Ərdoğanla Trampın qalmaqallı gündəmi – ABŞ-ın Suriyadakı strategiyası

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Ahmet Kaplan
“Sendika63.org” qəzeti, Türkiyə, 12 noyabr 2019-cu il

Tramp Türkiyənin YPG ilə bir nöqtədə uzlaşmasını istəyir. Ərdoğan isə kürdlər üçün heç bir demokratik güzəştə getməyəcək, əksinqilab birliyi yaradan bu toqquşmaya son qoymayacaq və cihadçıların gözləntilərinə bu şəkildə qarşılıq verməyəcək. Ona görə də, Ərdoğan Trampın istəyini qəbul edə biləcək vəziyyətdə deyil. Bu, Trampla Ərdoğan arasında başlıca problemdir.

Ərdoğan 13 noyabrda Trampla görüşəcək. Bu görüş “Sülh Çeşməsi” hərəkatı başlayarkən planlaşdırılmışdı. Görüşlərdə müzakirə ediləcək mövzuları Trampın yazdığı “tweet”lərdən də təxmin etmək olar. Tramp Ərdoğanla telefonda danışdığı söhbəti qısaca bildirir və kürdlərlə olan düşmənliyin bitirilməsini qəbul etdiyini xüsusilə vurğulayır. YPG ilə Türkiyənin ortaqlıq etməsi hələ də ABŞ-ın strateji öncəliklərindən biridir.

YPG-nin Əsədlə razılaşması və Suriya ordusunun YPG ilə iş birliyi edərək sərhədə gəlməsi nəticəsində ABŞ-ın Suriyadakı strategiyası tamamilə çökdürmüşdü. Bu vəziyyət ABŞ-da ciddi bir böhrana səbəb olub. ABŞ üçün Suriya müharibəsi böyük bir hegemoniya mübarizəsinin önəmli bir parçasıdır və ABŞ-ın Suriyada tamamilə məğlub olması qlobal hegemoniya iddialarına da zərbə vuracaq. Buna görə də, Nümayəndələr Palatasında “Respublikaçılar” da “Demokratlar”a qoşulub və Trampın əleyhinə onun vəzifədən uzaqlaşdırılması ilə nəticələnəcək qərarlar qəbul etməyə başlayıblar. Əgər Suriyadakı problemləri tezliklə həll etməsə, Trampın axırı yaxşı görünmür.

Bu fiaskonun digər səbəbkarı olan Ərdoğanı da unutmayıblar. Əvvəlcə 24 apreldən əvvəl erməni soyqırımı layihəsini böyük bir səs çoxluğu ilə qəbul ediblər, sonra da Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq edilməsi üçün Trampa layihə təqdim ediblər. Üstəlik bu sanksiyalar paketinin bəzi maddələri də birbaşa Ərdoğanı və yaxın ətrafını hədəfləyir. Əvvəllər Trampın ən böyük dəstəkçilərindən olan Qraham Lindsi indi bu müxalif düşərgəyə rəhbərlik edir. Lindsi yaxın vaxtlara qədər YPG-ni terrorçu kimi qəbul edən bir siyasətçi idi. Görünür, Ərdoğana qarşı olan qəzəbinin kökündə Suriya fiaskosu var.

Ərdoğan bildirib ki, görüş maddələri arasında Suriya, F-35, S-400 və “Halkbank” məsələləri olacaq. Ərdoğan başa düşür ki S-400 və “Halkbank” məsələsi ilə bağlı problemlər və Palatanın sanksiya qərarları Suriya siyasətindən keçir.

