Əzrailin ala bilmədiyi canı “Semaşko”-da “məharətlə” aldılar; Həm də qəzazadə yaxınlarını soya-soya – Şok iddialar

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Ayaq sınığından deyə-gülə əməliyyat otağına aparılan bacımın oğlunu bir daha canlı görə bilməyəcəyimizi nə özü düşünürdü, nə də biz – yaxınları”.

Ovqat.com xəbər verir ki, bu sözləri bacısı oğlunu Bakı 1 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat zamanı itirən Məhəmməd Həsənov əməkdaşımızla söhbətində bildirib.

Şikayətçinin sözlərinə görə, bacısı oğlu Əliyev Eldəniz avqust ayının 17-dən 18-nə keçən gecə Heydər Əliyev prospektində, Sabunçu dairəsinə çatmamış avtoqəzaya uğrayıb. 42 yaşlı Eldəniz idarə etməsini itirərək maşınını dirəyə çırpıb. Maşın kitab kimi əzilsə də, sürücünün sadəcə ayaqları sınıb. 3 gün “Semaşko”da saxlanıldıqdan sonra ayaq sınıqlarını bərpa etmək məqsədilə əməliyyata alınan Eldənizi canlı görmək yaxınlarına bir daha qismət olmayıb.

Acınacaqlıdır ki, qəzazadə əməliyyata deyə-gülə gedirmiş, nə özü, nə yaxınları, nə də onu son mənzilə aparan həkimləri – cərrah travmatoloq Vaqif Rəhimov, anestezioloq Fətəli Fətəlizadə 3 saatdan sonra gələcək qara xəbəri ağıllarına belə sığışdıra bilməyiblərmiş.

Dayısının təbirincə desək, ölüm mələyinin avtoqəzada bacara bilmədiyi can almaq əməliyyatını “Semaşko”-nun həkimləri daha “məharətlə” yerinə yetiriblər. Özü də necə?

Gəlin, həkim səhlənkarlığının 42 yaşlı qurbanının qara tale hekayəsini onun dayısı Məhəmməd Həsənovdan dinləyək:

“O gündən 76 gün kecir. Hadisəni sizə danışmağa çətinlik çəkirəm. Çünki bu, nə bacım oğlunu gerı qaytaracaq, nə övladını itirən ananın, nə həyat yoldaşını itirən gəlinin, nə “qardaş”- deyib hər gün ağlayan bacı-qardaşın, nə də atasızlığın acısını yaşamağa başlayan iki körpə balanın fəryadına, naləsinə dərman olacaq.

Bununla belə, danışmağa məcburam. Yeni qurbanlar olmasın, “ölüm yuvasına” çevrilmiş xəstəxana, oradakı “həkimlər”, onların məsuliyyətsiz, öz peşə şərəfinə sığışmayan hərəkətləri barədə tədbirlər görülsün deyə…

Bacım oğlunun əsl qatili Əzrail yox, Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasıdır; yəni məhşur adıyla Semaşko. Əzrailin avtoqəzada ala bilmədiyi canı, onlar bizim üzümüzə gülə-gülə, cibimizi soya-soya aldılar.

Eldənizin qəzadan sonra oraya aparıldığını eşidəndə əslində dalağım mənim sancmışdı. Çünki bu xəstəxana haqqında saytlar, qəzetlər ancaq mənfi fikirlər yazir. Xəstəxananın pul düşkünlüyü xəstəliyinə tutulan həkimləri öz vəzifələrini də, xəstələrini də, içdikləri Hippokrat andını da unudublar. Oranı rüşvət, ölüm yuvası adlandıranlar yanılmırmışlar”.

Bəs, Məhəmməd kişiyə bu qədər ağır ittihamları dedirdən nədir?

Həmsöhbətimizin dediklərindən:

“Avqustun 17-dən 18-nə keçən gecə, saat 00.30 radələrində mənim bacım oğlu Əliyev Eldəniz Heydər Əliyev prospektində, Sabunçu dairəsinə çatmamış idarə etməni itirərək maşını dirəyə çırpır. Qəzadan sonra təcili yardıma kim zəng edib, bilmirəm. Saat 00:50-də mənə təcili yardım maşınından Eldənizin telefonu ilə zəng gəldi və qəza haqqında xəbər verdilər.

