Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Onlar təkrar seçkilərə qatıla bilərmi – Qanun nə deyir?

Onlar təkrar seçkilərə qatıla bilərmi – Qanun nə deyir?

Onlar təkrar seçkilərə qatıla bilərmi – Qanun nə deyir?
2020-02-15 , 16:23

Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv olunmuş dairələrin lider namizədlərinin təkrar seçkilərdə iştirak hüququnun olub-olmaması ilə bağlı anlaşılmazlıq yaranıb.


Yenisabah.az xəbər verir ki, lider namizədlərin təkrar seçkilərdə iştirak etmək hüququnun olmadığı barədə iddialar səsləndirilir. Arqument kimi isə Seçki Məcəlləsinin 176-cı maddəsi əsas gətirlir. Həmin maddə isə Milli Məclisə əlavə seçkilərlə bağlıdır.

Seçki mütəxəssisləri bildirir ki, həmin maddə lider namizədlərin təkrar seçkilərdə iştirak etmək hüququnun olmadığını iddia edənlər tərəfindən səhv anlaşılıb. Məsələ burasındadır ki, əlavə seçkilər mandatdan məhrum edilmiş deputatlara aiddir.

Maddənin 5-ci bəndində aydın şəkildə yazılır ki, boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış edə bilməz. Yəni, mandatdan məhrum edilən deputat yenidən seçildiyi dairədə keçirilən əlavə seçkilərdə namizəd kimi iştirak edə bilməz.

9 fevral seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməyib. Deməli, seçkilərdə qalib elan edilmiş şəxslər deputat sayılmır və onların lider olduğu dairələrdə nəticələrin ləğvi mandatdan məhrumetmə hesab edilmir. Bu halda həmin namizədlərin təkrar seçkilərdə iştirakı mümkündür.

MSK fevralın 13-də 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan, 33 saylı Xətai birinci və 35 saylı Xətai üçüncü seçki dairəsində nəticələri ləğv edib. Bu dairələrdə müvafiq sıralama ilə Hadı Rəcəbli, Çingiz Qənizadə, Hüseynbala Mirələmov və Rauf Arifoğlu lider namizəd idi. Adıçəkilən şəxslərdən Çingiz Qənizadə ilə Rauf Arifoğlu təkrar seçkilərə qatılacağını bəyan edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.