Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Aslan İsmayılov: "20 yanvar haqqında "matəm", "faciə", "məğlub olduq" fikirlərini əsla qəbul etmirəm"

Aslan İsmayılov: "20 yanvar haqqında "matəm", "faciə", "məğlub olduq" fikirlərini əsla qəbul etmirəm"

Aslan İsmayılov: "20 yanvar haqqında "matəm", "faciə", "məğlub olduq" fikirlərini əsla qəbul etmirəm"
2022-01-20 , 19:24

"20 yanvar haqqında "matəm", "faciə", "məğlub olduq" fikirlərini əsla qəbul etmirəm. Hesab edirəm ki, bu gün tarixlər boyu ən şanlı, fəxarətli, qəhrəmanlıq nümunəsi olan gün kimi bu yolda canından keçən, tankın qarşısına qocası, qadını, körpəsi ilə əliyalın çıxan millətimin yaddaşlarında qalacaq, Azərbaycan xalqının qürur mənbəyi olacaq. Məhz bu gündən SSRİ kimi qüdrətli bir imperiyanın süqutu başladı. Ona görə də 20 Yanvar haqqında qara gün kimi danışmaq ən azından həmin günlər ölümü göz önünə gətirib, müstəqil olmaq üçün onu sevə-sevə qəbul edənlərə qarşı hörmətsizlikdir".



Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.


A.İsmayılov qeyd edib ki, 20 yanvarı, həmin gün şəhid olanları fəxrlə, sevə-sevə yada salmaq lazımdır: "Ancaq bu əhval ruhiyyə Azərbaycanın müstəqilliyini əbədi edə bilər. Əks fikir isə, bunu bilə-bilə tirajlayanların arzuladığı kimi, hökmən müstəqilliyimizin yenidən itirilməsinə gətirib çıxaracaq. Bu istiqamətdə isə saysız-hesabsız işlər görülüb. 20 Yanvar Sovet qoşununun Azərbaycana dəvət edilməsinə sevinənlər bu gün də yüksək kürsülərdə, Milli Məclisdə əyləşib, var-dövlət sahibinə çeviriliblər. Əminəm ki, bunlar təsadüfi edilmir. Bu yolla millətin əzmini, mübarizlik ruhunu öldürmək istəyirlər ki, öz əməllərini davam etdirsinlər. Buna isə yol vermək olmaz və əminəm ki, olmayacaq. 20 Yanvar gününü hər bir Azərbaycanlı hər dəfə fəxr, qürur mənbəyi kimi yada salmalıdır ki, bu milləti saymayanlar, müstəqilliyimizə qəsd etməyə hazırlaşanlar üçün həmin gün matəm günü olsun! Bilsinlər ki, hər kəs bu millətlə hesablaşmağa məcburdur! 20 Yanvar bizim yaddaşlarımızdan silinməyib və bu günlər SSRİ-nin müasir formalarını xalqımıza sırımağa can atanlar bilsinlər ki, onlar heç nəyə nail ola bilməyəcəklər. Qarabağ müharibəsi sübut etdi ki, xalqımızın tarixi yaddaşı olduqca güclüdür və heç kimi, heç nəyi unutmur!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.