“Pul qıtlığı yaranıb” – Ziyad Səmədzadə

loading...
Instagram 413 nəfər oxudu
PAYLAŞ HAMI BİLSİN

“Pul qıtlığı problemi bizi ciddi narahat edir”. “APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, pul qıtlığı məsələsi ciddi müzakirə edilməlidir: “Biz monitorinqlər aparmalıyıq, həmçinin, banklarla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq”.
Komitə sədri əlavə edib ki, iqtisadi fəallığı artırmaq üçün tədbirlər görülməlidir.
***
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. “APA-Economics” xəbər verir ki, iclasda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə edilib.
Komitə sədri Ziyad Səmədzadə deyib ki, qanun layihəsinə bəzi dəyişikliklər edilib.
Milli Məclisin iqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin təklif və iradlar nəzərə alınıb. Onun sözlərinə görə, bu dəyişikliklər qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb: “Qanun layihəsinin bəzi maddələrinə redaktə xarakterli düzəlişlər edilib, qanunun dili sadələşdirilib. Qanun layihəsinin 5.1-ci maddəsi yeni redaktədə verilir. İlkin variantda deyilirdi ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qaydada üçüncü  şəxslərə açıqlanması yüklülüyün etibarlılığına təsir göstərmir. Bu o demək idi ki, yüklülüyün üçüncü şəxslərə açıqlanması könüllü xarakter daşıyırdı. Amma indi bu müddəa daha da konkretləşdirilib, yeni redaksiyada verilir. Təklif olunan redaksiyada deyilir ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə açıqlanması xüsusi yüklülük növləri üçün könüllü, dövlət və bələdiyyə yüklülük növləri üçün məcburi xarakter daşıyır. Qeyd etmək  lazımdır ki, dövlət və bələdiyyə yüklülüyünün növləri qanun layihəsinin 4.2-ci maddəsində göstərilib. Qanun layihəsinin 6.1-ci maddəsi eyni daşınar əmlak üzərində yüklülük sahiblərinin tələblərinin ödənilməsinin növbəliliyini müəyyən edir.  Bu qanuna əsasən hər bir daşınar əmlak bir neçə yüklülük predmeti ola bilər. Bu maddədə tələblərin ödənilməsi baxımından növbə ardıcıllığı müəyyən edilib. Məlumdur ki, pul vəsaitləri də daşınar əmlak olaraq yüklülük predmeti ola bilər. Təklif olunur ki, hesabda olan pul vəsaitləri bu qanun layihəsi ilə müəyyən olunmuş ödəmə növbəliliyindən istisna edilsin və yeni 6.4-cü maddə əlavə edilsin. Həmin maddədə qeyd edilir ki, bu qanunun digər maddələrinin müddəalarından asılı olmayaraq hesabda olan pul vəsaitlərinə yüklülük sahiblərinin tələbləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində müəyyən edilmiş növbəliliklə bağlıdır. Mülki Məcəllənin 965-ci maddəsi isə hesabdan pul vəsaitlərinin silinməsini aşağıdakı  ardıcıllığını müəyyən edir Yəni, burada ilk növbədə həyata və sağlamlığa vurulmuş zərər, aliment tutulması ilə bağlı tələblər ödənilməlidir. İkinci növbədə işçilərin işdən çıxma ilə bağlı əmək haqqının ödənilməsi ilə bağlı tələblər ödənilməlidir. Üçüncü növbədə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar  dövlət fondlarına ödəmələr ödənilməlidir”.
Millət vəkili Əli Məsimli qeyd edib ki, belə bir sənədin qəbulu əhalinin aztəminatlı təbəqəsindən olan hissəsinin kreditə çıxışının asanlaşdırılması baxımından çox vacibdir. O eyni zamanda deyib ki, bu sənəd qəbul olunacağı halda onun gələcəkdə işləməsi üçün ölkədə iqtisadi fəallıq artırılmalıdır: “İqtisadi fəallıq olmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq. Bu baxımdan, ilk öncə ölkədə iqtisadi fəallığı artırmaq lazımdır”.
Ə.Məsimli növbəti dəfə kreditlər üzrə faizlərin yüksək olmasından şikayətlənib: “Axı, 28-30%-lə neçə iş görmək, məsələn, biznes qurmaq olar? Buna görə, hesab edirəm ki, artıq bu məsələyə son qoyulmalıdır. Kredit faizləri yumşaldılmalı, aşağı salınmalıdır. İnsanları, sahibkarları bu cür kredit faizləri altında inlətmək olmaz. Bu məsələyə artıq insaflı yanaşma olmalıdır. Elə bir şərait, mühit yaradılmalıdır ki, banklara axın olsun. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya da çatdırın”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının üzvü İlqar Muradov bildirib ki, millət vəkillərinin təklif etdikləri dəyişiklik texniki xarakterlidir və bu təkliflər nəzərə alınacaq.
Qeyd edək ki, qanun layihəsinə əsasən, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.
Layihə qəbul edilsə, Azərbaycanda vergi, məcburi dövlət sosial sığorta haqları, gömrük borcu olan şəxslər öhdəliklərini yerinə yetirmədikləri təqdirdə onlara məxsus daşınar əmlak üzərindəki mülkiyyət və digər əşya hüquqları məhdudlaşdırılacaq.
Layihədə qeyd olunub ki, daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Vergi orqanı tərəfindən vergi borclarının, onlara hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının vergi ödəyicisinin milli və xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması və ya dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilməsi, vergi orqanı tərəfindən vergi borcları, onlara hesablanmış faizlər və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin siyahıya alınması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin cari, valyuta və digər hesablarından həmin orqanın hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verməsi, gömrük orqanı tərəfindən vaxtında ödənilməmiş gömrük borclarının ödəyicidən tutulması üçün vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericilikdə müəyyən edilmiş qaydalarına uyğun olaraq, banka icra (ödəniş) sənədi verməsi, gömrük orqanı tərəfindən həm mövcud, həm də yarana biləcək gömrük borclarına görə təminat götürməsi dövlət və bələdiyyə yüklülüyünə daxildir.
Qanun layihəsində daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.
Qeyd edək ki, “Daşınar əmlakın yüklülüyü haqqında qanun” layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Başqa sözlə, qanun daşınar əmlakın girov qoyulması əsasında sahibkarların, fiziki şəxslərin maliyyə resursuna çıxışını asanlaşdıracaq. Xüsusi ilə kənd yerlərində əhali daşınar əmlakın girov qoyulması ilə kredit götürə biləcək. Eyni zamanda, qanun layihəsi bankların kreditvermə imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq. Qanun layihəsinə əsasən daşınar əmlakın dövlət reyestrinin yaradılması nəzərdə tutulur. Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək. Ekspertlər hesab edir ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayının 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq.
Layihə II oxunuş üçün Milli Məclisin mayın 2-də keçiriləcək plenar iclasına tövsiyə edilib.

PAYLAŞ HAMI BİLSİN

Maraqlı foto və videoları, şikayət və təkliflərinizi bizə göndərin. Saytla əlaqə: +994 50 295 94 79, yenilikaz@gmail.com

loading...
Loading...
Загрузка...
FİKRİNİ BİLDİR