“Müğənnilərə özünüz o pulu verirsiniz, sonra da…” – “Vergi qalmaqalı”na cavab

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən keçrilən iclasında deputat Qüdrət Həsənquliyev müğənnilərə tətbiq olunan vergi məsələsinə toxunub. Millət vəkili həmin verginin artırılmalı olduğunu deyib.

“Məcəllədə qeyd olunub ki, video çəkilişlər edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir. Hamımız bilirik ki, elə artistlər var ki, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat?! Bu nə dərəcədə ədalətli vergi qoymadır? Hesab edirəm ki, biz qeyd etdiyim məsələlərə bir də baxmalıyıq”, – deyə Q. Həsənquliyev bildirib.

“Ancaq nəzərə almalıyıq ki, bir mahnının təkcə studiyada yazılması, onun aranjemanı çox böyük bir qiymətə başa gəlir. Həm də nəzərə alınmalıdır ki, müğənnilərin həyat tərzi o qədər də asan deyil. Onların əsas gəlir mənbələri mərasimlərdən əldə etdiyi vəsaitdir. Ansamblda 10-15 nəfər əməkdaşları var, onların da maddi vəziyyəti nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, bu insanların gələcək həyatı sığortalanmayıb. Onların gələcək həyatı səslərindən asılıdır. Akif İslamzadə bizim üçün nümunədir. Onun həyatında səsi ilə bağlı fəlakət baş verdi, yaradıcılığına davam edə bilmədi”, – deyən deputat Novruzəli Aslanov da müğənnilərin müdafiəsinə qalxıb.

Bəs müğənnilərə tətbiq olunan vergi həqiqətənmi azdır. Onun artırılması gözlənilirmi?

Məsələ ilə bağlı İqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. N.Cəfərli “Yeni Sabah”a açıqlamasında müğənnilər üçün 30 manat verginin az olduğunu, lakin bunun rəsmi qaydada tənzimlənməli olduğunu bildirib:

“Əslində dünyanın bir çox ölkələrində şou-biznes nümayəndələri, idmançılar üçün özəl vergi növləri tətbiq olunub. Məsələn, İspaniyada, İtaliyada, İngiltərədə futbolçular ən çox vergi ödəyən kateqoriyaya daxildir. Onlar qonorarlarının az qala 40 faizinə yaxın vergi ödəyirlər. O cümlədən şou-biznes əhlində də eyni qaydadır. Çünki onların qazanclarının, qonorarlarının daha yüksək olduğunu nəzərə alaraq özəl vergi tətbiq etmək mümkündür. Sadəcə olaraq orada  hər şey müqavilə əsasındadır, yəni rəsmi qaydada. Azərbaycanda isə rəsmi fəaliyyət göstərmək üçün bir əsas yoxdur. Kimsə toya müğənni çağıranda onunla müqavilə bağlayırmı? Təbii ki, yox. Ona görə də ilk olaraq müqavilə mədəniyyətini gətirmək lazımdır. Bu yolda müəyyən addımlar atmaq lazımdır ki, müqavilə mədəniyyəti yaransın, bundan sonra real  qazanclar, qonorarlar bilinəcək və ondan sonra vergi tutulması şərtlərini dəyişdirərək həyata keçirmək mümkün olacaq. 

Ekspert bununla bağlı öz təklifini də səsləndirib. O, müğənni ilə toy sahibi arasında müqavilə bağlanılmasını və həmin məbləğdən asılı olaraq, ifaçıdan vergi tutulmasını bildirib:

“Təbii ki, müğənnilər üçün 30 manat vergi çox azdır. Çünki onların ən ucuz getdikləri toy  2-3 min manat olur. 30 manat vergi sözsüz ki, azdır, amma  bunun da bir qanuni yolu olmalıdır. Göydəndüşmə bir rəqəmlə bunu tənzimləmək mümkün deyil. Müqavilə mədəniyyəti olmalıdır. Məsələn, 1000 manatdan 5000 manata qədər bir vergi faizi, 5000 manatdan 10000 manata qədər isə  başqa bir, 10000 manatdan yuxarı qonorar üçün daha yüksək vergi faizi ola bilər. Bunun üçün də rəsmiləşdirilmiş müqavilələrə ehtiyac var. Bu isə açığı, çox çətin görünür. Çünki toy sahibi əgər müğənni ilə  müqavilə bağlayacaqsa, ondan da sual olunacaq ki, “sən o pulu hardan alıb müğənniyə verirsən?” Bu çox dalana dirənmiş bir məsələdir. 

