Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bu nazirlik nifrət ünvanına çevrilib” – Deputatdan qalmaqallı açıqlama

“Bu nazirlik nifrət ünvanına çevrilib” – Deputatdan qalmaqallı açıqlama

“Bu nazirlik nifrət ünvanına çevrilib” – Deputatdan qalmaqallı açıqlama
2022-04-28 , 12:14

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının Milli Məclisin bir gün öncə keçirilən iclasında çıxışı qalmaqala səbəb olub. Belə ki, deputat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) çağırış edib, nazirlikdən izahat tələb edib: “Çıxın televiziyaya, xalqa deyin ki, pensiyanızı biz kəsmişik. Biz nə günahın sahibiyik ki, hamı deputatın üstünə düşür? Bizi hər yerdə buna görə təhqir edirlər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin deputat Fəzail Ağamalıya cavabı isə gecikməyib. Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov açıqlamasında bir sıra arqumentlər gətirib və deyib ki, deputat populist çıxışlar edir: “Millət vəkili Fəzail Ağamalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən guya pensiyaların kəsilməsi barədə parlamentdə səsləndirdiyi iddia məsuliyyətsiz yanaşmadır. Əlilliyə görə pensiya və ya müavinət əlillik müddəti ərzində verilir. Həmin müddət bitmədiyi halda sosial ödənişin dayanması halı baş vermir”.
Tərəfin bir-birini günahlandırdığı bu məsələ iki gündür ki, sosial şəbəkələrdə müzakirə edilir, tənqidlər səsləndirilir. Bəziləri deputatın haqlı olduğunu bildirib, pensiyaların kəsilməsindən narazılığını ifadə edib. Bəziləri isə Fəzail Ağamalını qərəzli münasibətdə günahlandırıb.
“Yeni Müsavat”ın müxbirinə danışan Fəzail Ağamalı deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə kölgə salmaq niyyətində deyil: “Bu mənim düşüncələrimə, fəaliyyətimə yaddır. Çalışmışam ki, məsələlərə obyektiv yanaşım. 
Əslində bu gün problem əhali ilə ƏƏSMN arasında yaşanır. Kiçik araşdırma aparsanız görərsiniz ki, vətəndaşların müxtəlif platformalarda narazılığı ən çox ƏƏSMN ilə bağlıdır. Millət vəkili kimi bizə digər strukturlardan çox nadir hallarda şikayətlər gəlir. Bu gün vergi, özəlləşmə, sahibkarlıqla bağlı millət vəkillərinə demək olar ki, şikayətlər daxil olmur. Olsa da, çox az olur. 4-5 il bundan qabaq belə deyildi. 
İndi isə ən çox şikayət ƏƏSMN ilə bağlı daxil olur. Nazirlik görülən işlərlə bağlı kifayət qədər izahat vermədiyinə, ayrı-ayrı strukturlarında iş peşəkar səviyyədə qurulmadığına görə insanlar, hətta onlara qarşı ədalətli münasibət bəsləyəndə belə, bunu ədalətsiz qərar kimi qəbul edirlər. Ona görə də uşaq pulunu qaldıran, pensiyalardan məhrum edilənlər nazirlikdən onları inandıra biləcək cavabı ala bilməyəndə Milli Məclisə, deputatlara üz tuturlar. 
Bir də dövlətin, millət vəkillərinin ünvanına xoşagəlməz sözlər deyirlər. Bu baxımdan çıxış edərək dedim ki, pensiyalar kəsilirsə, bunun izahatı verilsin, səbəbləri göstərilsin. Nəyə görə biz bu tənqidləri, təhqirləri götürməliyik?! Axı hər hansı vətəndaşın müavinətinin təyin olunması, pensiyanın təyin və ya ləğv edilməsi Milli Məclis üzvlərinin səlahiyyətinə daxil deyil. 
Nazirliyin səlahiyyətində olan məsələlərdir və onlar buna peşəkar formada cavab verməlidirlər. Niyə nazirliyin əməkdaşları yerlərdə, rayonlarda insanlarla canlı görüşlər keçirmirlər, məsələləri elektron şəkildə həll edirlər?! Rayonlarda, kəndlərdə pensiyaçıların internetdə izahat yazmaq imkanı varmı? Yoxdur! Ona görə rayonlarda canlı görüşlər keçirməlidirlər, insanlar arasında izahat işləri aparmalıdırlar. Görsünlər ki, insanlar onları necə qarşılayacaqlar. 
Bu gün nazirlik mərhəmət ünvanına deyil, nifrət ünvanına çevrilib. Bu, bizi narahat edir. Bunlara cavab vermək əvəzinə nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov yaşından fərqli açıqlama verir, məni məsuliyyətsizlikdə və populizmdə ittiham edir. Məncə, bu, təkcə onun sözü deyil, həm də nazirin sözüdür. Əgər nazirin sözü deyilsə, onda çağırıb tənbeh etməlidir. Millət vəkili peşəkar sual verib, peşəkar cavab verin. Emosional cavaba nə ehtiyac var?! 
İşimizi-gücümüzü atıb, qalmaqalla məşğul olmalı deyilik ki. Mən bunun tərəfdarı deyiləm. Fikrimcə, hansısa səbəbdən pensiyalar dayandırılırsa, buna ədalətli yanaşma olmalıdır, obyektiv yanaşılmalıdır. Neqativ hallara yol verilməsin. Cəmiyyətdən bizə çatdırılır ki, orada neqativ hallar var”.
Deputat qeyd edib ki, pensiya təyin olunanların əksəriyyəti 60 yaşdan yuxarıdır və onların iş qabiliyyəti kifayət qədər məhduddur: 
“Ola bilsin ki, indiki meyarlara görə onlar pensiya ala bilməzlər. Amma onlar başqa planetdən gəlməyiblər ki, onlara da müavinət verilməlidir, hansısa bir yolla dəstək olmalıdır. Bu adamın iş qabiliyyəti yox, pensiya da almır. Xəstə adamdır, dərmanını, evinə çörəyini alsın. Bu da yoxdur. Nəyə görə bunlar Allahın ümidinə qalmalıdır. Minlərlə belə insan var. Mən bu məsələni qaldırmışam, kifayət qədər ədalətli bir mövqedəyəm. Bu vətəndaşlara araşdırılıb, müavinət verilməlidir”. 
https://yenisabah.az/134624/bu-nazirlik-nifret-unvanina-cevrilib-deputatdan-qalmaqalli-aciqlama

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.