ABŞ, Türkiyə və YPG balansı

Tramp sahədəki vəziyyəti düzəltmək üçün əvvəlcə YPG ilə əlaqə yaradıb və bəzi vəd verərək onların Əsədin tərəfinə keçməsinə mane olub. Türkiyənin bölgəni işğal edə bilməsi üçün Suriyadan kənara çıxardığı əsgərləri eyni sürətlə yenidən Suriyaya göndərib, neft bölgələrini işğal edib və buralarda baza yaratmağa başlayıb. Həmçinin, Suriya neftinin gəlirini YPG-yə verdiyi açıqlayıb və onları qoruyacağına da söz verib. Pens və Pompeonu Ankaraya göndərib Ərdoğanı atəşkəs imzalamağa məcbur edib. Yeri gəlmişkən qeyd edim ki, türk ordusunun YPG-yə hücum etməsinin səbəbi Türkiyənin tampon bölgəni 30 km-ya qaldırmaq istəməsi idi. Pens və Pompeo Ankara razılaşmasında 30 km dərinliyi dəstəkləyiblər, hətta Təl-əbyad və Rəsuleyn kimi şəhərləri Türkiyəyə buraxıblar. ABŞ-ın bu fiaskonu düzəldərkən 30 km dərinliyi qəbul etməsi və Təl-əbyad və Rəsuleyni türk ordusuna buraxması onu göstərir ki, bu hədəflər həm də ABŞ-ın hədəfidir. YPG isə bu şəhərləri ABŞ-ın təzyiqi qarşısında buraxmağa məcbur olub. Lakin bu dərinliklə yanaşı, türk ordusunun YPG-yə hücum etməsinə mane olublar. Türkiyə ordusu ABŞ ordusunun geri çəkildiyi yerləri işğal edə bilmədi və oralara Rusiya ilə Suriya yerləşdi. YPG bölgəsi bir həftə ərzində Rusiya-Suriua hakimiyyət bölgəsi, ABŞ hakimiyyəti bölgəsi və Türkiyə ilə Azad Suriya Ordusu tərəfindən işğal edilən bölgə olmaqla 3 yerə bölünüb.

ABŞ Suriya siyasəti baxımından YPG-nin vacib olduğunu başa düşüb. Məsələnin hərbi balansa təsir edən tərəfi bir yana, ABŞ-ın Suriyada əsgər saxlamasını qanuniləşdirən yeganə şey YPG ilə olan siyasi ortaqlıqlarıdır. Buna görə də, ABŞ 1 ildir Türkiyəyə YPG ilə arasındakı problemləri həll etməsini və “kürd dostlarının” qorunmasını diktə edir. Amma bu işin öhdəsindən gəlmək ABŞ üçün heç asan deyil. YPG və Ərdoğan rejiminib ortaq şəkildə işləyə bilməsinin önündə olduqca ciddi siyasi maneələr var. Son hadisələr də bunu yaxşıca göstərdi.

ABŞ YPG-dən imtina edə bilməz. YPG Əsədlə hərəkət etsə, həm hərbi balans ABŞ-ın əleyhinə pozulacaq, həm də ABŞ-ın Suriyada qalması üçün qanuni bir bəhanəsi də qalmayacaq. Amma təkcə YPG ilə də Suriyada hərbi-siyasi hədəflərinə çatması mümkün deyil. Buna görə də türk ordusu var gücü ilə Suriyada qalmalı və lazım gəldikdə YPG bölgesini hərbi cəhətdən qorumalıdır. YPG də bu fikirdədir və əvvəlcə etiraz etdiyi halda, təhlükəsiz bölgəyə Türkiyənin gəlməsinə razı oldu. Etiraz edilən məsələ dərinlik problemidir. Bu nöqtəyə qədər nə Ərdoğan, nə də YPG bu plana etiraz etmir, amma problem tam da bu nöqtədə qarışır.

Ərdoğan YPG ilə toqquşmağa məcburdur

Suriya siyasəti baxımından YPG Ərdoğan üçün lazımlıdır. Nəticədə İdlib əməliyyatı baş tutacaq və növbə Türkiyə tərəfindən işğal edilən bölgələrə, yəni Əfrin və Əl-bab bölgələrinə gələcək. YPG tamamilə Əsədin tərəfinə keçsə, ABŞ-ın Suriyada qalması mümkünsüz olacaq. Əsədlə YPG-nin razılaşdığı maddələrdən biri Əfrinin işğaldan azad edilməsidir. Türkiyə ABŞ-ın olmadığı bir vəziyyətdə Rusiya və İran tərəfindən dəstəklənən YPG-Əsəd ittifaqına qarşı zəfər qazana bilməz. Üstəlik, Suriya və YPG bu müharibəni Türkiyəyə yaymaq üçün əlindən gələni edəcək. Yəni Əfrinə gedərkən Diyarbəkiri itirmək ehtimalı belə var.

