Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycandan Avropa Məhkəməsinə şikayətlər: yeni qərarlar veriləcək

Azərbaycandan Avropa Məhkəməsinə şikayətlər: yeni qərarlar veriləcək

Azərbaycandan Avropa Məhkəməsinə şikayətlər: yeni qərarlar veriləcək
2021-10-22 , 19:03

Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 28-də Azərbaycandan şikayətlər əsasında yeni qərarlar elan edəcək.


Bakupost.az xəbər verir ki, Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev bildirir ki, Arzu Səmədbəyli və başqa 5 nəfər 2015-ci ilin parlament seçkisində deputatlığa namizədliklərinin qeydə alınmaması, Mərkəzi Seçki Komissiyasına və məhkəmələrə bu barədə müraciətlərinin təmin edilməməsi motivi ilə şikayət veriblər. Ərizəçilər Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan seçki hüquqlarına müdaxilə olduğunu iddia edirlər.


Mübariz Rəhimli və başqalarının şikayəti də seçki hüququ məsələsi ilə bağlıdır. Ərizəçilərin 2015-ci ilin parlament seçkisində və 2016-cı ildə keçirilmiş təkrar seçkidə deputatlığa namizədlikləri qeydə alınmayıb, ali seçki qurumuna və məhkəmələrə şikayətləri rədd edilib. Onlar Avropa Məhkəməsi qarşısında seçki, səmərəli müdafiə vasitələrinə sahib olmaq hüquqlarının pozuntusunu mübahisələndiriblər.

Elvin Adıyevlə Elçin Namazovun şikayətləri polis əməkdaşının qanuni tələbinə əməl etməmə ittihamı ilə inzibati qaydada cəzalandırılmalarını əhatə edir. Elvin Abdıyev həm də xırda xuliqanlığa görə cəzalandırılıb. 3-15 gün inzibati həbs cəzası almış ərizəçilər məhkəmələrin ədalətli olmamasından şikayətləniblər.

“Yehova şahidləri” dini icmasının üzvləri olmuş Emil Mehdiyev və Vahid Əbilov dini baxışlarına görə həqiqi hərbi xidmət keçməkdən imtina etdikləri üçün 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Avropa Məhkəməsinə dini etiqad azadlığı hüquqlarına müdaxilə iddiası ilə üz tutublar.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.