Mən saat 01:30-da artıq 1 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə və travmatologiya şöbəsinə çatmışdım. Onun qardaşı və bir neçə iş yoldaşları orda idilər. Mən qardaşından vəziyyəti soruşdum, dedi ki, huşu özündədir. Həkim travmatoloq Zaur adlı şəxs xəstəni qəbul elədi və dedi ki, sınıqlar var. Bu gecəni qalsın reanimasiyada, şəhər tezdən müayinələr aparılacaq və qərar veriləcək nə etmək lazımdır.

Mən qalxdım reanimasiya şöbəsinə və xəstənin vəziyyəti ilə maraqlandım. Həkim dedi ki, hər şey yaxşıdır. Bəzi dərmanları almaq lazımdır. Siyahı verdi, biz də gedib aptekdən alıb gətirdik. Tibb bacısına verdim. Həkim və xadimələr, tibb bacıları dedilər ki, biz bu gecə ona baxacağıq, bizə hörmət etmək lazımdır. Mən də 20 manat həkimə verdim, dedi: – azdır, hərəsinə 5 manatdan 2 tibb bacısı və 2 xadiməyə əlavə pul verdim. Səhər xəstəni görəndə anladım ki, ona baxan olmayıb. Xəstənin ayağından corabların belə cıxarmayıblar, üzündəki qan ləkələrini silməyiblər.

Səhərisi bazar günü idi. Zaur həkim dedi ki, saat 10- da tomoqrafiya edəcəyik. Tomoqrafiya həkimi gəldi. Xəstəni reanimasiyadan düşürüb gətirdilər tomoqrafiya otağına. Xəstənin ayağında ağrıları çox idi. Döş qəfəsinin tomoqrafiyası oldu, hər iki ayağını rengen elədilər, daxili orqanların ultra səs müayinəsi oldu. Sözsüz ki, hamısına nağd pul aldılar. Tomoqrafiya və rentgen 100 manat, USM 20 manat.

Hamısına cavab aldıqdan sonra Zaur həkim dedi ki, ağ ciyərdə və daxili orqanlarında problem yoxdur. Allah qoysa, sabah yəni ki, avqustun 19-da şöbə müdiri cərrah travmatoloq Vaqif həkim gəlsin, baxsın və qərar qəbul edək.

Avqustun 19- da səhər saat 10- da Zaur həkimlə söhbət elədik. O, bizi tam inandırdı ki, o qədər də böyük problem yoxdur. Hər gün qarşılaşdığımız vəziyyətdir. Mən açıq dedim ki, həkim, əgər lazımdırsa, mütəxəssis dəvət edək. İsrar elədi ki, yox. Mən ona açıq dedim ki, maddi cəhətdən narahat olmayın. Nə lazımdır edəcəyik. Zaur həkim məni əmin etdi ki, narahat olmayın, hər şey yaxşı olacaq…

Sonra getdik şöbə müdiri Vaqif həkimin otağına. Hərtərəfli danışdıq. O, məsləhət gördü ki, sol ayağı, ombanın tomoqrafiyasını edək və əmin olaq ki, orda elə bir problem yoxdur…

Və tomoqrafiya olundu. Əlbəttə ki, pul ilə; 80 manat verdik. Vaqif və Zaur həkim baxdılar və qərara gəldilər ki, sabah, 20 avqustda əməliyyat olunacaq. Qiyməti 2000 AZN.

Ertəsi gün səhər tezdən gəldik xəstəxanaya, 2000 manatı verdim Zaur həkimə. Əməliyyat saat 10-da başlamalı idi. Ancaq, elə alındı ki, səhər tezdən təcili ağır xəstəni (həkimlərin dediyinə görə) əməliyyat eləməli oldular. 20 avqust saat 11-40 da xəstəni apardılar əməliyyat otağına. Xəstənin durumu çox yaxşı idi. Danışıb, zarafat edirdi.

