Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » MİDA 5 SANİYƏYƏ 500 MƏNZİLİ NECƏ SATIR? - "Bu sahədə qaranlıq məqamlar kifayət qədər çoxdur”

MİDA 5 SANİYƏYƏ 500 MƏNZİLİ NECƏ SATIR? - "Bu sahədə qaranlıq məqamlar kifayət qədər çoxdur”

MİDA 5 SANİYƏYƏ 500 MƏNZİLİ NECƏ SATIR? - "Bu sahədə qaranlıq məqamlar kifayət qədər çoxdur”
2022-03-30 , 19:42

Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin əldə edilməsi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Layihənin əsas məqsədi aztəminatlı və gənc ailələrin güzəştli şərtlərlə mənzil əldə etmələri üçün şərait yaratmaqdır.

Qeyd edək ki, müsabiqədə MİDA-nın sistemində elektron kabinetə sahib olan yaşı 35-dən aşağı olan gənclər və yaşından asılı olmayaraq müəyyən tələblərə cavab verən şəxslər iştirak edə bilər.
Vətəndaşlar bu mənzillərə iki yolla - ipoteka kreditindən istifadə etməklə və öz vəsaitləri hesabına ödəniş üsuluyla sahib ola bilərlər.
Dövlət sifarişi əsasında tikilən bu mənzillər isə tam təmirli şəkildə vətəndaşlara təklif olunur. Müsabiqənin keçiriləcəyi tarix 1 ay öncə MİDA-nın rəsmi saytında yerləşdirİlir. Daha sonra təyin olunmuş tarixdə onlayn yarış formatında müsabiqə təşkil olunur və mənzillər satışa çıxarılır.
Elə bütün problemlər də məhz bundan sonra başlayır. Müsabiqənin formatına əsasən, yarışda iştirak edən vətəndaşlardan daha cəld seçim etmək tələb olunur.
Bu müsabiqədə eyni anda illərlə arzuladığı mənzilə sahib olmaq istəyən minlərlə vətəndaş iştirak edir. Ancaq göz açıb qapayanadək bitən bu yarışmada bir çox vətəndaş bu arzusuna çata bilmir. Ona görə də müsabiqənin formatından narazı olanların sayı hər ötən gün bir qədər də artır. İştirakçıların sözlərinə görə, satışa çıxarılan mənzillərin böyük əksəriyyəti 5-10 saniyə ərzində satılır. Nəticədə də həm vətəndaşların bu müsabiqəyə inamı azalır həm də MİDA ətrafında korrupsiya şübhələri artmağa başlayır.

Müsabiqənin keçirilmə qaydasına görə, mənzil seçimi edən şəxs müvafiq xanaları doldurmalı, müxtəlif seçimlər etməli və sonda “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodunu yazmalıdır. Bu qədər prosesin tamamlanması üçün ən yaxşı halda 15-20 saniyə vaxt lazımdır.
Amma necə olursa MİDA-nın təşkil etdiyi müsabiqədə mənzillər 5-10 saniyə ərzində taməmən tükənir.
MİDA-nın güzəştli mənzillərlə bağlı Yasamal rayonundakı yaşayış kompleksi üzrə keçirilən növbəti yarışda iştirakçıların əksəriyyəti bir neçə saniyə ərzində evlərin yoxa çıxmasından şikayət edirlər.
Vətəndaşlar 500-ə yaxın mənzilin müəmmalı şəkildə 4-5 saniyədə satıldığını deyirlər.

MİDA-nın son statistik məlumatında da qeyd olunur ki, son yarışda iştirakçılardan biri 12 saniyə ərzində seçim edərək güzəştli mənzil qazana bilib. MİDA-nın qaliblərin adını ictimaiyyətə açıqlamaması, yarışmanın tv və ya internet üzərindən canlı yayımlanmaması, milyonlarla vəsait hesabına hazırlanan MİDA-nın rəsmi saytında müsabiqə keçirilən vaxt donma və geçikmələrin baş verməsi isə şübhəli məqamlarına sadəcə bir hissəsidir.
Qeyd etdiyimiz qeyri-şəffaf nüanslara görə, vətəndaşlar arasında MİDA-nın əvvəlcədən bu mənzilləri müxtəlif şəxslərə satması və bəzi işbazların qanunsuz yollarla satınalmalara müdaxilə etməsi kimi şübhələr yaranmağa başlayır.
Bütün bu iddialarla bağlı MİDA-ya sorğu ünvanlasaq da, qurumdan cavab ala bilmədik.

Bu barədə apardığımız araşdırma əsasında məlum oldu ki, sözügedən sahə tamamilə xakerlərin və dələduzların gəlir mənbəyinə çevrilib. Hətta vəziyyət o yerə çatıb ki, insanlar güzəştli mənzilə sahib olmağın yeganə yolunu xaker köməyi və texniki dəstək almaqda görürlər.
Msabiqəyə az bir zaman qalmasına baxmayaraq, iştirakçıların əksəriyyəti hələ də sosial şəbəkələrdə xaker, proqramçı, İT mütəxəssisi və sürətli internet təklif edən obyekt axtarışındadır. Müşahidələrimizə görə, Bakıda sürətli internet təklif edən belə məkanların əksəriyyəti artıq 1 ay öncədən rezerv edilib.
Bu mövzuyla bağlı İT mütəxəssisi Cavid Qurbanov “AzPolitika.info”-ya bildirib ki, bu sahədə 500-7 min manat aralığında xidmət göstərən xakerlər mövcuddur: “Ümumiyyətlə istənilən onlayn müsabiqədə uğur qazanmaq üçün 2 şərt tələb olunur- sürətli internet və cəld işləmək bacarığı. Özünü xaker adlandıran bəzi şəxslər bu bacarıqlarından istifadə edərək əlavə proqram olmadan da vətəndaşlara mənzil seçimində kömək edə bilirlər”.

