Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Çörəyin qiyməti ilə bağlı AÇIQLAMA

Çörəyin qiyməti ilə bağlı AÇIQLAMA

Çörəyin qiyməti ilə bağlı AÇIQLAMA
2021-09-15 , 20:08

Azərbaycanda dünəndən etibarən bəzi çörək növlərinin qiymətində artım müşahidə olunub. Artım xüsusilə “Çörəkçi” və “Nömrə 1” çörək zavodlarının məhsullarında hiss edilib. Lakin heç də bütün istehsalçılar qiyməti artırmayıb.


Oxu.Az qiymətin artmasına səbəb olacaq amilləri araşdırıb.

“Nömrə 1” çörək zavodunun satış müdiri Rahim Nizaməddinov qiymət artımını məhsulun hazırlanmasında istifadə edilən xammalın dəyərinin və daşınma xərclərinin artması ilə əlaqələndirib:

“Daşınma xərclərimiz artıb. Nəzərə almaq lazımdır ki, məhsullarımızı marketlərə və digər obyektlərə yük avtomobilləri ilə paylayırıq. Eyni zamanda biz çörəkləri qablaşdırarkən paketlərdən istifadə edirik və bu malların dəyərində də 20 faizə yaxın artım baş verib.

Hazırda şirkətimizdə 700-ə yaxın əməkdaş çalışır və biz ixtisara getməmək, eyni zamanda digər problemlərlə üzləşməmək üçün 7-8 faiz civarında qiymətləri qaldırmağa məcbur olduq. Hazırda çörək məhsullarımızın qiymətində əsasən 4-5 qəpik, bəzi çeşidlərimizin qiymətində isə 10 qəpik artım var”.

“Çörəkçi” zavodunun məhsullarında qiymət artımına aydınlıq gətirən şirkətin hüquq departamentinin direktoru Akif Abbasov da bunu məhsulda istifadə olunan xammalın dəyəri və logistika xərcləri ilə izah edib:

“İlin əvvəli ilə müqayisədə taxılın qiymətinin artması, eləcə də paketlənmədə istifadə olunan xammalın, daşınma xərclərinin artması qiymət artımına səbəb olub. Digər tərəfdən çalışanlarımızın da əməkhaqqılarını müvafiq səviyyədə saxlamaq üçün qiymət artıma gedilib”.

Paytaxtın ən böyük çörək tədarükçülərindən olan “Bakıxanov” çörək zavodunun icraçı müdiri Elman Bağırov isə hazırda zavod çörəyinin qiyməti ilə bağlı heç bir dəyişiklik edilmədiyini qeyd edib, bununla belə əsas tərkib hesab edilən unun qiymətində kəskin artım olduğu təqdirdə qiymətin dəyişə biləcəyini istisna etməyib:

“Unun qiymətində hər hansı kəskin dəyişiklik olmasa qiymətdə dəyişiklik edilməyəcək. Hazırda isə mağazalardakı çörəklərimizin qiyməti 50 qəpikdən çox deyil və heç bir sahibkarın da məhsulu bu qiymətdən artıq satmağa ixtiyarı yoxdur”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.