Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Akademiyada yeməkxana kitabxanadan ucuzdur” - QALMAQAL

"Akademiyada yeməkxana kitabxanadan ucuzdur” - QALMAQAL

"Akademiyada yeməkxana kitabxanadan ucuzdur” - QALMAQAL
2020-03-06 , 11:47

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Kitabxanasında qiymətlərin 150 manata qaldırılması söz-söhbətə səbəb olub.


“Yeni Müsavat”ın verdiyi məlumata görə, xüsusən tələbələrin sosial mediada etirazlarını bildirməsi səs-küy yaradıb. Onlar bu məbləğin tələbənin imkanları xaricində olduğunu qeyd edirlər. Çünki akademiyanın kitabxanasına gələn tələbələr heç də varlı ailələrin övladları, avtomobillə universitetə gedənlər deyil, əksəriyyəti əyalətlərdən paytaxta oxumağa təşrif buyuranlar, şəhərdə kirayə evlərdə yaşayanlardır. Onların isə gündəlik xərcləri, ehtiyacları o qədər çoxdur ki, ayda 100-150 manat da kitabxanaya xərcləmək ağır yükdür.

Tibb Universitetinin tələbəsi Gülzar Qamboyzadənin sözlərinə görə, onlar oxumaq üçün şəraitin azlığından əziyyət çəkirlər: “Əvvəllər illik ödənişi 5 manat olan AMEA kitabxanası əvvəlcə qiyməti 100 manata, bu yaxınlarda isə 150 manata qaldırıb. İndi aylıq ödəniş 15 manat olub. Həmçinin əvvəl aylıq ödənişə 27 iş günü daxil idi, indi isə bunu 20 günə endiriblər. Sadəcə, oturub dərs oxumaq üçün 20 günə 15 manat ödəməliyik, bu isə tələbələr üçün kifayət qədər böyük məbləğdir”.

Bu məsələnin sosial şəbəkələrdə daha çox müzakirə edildiyi bir vaxtda AMEA-nın Elmi Kitabxanasının direktoru Leyla İmanova vəzifəsindən azad edilib. Bəzi saytlar onun işdən çıxarılmasını məhz qiymətlərin bahalaşması ilə əlaqələndirirlər. Ancaq onun vəzifədən çıxarılmasından sonra da kitabxanada tariflər dəyişməyib.

Sonuncu dəfə 2017-ci ildə kitabxanaya girişin illik qiyməti 5 manatdan 20 dəfə qaldırılaraq 100 manat edilmişdi.

Həmin vaxt AMEA rəsmisi bunun səbəbini akademiyanın mühafizə sisteminin gücləndirilməsinə görə xərclərin artması ilə izah etmişdi.

İndi isə AMEA qiymətin 150 manata qalxmasını belə əsaslandırır ki, çox da böyük olmayan büdcədənkənar vəsait kitabxananın maddi-texniki bazasının gücləndirilməsinə və əməkdaşların sosial müdafiəsinə yönəldilir.

Üstəgəl, AMEA belə izah edir ki, gündəlik kitabxanadan istifadə xərci ictimai nəqliyyatdakı xərclə eynilik təşkil edir.

Sitat: “Qiymətlərin yüksək olmasına gəldikdə isə, hazırda tətbiq edilən aylıq və illik abunə qiymətlərinə əsasən, oxucu 1 kitabxana gününə 0,62 AZN ödəyib 12 saat ərzində kitabxanadan limitsiz istifadə etmək hüququnu əldə edir. Xidmətlərin sahəsini və məzmunu müqayisə etmək niyyətindən uzaq dursaq, bu, başqa sahələrdə, məsələn, şəhərdaxili sərnişindaşıma xidmətlərinin tarifləri ilə müqayisədə çox aşağıdır.

Belə ki, gün ərzində şəhər nəqliyyatına bir gediş və bir qayıdışa ödənilən 0,6 AZN ilə gün ərzində limitsiz 12 saatlıq kitabxana xidmətlərinin ödənişi təxminən eynidir".

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov isə bu qərarla razılaşmır. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda kitabxanalardan istifadə heç 1 faiz deyil.

K.Əsədov tələbələrin cəmi 10 faizinin kitabxanadan istifadə etdiyini söyləyir. Təhsil eksperti hesab edir ki, məbləğin 150 manata çatdırılması absurd addımdır: “Azərbaycanda 54 universitetin kitabxanaları, habelə, Mərkəzi Kitabxana var. Ölkədə bakalavr və magistr təhsili alanlar 165 min nəfərdir, kolleclərdə 24 min tələbə var. Onların cəmi 10 faizi kitabxanadan istifadə edir”.

K.Əsədovun fikrincə, biz cəmiyyət olaraq onsuz da kitabxanadan uzaqlaşmışıq: “Belə bir qərar verilməsi kitabxanadan daha da uzaqlaşmağımıza gətirib çıxaracaq. Halbuki onlayn şəkildə kitab almaq, kompüterə endirib oxumaq olur. Məsələn, Amerikada, hətta Afrikada bu xidmətlər daha yaxşı təşkil edilib. Azərbaycanda isə onlayn kitabxana bir yana, heç Mərkəzi Kitabxanada kitablar yoxdur. Və olanlar ya yararsızdır, ya da 33 faizini köçürməyə icazə verilir”.

K.Əsədovun sözlərinə görə, kitabxana işçisinin maaşı tələbənin təqaüdündən 3 dəfə artıqdır: “Kitabxana işçiləri büdcədən maaş alır, bu mərkəzlərin saxlanma xərcləri, bazası dövlətdən maliyyələşir. Yalnız o halda kitabxana xidməti ödənişli ola bilər ki, hansısa nadir mənbə var, məsələn, Romadan, Londondan və yaxud Drezdendən gətiriblər.

Ancaq bizim kitabxanalarda hansısa nadir tapıntılar da yoxdur. Bu mənada qiymətin qaldırılması təhsilin əlçatımlılığına əngəl olacaq. Ümumiyyətlə, kitabxana pulsuz xidmət göstərən mərkəzdir".

Ekspert universitetlərin tələbələri kitabxana ilə təmin etməyə borclu olduğunu da yada saldı: “Bu necə ali məktəbdir ki, tələbəsi akademiyanın kitabxanasına gedir? Mən Türkiyənin ucqar Şırnak, Hakkari, Mardin, Şanlı Urfa kimi əyalətlərindəki universitetlərin kitabxanalarını görmüşəm.

Eyni zamanda Adıyaman, Tokat, Diyarbakır kitabxanalarına baxın, adam dəhşətə gəlir. Bizdə isə büdcə vəsaiti hesabına çap olunan kitabları pulla verirlər. Digər tərəfdən, tələbə həm nəqliyyata pul xərcləyib kitabxanaya gedəcək, həm də kitabxanaya ödəniş edəcək. Bu da təhsilin inkişafına, kadr yetişdirilməsinə əngəldir.

Ona görə də həmin məbləğ ya dəfələrlə azaldılmalı, ya da ləğv olunmalıdır. Hətta deyərdim ki, bu gün akademiyada yeməkxana qiymətləri kitabxanadan daha ucuzdur".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.