Azərbaycanda ən böyük problemlərdən biri odur ki, gəlirlərin leqallaşması prosesi demək olar ki, baş tutmayıb. Bunun təsdiqi kimi onu da demək olar ki, Gürcüstanda, Ermənistanda rəsmi milyonçular var, amma Azərbaycan kimi  çox varlı bir ölkədə rəsmi milyonçu yoxdur.  Bu onun nəticəsidir ki, Azərbaycanda gəlirlərin rəsmiləşdirilməsi prosesi bu günə qədər demək olar ki, aparılmayıb”. 

Əməkdar artist Cavanşir Məmmədov millət vəkilinin həmin müğənnilərin siyahısını sadalamalı olduğunu deyib: 

“Əvvəla, Qüdrət Həsənquliyev dediyi müğənnilər kimlərdirsə, adlarını açıqlamalıdır. Heç bir halda istər millət vəkili, istərsə qeyri-millət vəkili  olsun, üstüörtülü danışmamalıdır. Millət vəkili xalqın vəkilidir. Onu xalq seçibsə, o da xalqa açıq informasiya verməlidir. Kimdir o qiymətə toylara gedənlər? Onların vergisi ilə də maraqlanmalıdır, əlində sənəd, dəqiq  məlumat olmalıdır. Və pulu onlara kimlər verirsə, onların da adları açıqlanmalıdır. Hansı toyda, kimin toyunda, nəyə görə veriblər, düz ediblər. Hansı müğənni gedib kiməsə güclə deyir ki, gəl məni toya apar? Yəqin ki, toyu olan adam və ya evdəkilər məcbur edib, onlar da həmin müğənnini dəvət edirlər. 

Ancaq,  bir məsələ də var. Toylara o qiymətə bir ilin ərzində iki dəfə fəxri ada layiq görülən müğənni  gedir, yoxsa, 15 ilin əməkdar artisti Cavanşir Məmmədov? Mən 15 ildir əməkdar artist, 25 ildir duet ortağıyam, 45 ildir də sənətdəyəm. Bir adam çıxıb desin ki, Cavanşir Məmmədov mənim toyuma ansamblı ilə 5 minə gəlib. Tək gedib yarım saatı 6-8-10 minə oxuyan müğənnilər var. Onların da  siyahısını desin, onları toyuna çağırtdıranların da siyahısını desin. Soruşsun ki, niyə aparıb bu qədər pulu ona vermisiniz? Hansı səbəbə? Fonoqram oxumağa görə?  Cavanşir Məmmədov və onun kimilər hərbi hissələrə konsertə gedəndə, cibinin pulu ilə onlara yardımlar alanda, hansı millət vəkillərimiz əsgərlərin yanına gediblər? Onların da siyahısını desinlər də. Onları millət səs verib seçibsə, səs verənlər arasında əsgərlər də olub. Həmin əsgərlərin yanına gediblər? Gediblərsə, çıxıb desinlər, xalq da bilsin. Heç olmasa bircə dəfə bizimlə bərabər hərbi hissəyə gedən olubmu? 

Nəyə görə Milli Məclisdə məsələ qaldırmır ki, Cavanşir Məmmədov 45 ildir xidmətlərini edib, Sovet dövründən bəri dünyanın yarısından çoxunda konsertlər təşkil edib, Azərbaycanı qarış-qarış gəzib, bunları deyən yoxdur. Amma hansısa müğənninin toya getməyini müzakirə edirlər. Onlar mənim sənət yoldaşlarımdır və heç bir sənət yoldaşım da güclə kiməsə demir ki, mənə 10 min ver, gəlim yarım saat sənin toyunda oxuyum. Mən  təklif edirəm ki, elə o millət vəkili konsert təşkil etsin hərbi hissələrdə və ya qaçqınların yaşadığı yerdə, götürsünlər bizləri də, musiqiçiləri də gedək konsert verək. Orada mikrofonun arxasında danışmağa nə var ki?  Mən bu yaşımda istəmirəm belə şeylər olsun. Millət vəkilləri  bizim ağsaqqallarımızdır, qardaşlarımızdır, ziyalıdırlar, onlardan belə  şeylər eşitmək olmaz. Xalqa qarşı getmək lazım deyil. Müğənni filan qiymətə gedirsə, adlarını de, vergi vermirlərsə adlarını say, biz də görək ki, kim kimdir. Aparıb özünüz o pulu verirsiniz, sonra da deyirsiniz ki, belə. 500-ü o pulu verir, 501-cinin acığı gəlir. Niyə? O pulu verirsə, özü bilər. Bazar iqtisadiyyatıdır. Bal yarmarkası oldu bu yaxınlarda, biri balı 50 manata satırdı, digəri 10 manata. Özü bilər. Sən hansından istəyirsən, get ondan al. Bazar iqtisadiyyatında tənzimləmə  məsələsi çətin olur.  Hər kəs öz malını satır, özü də qiymət qoyur”.

Yenisabah.az

Related Articles

+994 50 295 94 79
top