Deputatlar Novruz bayramını harada keçirirlər? — SORĞU

Sabah Azərbaycanda Novruz bayramı qeyd olunacaq. Maraqlıdır, Milli Məclisin deputatları Novruz bayramını necə və harada qeyd edəcəklər?
Demokrat.az deputatlar arasında sorğu keçirdib.
Milli Məclisin deputatı Tahir Rzayev bayramda Azərbaycanda olacağını söyləyib:“Əlbəttə ki, Novruz bayramını Azərbaycanda qeyd edəcəyəm. İndi Bakıdayam, ancaq sabah təmsil olunduğum və mənim üçün doğma olan Ağcabədiyə gedəcəyəm. Orada təbii ki, bir neçə şəhid ailəsinə baş çəkəcəyəm və onlarla keçirəcəyəm. Bundan başqa, əzizlərimlə görüçəcəm, onların yanında olacam. Bir neçə gün rayonda olacam və sonra yenidən Bakıya qayıdacam. Burada işlərimi davam etdirəcəm. Əlbəttə ki, Novruz bayramı bizim üçün əzizdir. Bu gün insanların arasında olmaq, onları sevindirmək, şəhid ailələrini ziyarət etmək, qazilərimizə sağlamlıq arzulamaq hər bir insanın borcudur. Özü də şərəfli borcudur. Ona görə də, istərdim ki, Azərbaycan xalqı bu bayramı ən yüksək səviyyədə qeyd etməyə nail olsun. Çünki cənab Prezidentimiz də qeyd etdi ki, biz artıq ikinci ildir ki, torpaqlarımızı düşməndən azad etmişik və belə bir xoşbəxt şəraitdə Novruz Bayramımızı qeyd edirik. Əlbəttə ki, bu qürur doğurucu haldır. 30 il biz torpaq həsrətini çəkdik, bayramlarımızı qəmlə, kədərlə qeyd etdik. Bir gözümüz yaşlı olsa da, bir gözümüz daimi sevincli oldu. Şükürlər olsun ki, Qarabağ torpaqları azaddır. Qarabağ torpaqları öz bayramını qeyd edir. Qarabağ torpaqları insanları qucağına, qoynuna səsləyir. Bu gün Qarabağ torpaqlarında əsl bahardır. Artıq o torpaqlar münbitləşdirilir,baharlı-bəhərli bir məkana çevrilir. Əlbəttə ki, bir azərbaycanlı kimi bu bizim hər birimizi sevindirir. Dünya azərbacanlılarını, Türk dünyasını sevindiriir. Çünki biz qalib xalqıq! Bu gün Novruz bayramını qalib xalq kimi qeyd ediriksə, bizim yaşamağa, bizim fərəhlənməyə haqqımız var”.
Deputat Vüqar İskəndərov bildirib ki, Novruz bayramını ata yurdu Şəkidə ailəsiylə birlikdə keçirdəcək: “Həmişə olduğu kimi, bu dəfə də bayramı Şəkidə keçirdəcəm. Amma martın 20-si parlamentin xətti ilə Şimali Kipr Respublikasına səfərə gedirəm. Orada Azərbaycan diasporasının təşkilatçılığı ilə Novruz tədbirləri keçiriləcək. Çox böyük əlamətdar bir tədbirdir. Tədbir martın 23-ü bitəcək və ondan sonra doğma vətənimə qayıdacam. Qayıtdıqdan sonra Şəkiyə gedəcəm və ailəmlə birgə bayramımızı qeyd edəcəyəm”.
Elman Nəsirov da bayramı ailə üzvləri ilə birgə qeyd edəcək deputatlardandır: “İlk olaraq bütün Azərbaycan xalqını bizim üçün əziz olan Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz bayramı günü Cəlilabadda valideynlərim yanında olacam və bütün ailə üzvlərim ilə birlikdə Novruz bayramını keçirəcəm. Əslində, belə imkanlardan hər zaman istifadə edib, rayonda seçicilərimlə sıx ünsiyyət qururam. Təbii ki, tətil müddətində də seçicilərimlə görüşüm olacaq və onların da bayramını təbrik edəcəm”. Deputat Cavid Osmanov isə Novruz tətili günlərinin bir hissəsini Bakıda, bir hissəsini isə doğulub, boya-başa çatdığı və parlamentdə təmsil etdiyi Ağdaş rayonunda keçirdəcəyini vurğuladı: “Elə də böyük tətil keçirtmək fikrim yoxdur. Ancaq ailəmlə birlikdə Ağdaşda bayramı qeyd edəcəyəm. Ondan sonra Bakıya qayıdacam və işimlə, gücümlə məşğul olacam”.
Gənc deputatlarımızdan olan Naqif Həmzəyev Novruz bayramını Şimali Kiprdə keçirəcəyini diqqətə çatdırdı: “Şimali Kipr Cümhuriyyətində Azərbaycan diasporası tərəfindən Novruz şənlikləri təşkil olunacaq. Milli Məclisdən də deputatlarımız ora dəvət olunublar. Həmçinin, Türkiyə Böyük Millət Məclisinin də deputatları bu Novruz şənliyinə qatılacaqlar. Mən də Novruzun iki gününü orada qeyd edəcəm. Daha sonra Azərbaycanda ailəmlə birlikdə Novruz tətilini keçirdəcəm”.
OXŞAR XƏBƏRLƏR