Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda sərt karantin qaydaları tətbiq olunacaq?

Azərbaycanda sərt karantin qaydaları tətbiq olunacaq?

Azərbaycanda sərt karantin qaydaları tətbiq olunacaq?
2021-10-22 , 19:24

Pandemiya Rusiyanı 1 həftəlik tam qapanmağa məcbur edib. Ölkədə oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günü elan olunub. Rusiya Prezidenti Vladimir Putinin bu qərarı dəstəkləməsinin əsas səbəbi koronavirusa yoluxanların sayının rekord dərəcədə artmasıdır. Ölkədə COVID-19-a yoluxanların sayı 8 milyonu ötüb. Rusiyada son məlumatlara görə, daha 36 339 nəfərin yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 1036 nəfər ölüb. Ümumilikdə bu ölkədə koronavirusdan ölənlərin sayı 227 389 nəfərə çatıb.

 
Rusiya Mərkəzi Araşdırma Epidemiologiya İnstitutunun yaydığı məlumatda “Delta” ştammının yeni variantı olan AY.4.2 aşkarlandığı qeyd olunub. Yeni varinatın geniş yayılacağı istisna edilmir. Dünyadakı önəmli peyvəndlərdən birini- “Sputnik”i yaradan Rusiyanın koronavirusu ram edə bilməməsi müəyyən suallar yaradır.
 
Bəs ölkəmizi belə təhlükə gözləyirmi?
 
Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov nazirliyin “İnstagram” səhifəsində "COVID-19 peyvəndləri" mövzusunda danışarkən 5 milyona yaxın vətəndaşın koronavirus əleyhinə peyvənd olunduğunu bildirib. O, vaksinlərin müşahidə edilən yan təsirlərinin əksər hallarda yüngül dəyərləndirildiyini qeyd edib: “Həmin yan təsirlər maksimum 2-3 sutka ərzində keçib gedir. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə xəstələnmə peyvənd olunmaq üçün əngəl deyil. Vətəndaşın koronavirusa yoluxması rəsmi olaraq qeydiyyata alınıbsa, o, sağaldıqdan 6 ay sonra vaksinasiyadan keçməlidir. Araşdırmalar göstərir ki, vaksinasiyadan və ya xəstələndikdən 6 ay sonra orqanizmdə yaranan immunitet zəifləməyə başlayır. Ona görə də həmin vətəndaşlar virusa yenidən yoluxa bilər. Xəstəlik keçirən peyvənd olunarsa, onda əmələ gələn immunitet daha güclü olar. Koronavirus infeksiyası ilə xəstələnmə peyvənd olunmaq üçün əngəl deyil. Onu da qeyd edim ki, hansısa xroniki xəstəliyin kəskinləşdiyi dövrdə peyvənd vurdurmaq tövsiyə edilmir. Belə olan halda, birinci və ya ikinci doza peyvəndin vurulması bir müddət sonraya saxlanıla bilər”.
 
Həkim-infeksionist Səxavət Xəlilli “Yeni Müsavat”a mövzu ilə bağlı şərh verərkən bildirdi ki, hazırda Covid-19 əleyhinə müxtəlif peyvəndlər istifadə olunur. Bu peyvəndlərin effektivlik dərəcələri də müxtəlifdir: “Buna baxmayaraq bu peyvəndlərin hər birinin xəstəlikdən qoruma, yoluxma baş verərsə, ağırlaşma və ölüm ehtimalını azaltdığı bildirilir. Son günlər Covid-19 virus infeksiyasına yoluxma dinamikasında artım tempi müşahidə olunur. Bu, təkcə, Rusiyada deyil, eyni zamanda başqa ölkələrdə də belədir. Burada müxtəlif səbəblər var: virusun mutasiyaya uğraması, sosial aktivliyin artması, tədris müəssisələrinin fəaliyyəti, fəsil dəyişikliyi, havaların soyuması ilə əlaqədar qapalı məkanlarda toplanma, peyvənd olunmuş insanlarda zamanla qoruyuculuğun azalması və s. Rusiya ilə yanaşı,digər qonşu ölkələrdə də yoluxma dinamikasında artım görürük. Azərbaycanda da artım izlənilir və qarşıdakı günlərdə də bunun şahidi olacağıq. Yoluxmada ən yüksək göstəricilər bizim üçün 4-5 min aralığı, aktiv xəstə sayı isə 62-63 min olub. Digər ölkələrin təcrübəsinə gəldikdə isə, Rusiyada tətil günlərinə başlanılması planlaşdırılır. Burada da məqsəd yoluxma dinamikasını azaltmaq və xüsusilə peyvənd olunmamış insanların peyvəndlənməsinə zaman verməkdir. Qarşıdakı günlərdə yoluxmanın artacağı gözləniləndir. İnsanlara sosial məsafə, maska, gigiyenik qaydalara əməl etməyin vacibliyini bildirmək istərdim. Peyvənd olunmamış və ya 2 doza peyvənd olunmadan 5 ay keçmiş insanların peyvend olunması tövsiyyə olunur. Hazırda dünyada pandemiyadan çıxış yolu qeyd etdiyim qaydalardan keçir”.
 
Həkim-infeksionist Nicat Əzimli də Rusiyada epidemioloji durumun peyvəndləmənin aşağı faizi ilə əlaqələndirdi: “Öncə diqqət etməliyik ki, Rusiyada vaksinasiyadan əhalinin 32.9%-i keçib və bu çox aşağı ədəddir. Bunu nəzərə alaraq, “Sputnik”in effektini Rusiyadakı vaksinasiya ilə ölçmək doğru deyil. Digər bir məqam, vaksinasiya olunmuş əhalinin böyük hissəsinin buster doza vaxtı çatıb və hələ iştirak etməyib. Bu kimi digər faktorlar da diqqətə alındıqda vəziyyətin niyə belə olduğu anlaşılandır”.
 
Mövcud vəziyyət bir çox ölkələri karantin qaydalarına yenidən baxmağa məcbur edib. Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid də ölkədə “Delta”nın yeni variantının yayıldığını bildirib. Hesablamalara görə, AY.4.2-nin yoluxuculuğu “Delta”dan 10-15 faiz çoxdur. Böyük Britaniyada isə son sutka ərzində 49 139 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 589 737 nəfərə çatıb,179 nəfər koronavirusdan ölüb.
 
Çexiyada koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar olaraq epidemiya əleyhinə tədbirləri sərtləşdirmək qərarı alınıb. Xüsusilə, qapalı məkanlarda tibbi maska taxmaq məcburi olacaq.Qonşu ölkələrdə də vəziyyət ürəkaçan deyil. Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 411 yoluxma halı qeydə alınıb, 29 nəfər ölüb. Türkiyədə isə son sutkada 214 nəfər ölüb.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.