Təqribən, 3 saatdan sonra həkimləri aşağıda gördüm, dedilər ki, əməliyyat uğurla başa çatıb. Biz xəstənin palataya gətirilməsini gözlədiyimiz halda, yarım saatdan sonra əməliyyat otağından oksigen balışı istədilər və həkimləri çağırdılar. “Sizin xəstə deyil”- deyıb, bizi arxayınlaşdırmaq istəsələr də, saat 16.45-də məni otağa çağırıb, laxta qanın tromb yaratdığını və xəstənin vəziyyətinin ağır olduğunu bildirdilər…

Eldəniz əməliyyatda olduğu zaman etdiyim müşahidələrə əsaslanaraq deyə bilərəm ki, o, əməliyyat zamanı dünyasını dəyışmişdi, amma, həkimlər bunu bizə demirdilər. Çünki, mühafizə polisi vəfat edən xəstənin yaxınlarının səs-küy salmaması üçün saat 14.30-dan çağırılmışdı. (bunu biz hələ gec biləcəkdik-həkimlər etdikləri cinayəti ört-basdır edəndən sonra…) Ayaq sınığından əməliyyata götürülən, gülə-gülə əməliyyat otağına girən bacımın oğlunun o cinayət məkanından bir daha gerı qayıtmayacağını nə ozü xəyal edirdi, nə də ki biz yaxınları…

Atrıq cinayətkarlar aradan çıxmışdı. Bizə xəstəmizin keçindiyini xəbər verəndə nə həkimlərə etdiyimiz zənglər açıldı, nə də bizə cavab verən tapıldı. Zaur həkimə on dəfədən artıq zəng elədim. Faydası yox idi (Telefonu açıb etdiyi cavabsız zəngləri göstərir – Ovqat.com).

Tezliklə sağlığına qovuşacağına ümid bəslədiyimiz əzizimizin cansız bədənini götürüb Sabunçu rayon 3 saylı xəstəxana nəzdindəki Tibbi Ekspertiza Şöbəsinə apardıq. İki saat bizi gözlətdikdən sonra, heç bir cavab almadıq və mərhumu məscidə, oradan da rayona-Naxçıvana apardıq. Hələ bu günə qədər, xəstənin hansı səbəbdən vəfat etdiyi barədə tibbi ekspertizadan cavab ala bilməmişik…

Ölüm haqqinda şəhadətnamədə isə səbəb “Sirkə kasasının sınığı” göstərilib. Həkimlərin nə dedikləri, nə yazdıqları, nə də etdikləri bir-birilə üst-üstə düşmür… Tam bir cəfəngiyyat…

Biz Eldənizin ölümündən 28 gün keçəndən sonra xəstəxanaya getdik. Xəstənin adını qeydiyyat dəftərinə salmamışdılar. Səliqəsiz, tör-töküntülü arxiv otağında saat yarım gözlədik. Xəstəlik tarixçəsi barədə sənəd arxivdə yox, bizi ora göndərən baş həkimin müavini Adil həkimin otağında tapıldı. Səbəbini isə belə izah etdilər: “Sənədələri saxlamışıq burda, ay sonu iclasında ölüm səbəbi müzakirə ediləcək”.

Təsəvvür edin, avqustun 20-də vəfat edib, sentyabrın 16-sı getmişık ora. Hələ də ölənin ölüm səbəbı araşdırılmayıb. Səbəbini soruşanda dəhşətə gəldik. Adil həkim laqeyd halda ( sanki olən insan yox, bir qarışqa imiş kimi) dedi:

-Ay ərzində 4-5 nəfər ölən olur, hamısını yığıb, bir yerdə müzakirə edirik(?!)”.

Qeyd edək ki, Eldəniz Əliyevin digər yaxınlarının bildirdiyinə görə, mərhumun ayağında tromblar varmış. Həkimlərin ölümə yol açan səhləkarlıqları əməliyyatqabağı müayinədə bu məqama əhəmiyyət vermədikləri olub.

Ovqat.com

P.S. Qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.

Related Articles

+994 50 295 94 79
top