Amma Ərdoğanın YPG ilə razılaşa bilməsi də mümkün görünmür. Birincisi, Ərdoğan Suriya müharibəsini “ABŞ-ın qurmağa çalışdığı kürd koridorunu əngəlləyirik” iddiası üzərində formalaşdırıb. Ərdoğan YPG ilə uzun müddətdir ABŞ nəzarətində görüşür. Öcalanla olan görüşləri də sürətləndirmək istəyiblər, hətta Dövlət Baxçalıya qədər bir çox önəmli şəxs bu məsələ ilə bağlı bəyanatlar veriblər, lakin buna baxmayaraq bir nəticə əldə olunmayıb.

Bu məsələdə ikinci və ən önəmli məsələ Ərdoğanın dövlət daxilindəki birliyi kürd düşmənliyi vasitəsilə yaratmasıdır. Son 20 ildir, xüsusilə əksinqilab birliyi daxilində çəkişmələr yaranıb. Bu çəkişmələr 15 iyul çevriliş cəhdi ilə zirvəyə çatıb. Ərdoğan FETO-çuları dövlətdən kənarlaşdırmağı bacarıb, amma bunu müxtəlif əksinqilab qruplarının dəstəyini alaraq bacara bilib. Yəni iqtidarı olduqca kövrəkdir. Bu qrupların birliyi də güclü bir kürd düşmənliyi vasitəsilə yüksəlir. Üstəlik, bu ittifaqdan kənarda qalan bəzi milli kəsimlər də (xüsusilə, “İyi” partiyası, “Saadet” qismən də CHP) müxalifətlərini Ərdoğanın PKK-ya və YPG-yə qarşı kifayət qədər düşmən olmaması üzərindən aparırlar. Bu şərtlər altında Ərdoğanın YPG ilə bir razılaşma əldə etməsi qısa zamanda mümkün görünmür. Diqqətli davranmasa, dövlətin daxilindəki vulkan ocaqları yenidən hərəkətə keçə bilər.

Ərdoğanın çıxılmaz vəziyyəti

Bir başqa problem də Türkiyədə yaşayan kürd xalqı ilə əlaqədardır. Türkiyə dövləti kürdlərə azadlıq və demokratiya verə bilməz. Hazırda HDP-li bələdiyyələrin bir çoxuna qəyyumlar təyin edilib və minlərlə HDP-li həbs edilib. YPG ilə yaxınlaşma nəticəsində ən azından formal şəkildə də olsa, bu insanlar azadlığa buraxılmalı və qəyyumlar da geri alınmalıdır. Lakin Ərdoğanın bu edə bilməsi çox çətindir. İqtisadi böhran o qədər güclüdür ki, Ərdoğanın ən kiçik bir demokratik səhvi bütün ölkədə etirazların kütləvi hala gəlməsinə səbəb ola bilər. Ərdoğan Gezi hadisələrini unutmayıb və xalq müxalifətini gücləndirəcək, kürd və türk əməkçiləri arasındakı yaxınlığı genişləndirəcək və yeni bir Gezi çevrilişi yarada biləcək hər hansı bir addım atmaqdan çəkinir.

Bir başqa problem isə cihadçılardır. Ərdoğan cihadçılara Suriya ilə bağlı söz verib. YPG ilə razılaşmaq cihadçıların bu istəklərinin puç olmasına gətirib çıxara bilər. YPG ilə cihadçıları eyni nöqtədə uzlaşdırmaq olduqca mümkünsüzdür. Bu nöqtədə Ərdoğan cihadçıların silahlı müxalifəti ilə üz-üzə qala bilər. Onsuz da İdlib Ərdoğanın nəzarətindən kənardakı Əl-Nüsrənin əlindədir. Ərdoğan ən azından bəzi cihadçı liderləri kənarlaşdırmağa məcbur qala bilər. Amma əlbəttə ki, təkcə bu kifayət etməz. YPG də siyasi cəhətdən cihadçılara yaxınlaşmalıdır. Yəni YPG ilə yaxınlaşma prosesi həm YPG ilə, həm də cihadçılarla çəkişməli olacaq.

Ərdoğan Vaşinqtona bu şərtlərlə gedir. O, YPG ilə düşmənliyini bitirmək məcburiyyətindədir, amma bunu edəcək qədər gücü yoxdur. Necə etməli olduğunu da bilmir. Digər tərəfdən də ABŞ məclisi Suriya fiaskosunun əvəzini çıxmaq üçün ciddi addımlar atır. Bu durum Trampla Ərdoğan arasında əsas problemdir. Bu, həmçinin, YPG üçün də ciddi bir problemdir.

