Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Jurnalistə hücum məmur özbaşınalığıdır, kobudluqdur, zorakılıqdır" - DSX mayoruna etirazlar artır

"Jurnalistə hücum məmur özbaşınalığıdır, kobudluqdur, zorakılıqdır" - DSX mayoruna etirazlar artır

"Jurnalistə hücum məmur özbaşınalığıdır, kobudluqdur, zorakılıqdır" - DSX mayoruna etirazlar artır
2021-12-02 , 16:30

Ötən gün Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistə hücum edib. 


Hadisə tanınmış jurnalist, "Baku.TV”-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.

Hadisə ilə bağlı video sosial şəbəkələrdə yayılıb. Belə ki, Rövşən Cahangirov jurnalisti itələyib və ərazidən uzaqlaşdırmaq istəyib. Bu zaman canlı yayım edən operatora isə yumruq atıb.

Tanınmış media mütəxəssisi, professor Qulu Məhərrəmli AZXEBER.COM-a açıqlamasında məsələyə münasibətini bildirib. 

O, bildirib ki, bu cür hərəkətin adı məmur özbaşınalığıdır:

 
"Bu cür hərəkətlərin bir adı var, bu da məmur özbaşınalığıdır, kobudluqdur, zorakılıqdır. Öz vəzifəsinin məsuliyyətini dərk etməyən bir insanın jurnalistə qarşı təzyiq etməsidir. Bu hadisəni yalnız pisləmək lazımdır. Həmin şəxsi cəzalandırmaq lazımdır ki, jurnalistlərlə bu şəkildə davranış olmasın. Düzdür, bəzən jurnalistlərin də xoşagəlməz hərəkətləri olur. Amma bununla yanaşı məmur, müəyyən mənada vəzifə tutan şəxslər öz hisslərini cilovlamağı bacarmalıdır. Məsuliyyət hiss etməlidirlər və əlbəttə ki, davranışlarında ciddi etik davranış qaydalarını gözləməlidirlər. Bu, arzuolunmaz hadisədir və mən bu hadisənin tirajlanmasından ehtiyatlanıram. Çünki jurnalist öz vəzifəsini yerinə yetirir, o, prosedə məlumat almalıdır və onun normal çalışması üçün şərait yaradılmalıdır”. 

Qulu Məhərrəmli qeyd edib ki, jurnalistə hücum edən şəxs cəzalandırılmalıdır:

"Bu gün həmin şəxs cəzalandırılmasa, sabah başqa jurnalistlərə də o şəkildə hücum ola bilər. Biz demirik ki, buna görə kimisə işdən uzaqlaşdırsınlar, amma müvafiq qurumlara, rəhbərlərə, həmin media ilə işləyən şəxslərə izah etmək lazımdır ki, jurnalistin işi məlumat toplamaqdır və bu işdə ona mane olmaq olmaz. Jurnalistlə kobud davranmaq olmaz, ona hücum çəkmək olmaz. Hər kəs öz işini görür, jurnalistin də işi məlumat toplamaqdır. Bu cür halların baş verməsi biabırçılıqdır".

Bəs qanunda bu cür hallara qarşı hansı addımların atılması nəzərdə tutulur? 

Hüquqşünas Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında bildirib ki, məmur jurnalistin peşə fəaliyyətinə mane olub:

"Onun hərəkətlərində jurnalistin qanuni peşə fəaliyyətini yerinə yetirərkən ona müdaxilənin əlamətləri var. Bu da inzibati pozuntudur və onun tutduğu vəzifə ilə əlaqədar intizam məsuliyyətinə cəlb olunması üçün əsas ola bilər. Burada intizam tənbehi tədbirlərinin tətbiq olunması əsası yaranıb. İntizam tənbehi də əmək fəaliyyəti ilə bağlıdır. Həmin idarə, müəssisə və ya təşkilat bu əməllə bağlı olaraq işçiyə intizam xarakterli tənbeh tətbiq edə bilər. 

Çünki, jurnalist orada qanuni peşə fəaliyyəti ilə məşğuldur. Əgər hər hansı bir şəxs adi telefonla xəbərdarlıqsız bunu edirsə, o zaman təhlükəsizlik və s. baxımından buna müdaxilə edilə bilər, çünki onun jurnalist olması bəlli deyil. Amma orada ki, çəkilişi həyata keçirənin, canlı yayım edənin jurnalist olması bəllidirsə, ona müdaxilə etmək olmaz. Bu hadisə də açıq hava şəratində olub, şəxsi toxunulmazlıqdan söhbət getmir və ictimai tədbirdir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.