Səbinə Kətanova təhqirə layiqdirmi?

Səbinə Kətanova təhqirə layiqdirmi? Vayner kimi tanınan Səbinə Kətanova adlı bir xanım müvafiq şəkildə müraciət edib və işsiz kimi qeydə alınaraq 190 manat birdəfəlik yardımı əldə edib. Xanımın özü öz başına iş açıb. Bu barədə məlumatı instaqramda paylaşıb və gündəmi partladıb. Ən maraqlısı budur ki, izləyicilər vayner xanımı təhqir etməyə başlayıblar. Bu arada ƏƏSMN-nin lazım olanda sual verib cavab ala bilmədiyimiz mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, “Səbinə Kətanovanı hüququ yaranmasına baxmayaraq, ehtiyacı olmadan birdəfəlik ödəməni aldığına görə qınayırıq””. Bu arada nazirliyin qınamaq funksiyası olduğunu da öyrəndik. Bütün bunlar öz yerində. Qayıdaq insanların 190 manat aldığına görə vayn çəkən bir xanımı təhqir etməsinə.
S.Kətanova vayn çəkir, nəyisə reklam edir, dolanışığını təmin edir, dövlətin elan etdiyi şərtlərə özünü uyğun bilib müraciət edir və birdəfəlik yardımı da alır. Burda xanımın nə günahı var? Vayner xanımı “asıb-kəsənlər” arasında jurnalistlər də az deyil. Hansı ki, o jurnalistlər illərlə əli həsənovun boyunduruğu altında əziliblər, hüquqları tapdalanıb, təzyiqlərlə, hədələrlə üzləşiblər, amma etiraz edə bilməyiblər. O jurnalistlər ki, dövlətin Jurnalistlər üçün tikib istifadəyə verdiyi 2 binada mənzillərin əksəriyyəti Əli Həsənovun “xeyir-duası” ilə birbaşa onun himayəsində və əlinin altında olan adamlara veriləndə lal-dinməz qalıblar. İndi şərtlərə uyğun gəldiyinə görə 190 manat aldığına görə kimisə qınayırlar. Halbuki Jurnalistlər binasındakı evlərin qanunsuz bölüşdürülməsinə görə təkcə jurnalistlər deyil, hər bir vətəndaş etirazını bildirməyə borclu idi və bu gün də borcludur. Çünki o binalar dövlət vəsaiti hesabına, büdcəyə ödənilən vergilər və digər ödənişlər hesabına tikilib. O binalarda hər bir vətəndaşın haqqı var. Necə ola bilər ki, kimsə dövlətə yox, məhz əli həsənov adlı birinə xidmət etdiyi üçün ev alır?
Bu gün həmin binalarda yaşayan az sayda haqqı çataraq ev alan jurnalistlərin bildirdiyinə görə, bəzi adamlar evlərini kirayə veriblər və bloklarda tez-tez çinlilər, pakistanlılar, bir sözlə hər ölkədən, hər millətdən adam görmək olur. Halbuki o binalarda sırf jurnalistlər olmalı idi. Deməli əvvəldən şərtlər düzgün qoyulmayıb. Həmin binalarda evlərin heç olmasa 10 il müddətinə özgəninkiləşdirilməsinə və kirayə verilməsinə qadağa qoyulmalı idi. O zaman belə hallar yaşanmazdı.
Səbinə Kətanovanı qınayırlar ki, maşını var, 190 manat alıb. Kim hansı maşının yanında şəkil çəkdirdi, özünündür? Lap tutaq ki, özünündür. Ay insanlar, villası, bir neçə yerdə evi olanlar deyilənə görə, Jurnalistlər binasından ev alıb kirayə veriblər, siz 190 manatın davası edirsiz? Bir dənə cümləni düzgün yaza bilməyənlər, öz adını belə balaca hərflə yazanlar jurnalist adı ilə mənzil sahibi olub, 190 manat onun yanında nədir ki? Yeri gəlsə Səbinə Kətanova ehtiyacı olmadan, Bakıda azı 2 evi, villası ola-ola dövlətdən də ev alan “jurnalistlərdən”, bizim haqqımızı tapdalayanlardan, haqq səsimizin Prezidentə, Mehriban xanıma çatmasının qarşısını alanlardan min dəfə kişi adamdır. O heç olmasa aldığını kişi kimi etiraf edib, amma həmin insanlığa yad ünsürlər bu günə kimi çıxıb üzr istəmirlər, əksinə həyasızcasına dirəşməkdə davam edirlər. Baxın indi müqayisə edin, görün mənfi fikirlər kimə yaraşır? 190 manat aldığını etiraf edən Səbinə Kətanovaya, yoxsa bizim haqqımızı oğurlayıb başqasına verən, villası, restoranı ola-ola Jurnalistlər binasından ev alanlar, aldıqları evi kirayə verənlərə? Ümumiyyətlə hansısa məmurun süfrəsinin artığını yeyənlər, vaxtilə canbirqəlb dost olduqları icra başçıları həbs olunanda dərhal kürəyini çevirənlər, 1000-1500 manat maaş alan məmurdan ayda filan qədər maliyyə alıb sayt işlədənlər, sonra da utanmadan peşəkar jurnalistikadan, peşə etikasından-filan dəm vuranlar, vaxtilə ən ağır təhqirləri ünvanladıqları, çirkin niyyətlə üzüyünü belə satmağa hazır olduğunu bəyan edənlər özlərinə nəinki jurnalist, insan deyə bilərmi?

Xanlar Xoca
Geri qayıt