Təbii fəlakətlər sərhəd tanımır: dünyanın ən güclü dövlətləri belə daşqınların qarşısında aciz qalır
Son günlər ABŞ-ın ən böyük və ən inkişaf etmiş şəhərlərindən biri olan Nyu-Yorkda müşahidə edilən güclü yağışlar bir daha göstərdi ki, təbiət qarşısında inkişaf səviyyəsi, iqtisadi güc və texnoloji imkanlar hər zaman həlledici üstünlük yaratmır. Şəhərdə intensiv yağıntılar yolların, metro stansiyalarının və aşağı ərazilərin su altında qalmasına səbəb olub, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb, sakinlərə təhlükəsizlik xəbərdarlıqları edilib.Bu hadisə təkcə ABŞ-a məxsus deyil. Son həftələr Türkiyənin İstanbul şəhərində də qısa müddətdə yağan leysan yağışları küçələri və magistral yolları su altında qoyub, nəqliyyat iflic vəziyyətinə düşüb. Türkiyə meteoroloji xidməti əvvəlcədən xəbərdarlıq etsə də, yağıntının intensivliyi şəhər infrastrukturuna ciddi yük yaradıb.
İtaliyada da son aylarda güclü yağışlar və daşqın təhlükəsi səbəbindən bir sıra regionlarda yüksək səviyyəli hava xəbərdarlıqları elan olunub. Sel və torpaq sürüşməsi riski ilə əlaqədar fövqəladə xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərib.
Əslində, son illərin statistikası göstərir ki, daşqınlar dünyanın ən geniş yayılmış təbii fəlakətlərindən biridir. ABŞ, Almaniya, İtaliya, Fransa, İspaniya, Türkiyə, Çin, Yaponiya kimi inkişaf etmiş ölkələr müasir hidrotexniki qurğulara, güclü meteoroloji xidmətlərə və milyardlarla dollar dəyərində müdafiə infrastrukturuna malik olsalar da, ekstremal yağıntılar zamanı ciddi problemlərlə üzləşirlər. İqlim dəyişiklikləri nəticəsində qısa zaman ərzində normadan dəfələrlə çox yağıntının düşməsi artıq dünyanın müxtəlif bölgələrində adi hala çevrilməkdədir.
Bu baxımdan Azərbaycanda da son günlər intensiv yağışlarla bağlı verilən proqnozlara ciddi yanaşmaq vacibdir. Hava proqnozları təhlükənin qarşısını tam almaq üçün deyil, insanların vaxtında ehtiyat tədbirləri görməsi üçündür. Çünki ən müasir texnologiyalar belə yağışı dayandıra və ya təbiətin gücünü tam nəzarət altına ala bilmir.
Burada mühüm məsələ dövlətin təbii hadisənin özünü dayandırması deyil, onun nəticələrini minimuma endirmək üçün hazırlıqlı olmasıdır ki, Azərbaycan höküməti bu baxımdan əlindən gələni həmişə operativ şəkildə edib. Operativ xilasetmə xidmətləri, riskli ərazilərin müəyyənləşdirilməsi, drenaj sistemlərinin təkmilləşdirilməsi və vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməsi mümkün itkilərin azalmasında əsas rol oynayır.
Bəzən sosial şəbəkələrdə hər hansı daşqın və ya sel hadisəsi baş verən kimi məsuliyyəti tam şəkildə dövlətlərin üzərinə qoymağa, milçəkdən fil düzəltməyə, hər şeyi ancaq mənfi yöndə təqdim etməyə çalışan yanaşmalar müşahidə olunur. Halbuki dünyanın təcrübəsi tamamilə fərqli mənzərə ortaya qoyur. Dünyanın iqtisadi və texnoloji baxımdan ən güclü ölkələri belə leysan yağışları zamanı metro xətlərinin dayanması, yolların bağlanması, yaşayış məntəqələrinin su altında qalması və insanların təxliyəsi kimi hallarla üzləşirlər. Bu, idarəetmənin zəifliyindən daha çox təbiətin ekstremal gücü ilə bağlı reallıqdır.
Təbiət qarşısında heç bir ölkə tam sığortalanmayıb. Mühüm olan riskləri vaxtında qiymətləndirmək, elmi proqnozlara etibar etmək, aidiyyəti qurumların xəbərdarlıqlarına əməl etmək və fövqəladə hallara hazırlıqlı olmaqdır. Çünki təbii fəlakətlərin qarşısını tam almaq mümkün olmasa da, onların insan həyatı və cəmiyyət üçün yaratdığı fəsadları minimuma endirmək məhz hazırlıq, düzgün idarəetmə və vətəndaş məsuliyyəti sayəsində mümkündür.
Xanlar Sətullayev