Ekspert qeyd edir ki, daha təcrübəli mütəxəssislər isə sistemdəki boşluqlardan istifadə edərək, “xüsusi botlar” və “Auto clicker” vasitəsilə daha keyfiyyətli xidmət təklif edirlər: “Təbii ki, belə mütəxəssislər bunun üçün daha yüksək məbləğlər tələb edirlər. Çünki bu üsulla iştirakçının mənzil almaq şansı bir qədər artmış olur. Hazırda MİDA-nın tətbiq etdiyi ikili “CAPTCHA” kodlaşdırması bu proqramların qarşısını ala bilmir. Hesab edirəm ki, onlayn platformada təşkil olunan müsabiqələrə kənar müdaxilələrin olmaması üçün qurum daha güclü texniki bazaya sahib olmalıdır”.
Qeyd edək ki, MİDA-nın güzəştli sosial evlər üçün tələb etdiyi məbləğ və ödəniş şərtləri isə o qədər də əlçatan hesab olunmur. Məsələn, MİDA-nın 30 mart tarixində Yasamal Yaşayış Kompleksində satışa çıxardığı 442 mənzilin ödəniş şərtlərinə nəzər salaq. MİDA bu kompleksdə 1 otaqlı mənzili - 33 222 manata, 2 otaqlı mənzili - 53 941 manata, 3 otaqlı mənzili - 69 084 manata, 4 otaqlı mənzili isə 91 770 manata təklif edir. İpoteka krediti ilə mənzil alan şəxslər bir otaqlı mənzil üçün ayda 143-145 manat, iki otaqlı mənzil üçün 232 manat, üç otaqlı mənzi üçün 297-314 manat, dörd otaqlı mənzil üçün isə 394 manat pul ödəməlidir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, MİDA-nın təyin etdiyi qiymətlər bir çox ailənin büdcəsinə uyğun hesab oluna bilər“Məsələn, müqayisə aparsaq Yasamalda Şərifzadə küçəsində yerləşən mənzilin bir kvadratmeri 1500 manatdan başlayırsa, bu ərazidən 700-800 metr aralıda ASAN xidmətin arxasındakı MİDA-ya məxsus binalarda mənzillərin bir kvadratmetri 900 manatdan təklif olunur. Ancaq təbii ki, bu mənzillərin sahəsi digər evlərlə müqayisədə daha kiçik və yığcam olur. Bu mənzillərin bu formada hazırlanması aztəminatlı kateqoriyaya aid olan vətəndaşlar üçün daha əlçatan olmasıyla əlaqədardır. Hazırda Yasamal ərazisində iki otaqlı mənzillərin qiyməti 140 min manatdırsa, MİDA-da bu evlər 40-50 min manata təklif olunur”.
Ekspert qeyd edir ki, məsələnin əsas problemli tərəfi mənzillərin satışı və şərtlərlə bağlıdır: “Müsabiqənin elektron formatda keçirilməsi və mənzillərin çox qısa vaxt ərzində satılması vətəndaşları qane edə bilməz. Satışa çıxarılan mənzillər bir neçə saniyə ərzində satılır. Bu səbəbdən bir çox vətəndaş dəfələrlə bu müsabiqədə iştirak etsə də, ev qazana bilmir. Onu da qeyd edim ki, bu sosial bir layihə olduğu üçün vətəndaşlar yalnız bir dəfə güzəştli şərtlərdən yararlana bilərlər. Nağd formada 50-60 min manat qarşılığında mənzil alanlara gəlincə, bu komplekslərdə çox vaxt özəl şirkətlərə məxsus mənzillər də olur. Bəzi vətəndaşlar güzəştli ipoteka əvəzinə, güzəştli qiymətlərdən istifadə edərək mənzili nağd şəkildə alır və bu yolla büdcəsinə qənaət etmiş olur”.
Beynəlxalq təcrübədə isə bu proses Azərbaycanla müqayisədə daha ədalətli və şəffaf təşkil olunur. Müəyyən dəyişikliklərədn sonra Azərbaycanda da bu prosesi daha şəffaf formada təşkil etmək olar. Məsələn, müsabiqə növbəlilik prinsipi əsasında aparıla bilər. Və ya kənar müdaxilələrin qarşısını almaq üçün müsabiqədə iştirak edənləri eyni binada prosesə cəlb etmək də mümkün variantlardan biridir.
Hər halda ümid edirik ki, MİDA vətəndaşların etirazlarını nəzərə alaraq, gələcəkdə daha ədalətli və uğurlu müsabiqələr təşkil etmək üçün lazımi dəyişikliklərə gedəcək...
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.