi. Bundan əvvəlki prezidentlərin fəaliyyətinin sonunda reytinqi aşağı düşürdü. Trampla bağlı son rəy sorğuları ilə tanış deyiləm. Lakin onun dolları yüksək saxladığı göz qabağındadır. Nəhayətdə vətəndaş son sözü deyəcək. Amerika vətəndaşı güclü Amerika görmək üçün seçim edəcək. İndiki halda Trampa alternativ namizəd yoxdur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə Trampa qarşı impiçmentin reallaşacağını ehtimal etmir. Onun qəzetimizə dediyinə görə, bu kampaniya seçkiyə hesablanmış addımlardır.

“Məqsəd seçkiqabağı Trampın nüfuzunun aşağı salınmasıdır. Düşünürəm ki, onun reytinqinin aşağı salınması üçün başladılmış bu proses uğurlu olacaq. Trampın növbəti seçkilərdə prezident olmaq şansı aşağıdır”, – deyə partiya sədri vurğuladı.

İqbal Ağazadə: “Bu proses seçkiyə hesablanıb, Trampın növbəti dəfə prezident olmaq şansı aşağıdır”

İ.Ağazadə istisna etmir ki, Respublikaçılar seçkiyə alternativ namizəd çıxara bilər: “Amerika siyasətində nadir hallarda baş verə bilən hadisədir. Amma istisna etmirəm ki, alternativ namizəd çıxarılsın.

Çünki Tramp qeyri-stabil addımlar atdı, qeyri-ardıcıl siyasət yürütdü. Belə hallar Amerika siyasətində olmur.

O isə Suriya, Rusiya, Ukrayna siyasətindəki vədlərində populizmə yol verdi. Ümumiyyətlə, Trampın xarici siyasət kursu dağınıqdır. Daxili siyasətdə uğur müəyyənləşdirsə də, böyük nəticələr etmədi.

Keçici iqtisadi vəziyyətdə maliyyə uğurları qazandı. Amma başqa ölkələrin güclənməsində boşluq buraxdı”.

Politoloq Elxan Şahinoğlu da bu prosesin seçkiyə hesablandığını güman edir. Onun sözlərinə görə, Trampa qarşı müxtəlif faktlar tapmağa başlayacaqlar.

“Amma Amerika tarixində heç vaxt prezidentə impiçment həyata keçirilməyib. Yalnız Riçard Nikson 1974-cü ildə ”Voterqeyt qalmaqalı”na görə istefa verib. Bill Klintonla da bağlı araşdırma olmuşdu, alınmadı.

Elxan Şahinoğlu: “Apardığı islahatlar, miqrantları ölkəyə buraxmaması daxili auditoriyada nüfuzuna müsbət nəticələr verib”

Trampda da alınmayacaq. Üstəlik, inadkardır. Eyni zamanda apardığı islahatlar, miqrantları ölkəyə buraxmaması daxili auditoriyada nüfuzuna müsbət nəticələr verib. Ona görə demokratlar hücuma keçiblər, əvvəlcə onun prezident seçilməsində Rusiya xəfiyyəsinin əli olduğunu dedilər, indi də Zelenski məsələsini ortaya atıblar.

Hər halda, Konqresdə dinləmələr olacaq. Amma “rus qalmaqalı” təsir etmədisə, bundan sonra hansısa faktın Tramp əleyhinə işləyəcəyini düşünmürəm”.

Ekspertin fikrincə, demokatların da seçkidə layiqli namizədi hələ ki yoxdur: “Bayden idi. O da ən böyük rüşvətxordur, oğluna da cinayət işi başlanıb. Bu hadisələrdə reytinqi aşağı düşüb.

Hillari Klinton arabir deyir ki, namizəd ola bilər, o da praktik addımlar atmayıb. Yəni, Trampa qarşı yetkin namizəd ortalığa çıxmayıb”.

Related Articles

+994 50 295 94 79
top