Tramp və Ərdoğan nəyi müzakirə edəcəklər?

Toplantıya hazırlaşan bəzi ABŞ nümayəndələrinin Ankaraya və YPG-yə getməsi mediaya sızdırılıb. Cefri Ankarada görüşdədir. YPG lideri Məzlum Abdi əvvəlcə ABŞ-la yenidən işləməyə başladığını elan edib (bu, ABŞ imperializmi üçün böyük bir uğurdur). 7 noyabrda atdığı bir “tweet”lə də Təl-əbyad və Rəsuleyndəki etnik təmizləmənin o əngəllənməsi və Penslə Pompeo tərəfindən təqdim edilən razılaşmanın həyata keçirilməsi məsələsində ABŞ və Rusiyaya çağırış edib. Yəni YPG, əslində razılaşmanın şərtlərini açıqlayır. Əgər YPG-nin tələbələri təkcə Təl-əbyad və Rəsuleyn ilə məhdudlaşırsa, onda bunlar çox sadə tələblərdir. Daha öncəki sövdələşmələrdə önəmli yer tutan Əfrin məsələsi yerini hələlik Təl-əbyad və Rəsuleynə verib. Yeri gəlmişkən qeyd edək ki, Məzlum Abdi bu qəsəbələrin yenidən YPG-yə verilməsini istəmir, amma kürd xalqına edilən zülmün və sivil insanların evlərindən qovulmasının dayandırılmasını istəyir. Ayın 13-nə hələ var, amma YPG tələbələrini bu limitdə saxlasa, deməli, Trampın istədiyinə görə düşmənliyi bitirməkdə çox ciddidir. Amma Türkiyənin buna Ərdoğan və Akar vasitəsilə verdiyi cavab YPG-nin 30 km geriyə çəkilmək tələbi irəli sürməsinə səbəb olub. Türkiyə dərinlik məsələsində israrlı olmağa davam edəcək. Bu, ABŞ-ın Suriya siyasətləri üçün də lazımlıdır.

Türkiyə YPG-ni sərhəd boyunca 30 km geri çəkilmək məsələsində təhdid etməyə davam edərkən Tək-əbyad və Rəsuleyndə kürd sivillərinə toxunmamağa söz verə bilər, hətta Əfrinə sivil kürdlərin geri qayıtmasına da icazə verə bilər. Amma mediaya bildirməsələr də, əsas müzakirə ediləcək mövzu Türkiyədə heç bir demokratik addım atmadan YPG-ni öz strategiyalarına necə daxil edəcəkləri məsələsidir. Bunda da əllərindəki köhnə siyasətlərdən başqa heç nə yoxdur. Bu dəfə eyni siyasətləri həm Trampın, həm də Ərdoğanın başı üzərində bir cəllad kimi duran ABŞ Konqresinin qərarlarının kölgəsində tətbiq edəcəklər.

Vaşinqtonda danışılacaq ən önəmli problem isə Türkiyə ilə Suriya arasındakı toqquşmalardır. Türkiyə və Suriya Fəratın şərqində toqquşurlar. Hər iki tərəf də itkilər verir. YPG bölgəsi faktiki olaraq 3 yerə bölünüb. Ərdoğan YPG düşmənçiliyi edərək Suriya qüvvələrinə hücumları artırıb onların əlində bölgələri işğal edə bilər. Amma ABŞ bölgəsindəki YPG-lilərə olan hücumları saxlaya bilər. Əgər Türkiyə Fəratın şərqində olan Suriya qüvvələrini yenidən əvvəlki bölgəyə apara bilsə, ABŞ Konqresinin təzyiqini də azalda bilər. Bu Trampın da xilas olmasına şərait yaradacaq. Ən azından “Respublikaçılar” bu işdən əl çəkə bilərlər. Amma bunun yolu ABŞ-ın Rusiyaya hava dəstəyi verməsindən və YPG-nin bu məsələdə neytral qalmasından keçir. Bunların hər ikisi də imkansız görünür. Bölgədən gələn Suriya əsgərləri ilə olan toqquşma xəbərlərdən bəlli olur ki, Ərdoğan bir xeyli müqavimət göstərir.

Tərcümə PİA.az-ındır.

Related Articles

+994 50 295 94 79
top